– Öz dövrün ən qəribə qərarlarından biri”

AXC dövründə dövlət işində 40 min insan çalışırdı. Onların 60 faizi ailəli, 40 faizi isə subay idi. Bu barədə parlamentin 1920-ci il martın 8-də keçirilən iclasında deputat Ağa Əminov danışmışdı. O, dövlət işçilərinin maddi vəziyyətinin ağır olması barədə çıxış edərkən həmin məqama da diqqət yetirmişdi.

Ağa Əminov 1919-cu ilin aprel-dekabr aylarında AXC-nin ticarət və sənaye naziri olub. Bu səbəbdən iqtisadi problemlərə çox yaxşı bələd idi. Deputat olduğu dövrdə də Əminov maaşların artımı məsələsini bir neçə dəfə qaldırmışdı. Hətta AXC-nin süqutuna cəmi 2 gün qalmış – 1920-ci ilin 26 aprelində də bu barədə danışmışdı.

Ümumilikdə, AXC dövründə əhalinin maaşları bir neçə dəfə müzakirə mövzusuna çevrilib. Lakin qiymətlər o qədər sürətlə artırdı ki, yeni təyin olunmuş maaşlar da insanlara bəs eləmirdi. Bəzən hökumətin maaş artımları barədə qərarları arasında cəmi 3 həftə fasilə olurdu.

AXC dövrünün indiki zamanla müqayisədə qəribə görünən qərarlarından biri 1919-cu il yanvarın 1-də verilmişdi. Yeni ilin ilk günündə əhalinin əmək haqqı artırılmışdı.

Maraqlıdır ki, şəxsin subay və ya evli olması onun maaşının artırılmasında həlledici rol oynamışdı. Belə ki, subayların maaşı 120 rubl, ailəli insanların maaşı isə 360 rubl artırılmışdı. Bir sözlə, AXC dövründə subaylıq heç də sultanlıq deyildi..

📚 Ayaz İlyasov, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt”

Write A Comment