Seyid Muhəmməd ibn Cəfər Sadiq Abbasi xəlifəsi Məmuna (786–833) qarşı 815-ci ildə baş vermiş Məkkə üsyanının əsas rəhbərlərindən biri olmuşdu. Üsyançılar onu İslam xəlifəsi elan etmişdilər. Xəlifə Məmunun qoşunu ilə döyüşlərdə böyük qəhrəmanlıq göstərsə də, sonradan dağlıq ərazidə mühasirəyə düşmüşdü.

Muhəmmədin dəstəsinin su ehtiyatı tükəndiyindən, tərəfdarlarını xilas etmək üçün müqaviməti dayandırıb xəlifə ilə danışıqlara başlamışdı. Abbasilər onun adamlarına aman versələr də, özünü Hicazdan sürgün etmişdilər.

Bir məlumata görə, Muhəmməd ibn Cəfər Sadiq 818-ci ildə Gurganın (İran İslam Respublikasının Semnan ostanının) Xəzər sahillərindən 30 kilometr aralıda yerləşən Bastam şəhərində öz əcəli ilə vəfat etmişdi. Guya onun cənazə namazını xəlifə Məmunun özü qılmışdı.

Haşiyə. Xəlifə Məmun qəddar və kinli, amma eyni zamanda hiyləgər, ağıllı və tədbirli bir siyasətçi idi. O, rola girməyi, insanları aldatmağı, onlarla manipulyasiya etməyi yaxşı bacarırdı.

Məsələn, İmam Rzanı (765–818) şəhid etmiş, sonra isə “qüssə və kədər içində” ona matəm saxlamışdı. İmama bağlılığını nümayiş etdirmək üçün onu öz atası xəlifə Harunun (766–809) məzarının yanında dəfn etdirmişdi. Halbuki Məmunun qəlbində nə öz atasına, nə də İmam Rzaya məhəbbət vardı.

Bastam türbəsi bugün Dai əl-Kəbirin qəbri kimi də tanınır. Tarixdən bildiyimiz kimi, bu ləqəbi deyləmilərin məşhur əmiri Seyid Həsən ibn Zeyd (?–884) daşımışdır. Deməli, Seyid Həsənin də məzarı oradadır.

Yeri gəlmişkən, apardığımız araşdırmalardan birində bu qənaətə gəlmişdik ki, Kiyev Rus dövlətinin qurucusu knyaz Rorik (?–879) məhz Seyid Həsən ibn Zeydlə müharibədə məğlub və həlak olmuşdu. Həsən ibn Zeydin qardaşı – 900-cü ildə Samanilərə qarşı döyüşdə şəhadətə yetmiş Dai əl-Səğir ləqəbli Muhəmməd ibn Zeydin də məzarı Bastamdadır.

İslam tarixinin tanınmış araşdırıcısı Natiq Rəhimovun qeydlərinə nəzər salaq:

“Bastam şəhərindəki İmamzadə Muhəmməd türbəsini Muhəmməd Dibacın adı ilə bağlayırlar. Amma başqa bir ehtimala görə, orada Muhəmməd Dibac deyil, onun qardaşı Muhəmməd Səğir dəfn olunmuşdur (Bastamda torpağa tapşırılmış şəhid Muhəmməd ibn Zeydin də ləqəbi Dai əl-Səğir idi – A.Ş.). Bu türbəni İlxani hökmdarı Qazan xan (1271–1304) inşa etdirmişdir.

Digər məlumata əsasən, Bastamdakı türbə Muhəmməd Dibaca və ya onun qardaşı Muhəmməd Səğirə deyil, İmam Cəfər Sadiqin digər oğlu Abdullah Əftaha aiddir. Belə bir rəvayət də vardır ki, bu məzarda Abdullah Əftahın özü deyil, onun oğlu Muhəmməd basdırlmışdır.

Başqa bir gümana görə, Muhəmməd Dibacın türbəsi İranın Qəzvin şəhərində, digər ehtimala əsasən, Azadşəhr şəhərindədir. Həmçinin İranın Dərgəz şəhristanının Şiligan kəndində də Dibac ziyarətgahı adlı türbə mövcuddur. Həmin türbə Səfəvilər zamanında tikilmişdir. Muhəmməd Dibaca aid edilən bir türbə də Əfqanıstanın Herat şəhərindədir.

Dibac ziyarətgahı adlı daha bir məşhur türbə isə Gurgan yaxınlığındakı Semnan ostanındadır. Onu 984-cü ildə Buveyhilər dövlətinin (945–1055) vəziri, alim, şair və mesenat Sahib ibn Əbbad (938–995) inşa etdirmiş, 1242-ci ildə – Çingiz xanın (1155–1227) oğlu Quyuq xanın (1206–1248) zamanında moğollar dağıtmışdılar. İlxani hökmdarı Ulcaytu sultan (1278–1316) həmin məzarın üzərində yeni türbə tikdirmişdi. Daha çox ehtimal olunan budur ki, Muhəmməd Dibacın əsl məzarı məhz buradadır”.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

1-сü hissəyə keçid linki: https://millikimlik.az/2022/5497/

3-сü hissəyə keçid linki: https://millikimlik.az/2022/5530/

4-сü hissəyə keçid linki: https://millikimlik.az/2022/5543/

Write A Comment