1918-ci ildə Azərbaycanda maliyyə ilə bağlı vəziyyət olduqca qarışıq idi. Ölkə ərazisində bir neçə pul nişanı istifadə edilirdi. Rusiya imperiyası dövründə istifadə edilən pula romanovka deyirdilər. Bu söz imperiyanı idarə etmiş Romanovlar sülaləsinin adından gəlir.

1917-ci ilin mart-oktyabr aylarında keçmiş Rusiya imperiyasının ərazisini Müvəqqəti Hökumət idarə etməyə çalışırdı. Həmin hökumətin buraxdığı pula isə xalq arasında kerenka deyirdilər, çünki bu pul buraxılarkən Müvəqqəti Hökumətin başçısı Aleksandr Fyodoroviç Kerenski idi. Bundan savayı, 1918-ci ildə Bakı bonları, Bakı Şəhər İdarəsinin banknotları, Bakı Şəhər Təsərrüfatı Şurasının banknotları da buraxıldı. Qısası, aləm qarışmışdı.

AXC yaranarkən onun müstəqil dövlət kimi yeni pullar buraxmaq zərurəti vardı. İlk vaxtlarda Azərbaycana əsas dəstəyi Osmanlı imperiyası göstərdiyindən pulları da Türkiyədə çap etmək istəyirdilər. Professor Qulu Məhərrəmli “Məmməd Əmin Rəsulzadə” kitabında unikal bir faktı qeyd edib.

AXC-ni İstanbul konfransında təmsil edən Məhəmməd Əmin Rəsulzadə 1918-ci ilin sentyabrında Türkiyədə milli pul vahidimizin çapı məsələsində aktiv rol oynayırdı. O, hökumətimizi məlumatlandırmışdı ki, Azərbaycanın iki cür pul vahidinin olması nəzərdə tutulur: azəri adlanan kağız əsginaslar və ondan daha aşağı dəyərə malik metal sikkələr. Rəsulzadə vurğulayırdı ki, azəri bizim əsas pul vahidimiz olacaq.

Beləliklə, ilkin plan baş tutsaydı, biz indi manat yox, azəri istifadə edirdik. Yəni Azərbaycanın pul vahidi azəri ola bilərdi. Yeri gəlmişkən, sonradan pulun manat adlanması da təsadüfi deyil. Ruslar qəpiyə moneta deyirlər. Manat isə həmin sözün dilimizə uyğunlaşmasından yaranmışdı. AXC dövründə həm manat, həm rubl sözündən istifadə olunurdu.

📚Ayaz İlyasov, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt”

Write A Comment