Ermənistan parlamentində 80 deputatdan 2-si azərbaycanlı idi.

AXC parlamentində başqa millətlərin nümayəndələri də təmsil olunurdu. Onlardan biri də ermənilər idi.

Malxazyan ilk dəfə 1919-cu ilin fevralında parlamentdə söz alıb. Həmin vaxta kimi ermənilər AXC parlamentini boykot edirdilər. Lakin sonradan taktikanı dəyişib qanunverici orqana üzv oldular. Fevralın 25-də baş tutmuş iclasda Malxazyan erməni fraksiyasının bəyannaməsini oxumuşdu.

Bəyannamə “kəndi müqəddəratını kəndi əlinə almış olan türk millətini” təbrik etməklə başlamışdı. Bu sözlərdən sonra zalda şiddətli alqış səsləri eşidilmişdi. Erməni deputat bildirmişdi ki, türk millətinin və Azərbaycan Cumhuriyyəti daxilində yaşayan digər millətlərin mənfəəti üçün səmimi şəkildə çalışmaq arzusu ilə bura gəlib. Daha sonra Malxazyan sülh, xalqlararası münasibətlər barədə geniş nitq söyləmişdi. Onun nitqində bir məqam xüsusilə diqqətimi cəlb etdi.

Erməni deputat Azərbaycan hökuməti ilə mübahisəli məsələlərdən birinin Qarabağ olduğunu söyləmişdi. Malxazyan Ermənistanın həmin əraziyə iddiası barədə fikir irəli sürmüşdü. Bu zaman iclas zalında etiraz səsləri ucalmışdı. Erməni deputatın sözlərinə etiraz edən Məhəmməd Əmin Rəsulzadə isə qəti şəkildə bildirmişdi: “Həll olunmuş məsələdir!”

İlk çıxışındaca Malxazyanın belə sözlər söyləməsi maraq doğurur. Faktiki olaraq, Arşak AXC parlamentinin üzvü idi. Lakin reallıqda özünü Ermənistan nümayəndəsi kimi aparır, Ermənistanın maraqlarına xidmət edən fikirlər səsləndirirdi.

AXC parlamentində ümumilikdə 2 erməni fraksiyası vardı: erməni və “Daşnaksütyun”. Beləcə, “Daşnaksütyun” nümayəndələri Ermənistanla yanaşı Azərbaycan parlamentində də iştirak haqqı qazanmışdılar. 1919-cu ildə Ermənistan parlamentinə seçkilər keçirilmiş, “Daşnaksütyun” 90 faiz səs toplamışdı. Maraqlıdır ki, həmin vaxt Ermənistan parlamentinə azərbaycanlılar da seçilmişdi. İndiki prizmadan baxanda bu, qəribə görünsə də, o zaman üçün kifayət qədər normal hadisə idi.

Axı hazırkı Ermənistan ərazisində yüz minlərlə azərbaycanlı yaşayırdı. Ermənistan parlamentinə 80 deputat seçilmişdi. Onlardan 2-si azərbaycanlı idi.

Yeri gəlmişkən, 1918-ci ildə təşkil edilmiş Ermənistan parlamentində 38 erməni və 6 azərbaycanlı vardı.

Lakin göründüyü kimi, növbəti il azərbaycanlı deputatların sayı 3 dəfə azalmışdı. Azərbaycanlı əhalinin Ermənistan parlamentindəki yeganə səsləri Mir Bağır Mirbabayev və Əsəd bəy Ağabababəyov idilər.

📚Ayaz İlyasov, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt”

Write A Comment