Pul dedikdə ağlımıza adətən dairəvi sikkələr gəlir. Amma XVI–XVIII əsrlərdə Hind okeanı və Ərəb dənizi boyunca dövr edən lari heç də adi sikkəyə bənzəmirdi. O, saç sancağına, bəzi bölgələrdə isə balıq qarmağına oxşayan əyri gümüş çubuq formasında idi.

Adını Qızılbaş dövlətinin Lar şəhərindən alan lari yalnız yerli pul deyildi. Ərəbistan, Hindistan, Şri-Lanka və Maldiv adalarının limanlarında beynəlxalq ticarətdə geniş istifadə olunurdu. Buna görə onu haqlı olaraq “dənizlərin pul vahidi” adlandırmaq olar.

➡️ Larilərin beynəlxalq ticarətdə istifadə edilməsinin səbəbi olduqca maraqlıdır.

Əvvəla, müxtəlif ölkələrin tacirlərinə hər limanda başqa valyutanı dəyişmək və hesablamaq ehtiyacını azaldırdı. Digər tərəfdən, larinin hazırlanması adi sikkələrdən daha sadə və ucuz idi: gümüş məftili əymək və üzərinə nişan vurmaq kifayət edirdi.

Lari həm də gümüşün keyfiyyəti və beynəlxalq səviyyədə dəyərinin qəbul olunması sayəsində, tacirlər üçün etibarlı ödəniş vasitəsinə çevrilmişdi. Larilər çox vaxt dəstələr halında bağlanır və çəki ilə alınıb-satılırdı. XVI əsrdə 5 lari 1 qızıl əşrəfiyə dəyişdirilə bilirdi.

Lari müxtəlif bölgələrdə fərqli formada hazırlanırdı. Şri-Lankada balıq qarmağı formasında zərb edilir və Portuqaliya sikkələri ilə yanaşı istifadə olunurdu. Maldivlərdə isə kauri qabıqları ilə birlikdə dövriyyədə idi.

💬 XIX əsrin ortalarında yaşamış yazıçı François Pyrard de Laval belə yazırdı:

“Ən yaxşı gümüş Hörmüz vasitəsilə Persiyadan uzun sikkələr şəklində gətirilir. Bunlara larin deyilir. Hindistanın sənətkarları bu gümüşü çox yüksək qiymətləndirir və ondan böyük fayda əldə edirlər, çünki bu, işləmək üçün çox təmiz, saf və yumşaq gümüşdür.”
Ser Con Şarden isə larinin Qucaratdakı Xambat limanında və Malabar sahilində əsas pul vasitələrindən biri olduğunu qeyd etmişdi.

➡️ Bəs sonra nə oldu?

XVIII əsrdən etibarən lari tədricən dövriyyədən yoxa çıxdı. Bunun dəqiq səbəbləri barədə araşdırmalar məhduddur. Ehtimallardan biri Avropalı tacirlərin öz pul sistemlərini bölgəyə daha geniş şəkildə gətirməsidir.

Beləcə, əsrlər boyu Səfəvi dövlətindən Hindistana, Ərəbistandan Maldivlərə qədər uzanan ticarət yollarında dolaşan bu qəribə formalı gümüş pul tarixə qarışdı.

İstinad: livehistoryindia.com/story/art-history/larin-the-currency-of-the-seas

Write A Comment