Azərbaycanın böyük mütəfəkkiri Abbasqulu ağa Bakıxanov (1794–1847) yazırdı:

“Həzrəti Şəmunun Aran şəhərində və yüksək dərəcəli üç İmamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə, İmam Museyi-Kazimin qızı Həkimə xatunun Bakıda – Bibiheybətdəki türbəsi, Sufi Həmidin Şirvan Qobustanındakı məzarı və məşhur seyidlərin, şeyxlərin, hörmətli fazillərin bir çox başqa yerlərdə olan qəbirləri göstərir ki, bu ölkə həmişə din böyüklərinin məskəni, arif və alimlərin vətəni olmuşdur”.

Deyilənə görə, Bakının Bülbülə kəndindəki türbədə V İmam Muhəmməd Bagirin (677–733) övladı Muhəmməd Sadiq dəfn edilmişdir. Muhəmməd Sadiq öz xanımı və nökəri ilə birlikdə Abbasilərin zülmündən qaçıb Abşeronun Bülbülə kəndinə pənah gətirmişdi.
Yerli əhali də bu müqəddəs şəxsləri qorumuş, dünyalarını dəyişdikdən sonra isə onların hörmət və ehtiramlarını saxlamışdı.

Bülbülə İmamzadəsi qüdrətli Azərbaycan hökmdarı Şah I Abbas Səfəvinin (1571–1629) dövründə inşa olunmuşdu. Bu kompleks dörd binadan ibarət idi. İmam övladının qəbri üzərində daş sənduqə vardı.
Digər otaqda isə onun üç nökərinin qəbirləri yerləşirdi. Hər iki otaq xalça ilə döşənmiş, qəbirlər örtüyə bürünmüş, ələmlərlə bəzədilmişdi. Məscid binası türbəyə bitişik tikilmişdi. İmamzadə kompleksini 1937-ci ildə kommunistlər uçurub darmadağın etmişdilər.
Bülbülə türbəsindən günümüzə yalnız bir daş kitabə gəlib çatmışdır. O Bakıda Qız qalası ilə üzbəüz sərgidədir. Həmin kitabədə ərəbcə gözəl xətlə yazılmışdır: “Bu böyük abidə əzəmətli Sultan Şah Abbas əl-Hüseyninin zamanında Şeyx Kamalın oğlu Şeyx Nəcməddinin əmri ilə inşa edilmişdir. 1033 (1623–1624)”.

Bülbülə İmamzadəsi ilə bağlı belə bir sual yaranır: Burada dəfn edilmiş Seyid Muhəmməd Sadiq İmam Muhəmməd Bagirin hansı övladı idi? Bəri başdan qeyd edək ki, V İmamın Muhəmməd adlı oğlu olmamışdır. Amma onun nəvə-nəticələrindən bir neçəsi Muhəmməd adını daşımışdır.
1993-cü ildə bərpa edilmiş Bülbülə İmamzadəsinin xidmətçiləri deyirlər ki, burada dəfn olunmuş şəxs VII İmam Museyi-Kazimin (745–799) oğlu Muhəmməddir. İslam mənbələrinə əsasən, İmam Museyi-Kazimin Muhəmməd adlı iki oğlu olmuşdur. Onlardan birinin məzarı İranın Fars ostanının Şiraz şəhərindəki Şahçıraq türbəsində, digərinin qəbri isə İranın Xuzistan ostanının Dezful şəhərindədir.

Onu da vurğulamalıyıq ki, sözügedən türbələrin mövcudluğu İmam Museyi-Kazimin Muhəmməd adlı oğlanlarından birinin əsl məzarının Bülbülədə olması barədə gümanı tam istisna etmir. Həmin iddianın şübhə doğuran əsas cəhəti isə Bülbülə İmamzadəsinin Muhəmməd Sadiq adını daşımasıdır.
Belə ki, əgər Bülbülə kəndində dəfn edilmiş seyid məhz İmam Museyi-Kazimin oğlanlarından biri olsaydı, İmamzadə, böyük ehtimalla, Muhəmməd Sadiq (Muhəmməd ibn Cəfər Sadiq) deyil, Muhəmməd Kazim (Muhəmməd ibn Museyi-Kazim) adlanardı.

Bülbülədə dəfn edilmiş seyidin adı (Muhəmməd) və ləqəbi (Sadiq) göstərir ki, o, VI İmam Cəfər Sadiqin (702–765) oğlu Muhəmməd ola bilərdi. Şeyx Abbas Qumi (1877–1941) yazırdı ki, xasiyyətinin və xarici görünüşünün gözəlliyinə görə ona Dibac (ərəbcə “gözəl”) deyirdilər.
Muhəmməd Dibac səxavətli və şücaətli bir kişi idi. O, iki gün oruc tutub yalnız bir dəfə iftar edərdi. Qonaqları üçün hər gün bir qoyun kəsdirərdi. Hər dəfə şəhərə çıxanda paltarlarını bir kasıba bağışlamamış geri dönməzdi.
Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

2-сü hissəyə keçid linki: https://millikimlik.az/2022/5497/

3-сü hissəyə keçid linki: https://millikimlik.az/2022/5530/

4-сü hissəyə keçid linki: https://millikimlik.az/2022/5536/

Write A Comment