Muhəmməd Dibacın Bülbülə kəndindəki İmamzadədə dəfn olunduğuna dəlalət edən faktları bir də nəzərdən keçirək:

– Azərbaycan, İran və Əfqanıstanda Muhəmməd Dibaca aid edilən ən azı yeddi türbə vardır. Bu isə onun məhz 818-ci ildə vəfat etməsi barədə məlum rəvayəti şübhə altına alır.

– Muhəmməd Sadiqin Bülbülədə dəfn olunması barədə məlumat birmənalı və konkretdir. Muhəmməd Dibac ibn Cəfər Sadiqin Bastamdakı dəfni isə az qala ən kiçik təfərrüatı ilə nəql olunsa da, sonrakı məlumatlar bu əhvalatı bir qədər “bulandırır”.

Belə ki, Muhəmməd Səğir ibn Cəfər Sadiqin, Abdullah ibn Cəfər Sadiqin, Muhəmməd ibn Abdullahın, Həsən ibn Zeydlə, Muhəmməd ibn Zeydin də məzarlarının həmin türbədə yerləşməsi barədə rəvayətlər vardır.

– Xəritəyə diqqət yetirsək görərik ki, Muhəmməd Dibaca aid edilən Qəzvin (Qəzvin ostanı), Dibac (Semnan ostanı), Bastam (Semnan ostanı), Azadşəhr (Gülüstan ostanı), Şiligan (Rəzəvi Xorasan ostanının Dibac dehistanı), Herat (Əfqanıstan) türbələrini bir-birinə bənzədən, onları Bülbülə türbəsindən fərqləndirən bir cəhət vardır.

Sözügedən altı türbənin hamısı coğrafi baxımdan eyni xətt üzərində (və ya bir yolun üstündə) yerləşir. Belə təsəvvür yaranır ki, onlar Muhəmməd Dibacın sürgünə aparılarkən dayandığı və buna görə də sonradan müqəddəs sayılmış yerlərdir.

– Muhəmməd Dibacın adı ilə daha çox əlaqələndirilən ərazi İranın Semnan ostanıdır. Bu isə onun əlaməti ola bilər ki, seyidi sonuncu dəfə məhz burada görmüşlər. Semnan şəhərindən Bakıya qədər quru yolla məsafə təxminən 1032 kilometrdir.

Bu məsafə kifayət qədər uzun görünə bilər. Üstəlik, IX əsrdə sözügedən marşrutun böyük bir hissəsi sıx meşələrdən, yüksək dağlıq ərazidən, yırtıcı heyvanların və quldurların tüğyan etdikləri yerlərdən keçdiyinə görə çox təhlükəli sayılırdı. Amma bir məsələ də vardır ki, İranın həmin bölgəsindən Abşerona dəniz yolu ilə də gəlmək mümkün idi. Bu halda səfər daha təhlükəsiz, məsafə isə ən azı iki dəfə qısa olurdu.

– Səfəvi şahları müqəddəs məkanlarla bağlı məsələlərə kifayət ədər ciddi yanaşırdılar. Sözsüz ki, Bülbülədə məhz İmam övladının dəfn edildiyini göstərən dəllillər olmasaydı, Səfəvilər bu kompleksin inşasına icazə verməzdilər. Amma eyni zamanda nəzərə almalıyıq ki, İranın Şiliqan kəndindəki Dibac türbəsi də Səfəvilər zamanında tikilmişdir.

Bülbülədə İmamzadənin dəfn olunduğunu Abbasqulu Ağa Bakıxanov qeyd etmişdir. O, ilkin mənbələrə və faktlara istinad edən bir alim idi. Şübhəsiz ki, bu məsələdə də A.Bakıxanov ağızdan-ağıza ötürülən rəvayətlərə deyil, ən azı türbə üzərindəki yazılara əsaslanmışdı.

Sovet hökuməti türbəni 1937-ci ildə elə dağıtmışdı ki, ondan bir daş kitabədən başqa heç nə qalmamışdır. Məntiq bunu deyir ki, həmin kitabə türbə üzərinə həkk olunmuş, lakin dövrümüzə gəlib çatmamış yazıların yalnız bir fraqmentidir.

– Ağızdan-ağıza gəzən rəvayətə görə, türbədə Muhəmməd Sadiq adlı İmamzadə dəfn olunmuşdur. Zənnimizcə, bu rəvayətin kökü qədim zamanlara – IX–XII əsrlərə deyil, çox-çox sonralara – XX əsrin əvvəllərinə gedib çıxır. Yəqin ki, türbə üzərindəki yazılarda onu inşa etdirənlərlə yanaşı, burada kimlərin dəfn olunduğu da göstərilmişdi. İmamzadə Muhəmməd Sadiq adı da kənd camaatının yadında məhz həmin yazılardan qalmışdır.

– Bülbülədə dəfn olunmuş İmam övladının adı Muhəmməd Sadiqdir. Muhəmməd adı və Sadiq ləqəbi Muhəmməd Dibacın öz adına (Muhəmməd) və onun atasının ləqəbinə (Sadiq) uyğundur.

– İmamzadə Muhəmməd Sadiq Bülbüləyə Abbasilərin təqibindən qaçıb gəlmişdi. İmam Muhəmməd Bagirin nəvələrinin bir hissəsi, o cümlədən, Muhəmməd Dibac ibn Cəfər Sadiq, İmamın qızı Ümmi Sələmənin oğlu İsmail ibn Muhəmməd və digərləri Abbasilərə qarşı 815-ci il üsyanında iştirak etmiş və buna görə şiddətli bir şəkildə təqib olunmuşdular.

Nəticə. Şübhəsiz ki, Bülbülə İmamzadə Kompleksində Məsum İmamların övladlarından biri dəfn edilmişdir. Belə qənaətə gəlmək olar ki, o, İmam Cəfər Sadiqin oğlu Muhəmməd Dibacdır.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

1-сü hissəyə keçid linki: https://millikimlik.az/2022/5497/

2-сü hissəyə keçid linki: https://millikimlik.az/2022/5530/

3-сü hissəyə keçid linki: https://millikimlik.az/2022/5536/

Write A Comment