
Milli kimliklə maraqlanan tarixçilərimizə və tarixi konsepsiyalarla çıxış etmək iddiasında olanlara XX əsrin ən dərin düşüncəli sosial antropoloqlarından biri olan Entoni Smitin kitablarını oxumağı tövsiyə edirəm.
Əsrin sonunda Qərbdə “milli tədqiqatlar” sahəsinin aparıcı iki qanadı olan “modernist” və “konstruktivist” düşüncələrin dərin böhran keçirdiyi dövrdə Smitin “ethnie” (etnik özək) və “etnosimvolizm” konsepsiyaları etnogenez tədqiqatları sahəsində inqilabi effekt doğurur.
Ethnie (etnik özək): Smit sübut edir ki, müasir millətlər heç nədən (ex nihilo) yaradıla bilməz. Əksinə, onlar “ethnie” adlanan, modern dövrdən daha əvvəl mövcud olmuş qədim etnik icmaların bazasında formalaşırlar.
Etnosimvolizm – simvollar və miflər: Bu toplumların da müqəddəs saydıqları simvollar, miflər, qəhrəman əcdad dastanları, ana dillərinin sakral statusu və müqəddəs Vətən kimi simvolları onların modern dövrdə məhz əlahiddə müasir millət kimi formalaşması üçün olmazsa olmaz təməl yaradır.
Mədəni davamlılıq: Smit millət konsepsiyasının və siyasi hərəkat kimi millətçiliyin müasir fenomen olmasını qəbul edərək, böyük faktoloji material əsasında göstərir ki, millətlərin emosional və mədəni təməlləri dərin tarixi köklərə malikdir. Bir millət ona görə çiçəklənir ki, o, öz əcdad etnosundan ortaq mənşə miflərini, tarixi yaddaşı, simvolları və dəyərləri miras alır.
Bu prosesin ən azından 1000 illik (millennia) dövrə ehtiyacı olsa da, onun pik nöqtəsi məhz orta əsrlərin dini-siyasi və ideoloji proseslərində axtarılmalıdır.
Azərbaycan türklərinin tarixinə baxdıqda, bizim uzun əsrlik (ən azı son 1000 il ərzində) tariximizdə cərəyan edən etnogenez prosesi, siyasi hərəkatlar və dini-ideoloji cərəyanların inkişafının pik nöqtəsi, yəni Smitə görə toplum (tayfa, qəbilə) halından ethnie (etnik özək) halına keçidi məhz Qızılbaşlıq hərəkatında öz təcəssümünü tapmışdır.
Smitin dili ilə desək, bu baxımdan Qızılbaşlar (əcdad ethnie) proto-Azərbaycanlılardır.
Bu baxımdan Qızılbaş hərəkatı və Qızılbaş dövləti Azərbaycan millətinin və milli dövlətinin dərin kodlarındakı arxetipləri əks etdirir.
Məhz buna görə Qızılbaşların ilk şahı olan Şah İsmayıl da Azərbaycan milli kimliyinin olmazsa olmaz simvoludur.
Məhz buna görə Şahın adı ilə bağlı olan tarixi hadisələr, ana dilimizin dövlət dili statusu və Qızılbaş “ethnie”sinin etnik və mənəvi dəyərləri Azərbaycançılıq məfkurəsinin ayrılmaz qurucu elementləridir.
Məhz buna görə Şah İsmayıl həm də Azərbaycanın keçmişinin deyil, böyük gələcək üçün bu dəyərləri və ortaq tarixi azərbaycanlılarla bölüşən nəhəng mənəvi qohumluq coğrafiyasına təsirimizin və yüksəlişimizin simvoludur.
P.S. Qərbin rasionalist nəzəriyyələrindən xüsusi məst olanlar üçün onu da qeyd edim ki, Dr. Smit millətlərin formalaşması sahəsində dünya səviyyəsində qəbul edilmiş elmi nüfuz sahibi, London İqtisadiyyat Məktəbinin (LSE) Millətçilik və Etnik Mənsubiyyət üzrə professoru olmuşdur.
Müəllif: Elşad İskəndərov