• Döyüş sarıdan məğlub olan Xətai mərdlik sarıdan qalib gəlir! Yadlar isə hər iki türkdən doyunca qisas alır.

Əli Tudə (1924-1996) Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O şimallı-cənublu Azərbaycanımızın sevilən şairlərindən biri olmuş, ömrü boyu azadlıq duyğuları ilə, Cənub həsrətilə yaşayıb-yaratmış söz sənətkarlarımızdandır.

Onun “Türklər” poemasında Şah İsmayıla hqqında yazdıqları diqqətçəkir.

“Dünya görmüş şahlarla döyüşən gənc Şah İsmayılın saysız-hesabsız qələbələri ilahinin sirridir. Məğrur Azərbaycan övladı qılıncı və qələmi ilə Vətənin şənini göylərə qaldırdığı bir zamanda Sultan Səlim Çaldıranda onunla döyüşə başlayır. Vətən tarixində şanlı səhifələr yazmış elə bir oğulla ki:

Şeirində Azərbaycan
Məhrəm-məhrəm danışır.
Qürurla dolu səsi
Lal tarixə qarışır.

Şah İsmayıl Xətai də, Sultan Səlim də türkdür; hər ikisi də şairdir; lakin Xətaidən fərqli olaraq Səlim fars dilində yazır və bununla fəxr edir. O, düşmənlərin fitvasına uymuşdur. Canı, qanı, torpağı, suyu və havası bir olan insanların – sünni və şiə məzhəbli türk qardaşların arasına nifaq salınmışdır. Gücləndikləri əyyamda ümumi düşmənlərimiz sünni-şiə məsələsini ortaya atmış, zaman-zaman qardaşlar bir-birilə vuruşmuşdur. Dava tükənir, yadlar isə onu yenidən başlayırlar. Şair bu məqamı dəyərincə anlada bilir və:

… türkün türklə
Döyüşü fəlakətdir.
Türk türklə çarpışanda
Kim gələcək haraya?

  • deyərək yadların ancaq tamaşaya duracaqlarını bildirir. Aranı qızışdıranlar elə onlar deyilmi? Adı çəkilən mənfur döyüş zamanı namərd sultan toplardan atəş açır; şah isə bunu kişilikdən sanmayaraq döyüşə qılıncla atılır. Sultandan fərqli olaraq o, əsirlərin sağ-salamat saxlanılmağını əmr edir. Çünki Xətai başqa bir düşüncənin sahibidir. Hətta döyüş meydanında yaralanan zaman:

Həkim şahı hücumdan
Saxlamaq istəyəndə,
Qolunun yarasını
Bağlamaq istəyəndə,
Şah deyir, siz şəfqətli
Əlinizi saxlayın!
Siz mənim yox, Vətənin
Yarasını bağlayın!

Döyüş sarıdan məğlub olan Xətai mərdlik sarıdan qalib gəlir! Yadlar isə hər iki türkdən doyunca qisas alır. Bu, bütün yer üzünə səpələnmiş türklərə tarixin bir ibrət dərsidir. Tarixin qatlarında möhtəşəm iz qoymuş iki nəhəng imperiyanı məhz beləcə susdurmağa müvəffəq oldular.

Qeyd etmək yerinə düşür ki, Azərbaycan məhz Şah İsmayıl Xətainin dövründə qüdrətli bir dövlət kimi təşəkkül taparaq tarixin səhnəsinə çıxmışdır. Əhali doğma dildə yazıb-oxuyur, bu dildə verilən məşhur şah fərmanları milləti sevindirir. Bütün varlığı ilə şair təbiətli olan şah sözü ilə, silahı ilə döyüşə yollananda ölüm təhlükəsinə görə özüylə heç zaman heç bir sənətkar aparmayaraq onların məhv edilməsinə qıymır. Əksinə, o ustadları təbliğ etməyi də yaddan çıxarmır:

Şah İsmayıl Qərbdə də
Tanıdır hər ustadı.
Gözü üstdə saxlayır
Qurbanini, Behzadı.

Təsadüfi deyildir ki, dahi Füzulinin dünya şöhrətli sənət inciləri, ustad Qurbaninin ürəkləri fəth edən qoşmaları Kəmaləddin Behzadın ilhamla yaratdığı ecazla dolu, bütün Şərqi heyran edən rəsmləri məhz Şah İsmayılın dövründə yaranmışdır.”

Ağahüseyn Şükürovun “Azadlıq şairi Əli Tudə və onun “Türklər” poeması” məqaləsindən, 525-ci qəzet

Write A Comment