
Əsər Bibiheybət məscidi ətrafında formalaşan tarixi və mənəvi hadisələri əks etdirir. Müəllif əsərdə bu müqəddəs məkanın keçdiyi tarixi yolu, xalqın inanc sistemində tutduğu yeri və onun ətrafında yaranan rəvayətləri bədii şəkildə təqdim edir.
Kitabdan:
Peyğəmbər balası Xanım Həkimənin, yəni Fatimeyi-Suğra (ə) Mədinə şəhərindən Bakıya gəlişi
Şirazda baş verən qanlı qarşıdurmalardan sonra Xanım Həkimənin qardaşı Əhməd ibn Musa bacısı Fatimeyi-Suğranı (ə) və onunla birlikdə olan bir neçə nəfəri təhlükədən uzaqlaşdıraraq Rəşt istiqamətinə yola salır. Lakin Məmunun adamları tərəfindən təqib edildiklərinə görə Rəştdə uzun müddət qala bilməyən xanım Həkimə oradan ayrılaraq qardaşı oğlanlarından beş nəfərlə birlikdə Gilan bölgəsindən Bakıya tərəf hərəkət edir.
Aparılan araşdırmalar və müqayisəli təhlillər göstərir ki, sözügedən hicrətlər yalnız qaçış və məcburiyyət kimi təqdim edilə bilməz. Xanım Məsumənin Qum şəhərinə getmək istəməsi təsadüfi olmadığı kimi, kiçik bacısı həzrət Həkimənin (a) Bakıya gəlməsi də təsadüfi deyildir. Çünki hədis və tarix mənbələrində qeyd olunduğuna görə, bu xanımlar əziz ata-babalarından həmin şəhərlərin və bu bölgələrin əhalisinin Əhli-beytə (ə) olan dərin məhəbbəti barədə məlumatlar almışdılar.
Məhz bu mənəvi bağlılıq səbəbindən hər iki xanım eyni məqsədlə biri Qum şəhərinə, digəri isə Bakı diyarına üz tutmaq qərarına gəlmişdir. Bu baxımdan bir bacının Quma, digərinin isə Bakı istiqamətinə hicrət etməsi eyni məqsəd xəttinin iki qolu kimi izah olunmalıdır.
Nəql edilənlərə görə Xəzər dənizində onları daşıyan gəmi qəzaya uğrayır. Bu zaman öz qayığı ilə səfər edən Baba Sucaət adlı bir şəxs imamzadələri təhlükədən xilas edib qayıqla Xəzərin bu tayına, Bakıya gətirir. Burada onlar Əlinin (ə) yolunu tutmuş, Əhli-beytə (ə) dərin sevgi və hörmət bəsləyən, təqvalı, dindar və eyni zamanda şəhərin imkanlı tacirlərindən olan Hacı Bədrin himayəsinə təhvil verilir.
Baş vermiş bu hadisə sübut edir ki, Peyğəmbər Əhli-beytinə (ə) olan sevgi və bağlılıq yalnız müəyyən bir dövrün xüsusiyyəti deyil, İslamın bu diyarlarda ilk yayıldığı gündən mövcud olmuş və cəmiyyətin ictimai-mənəvi həyatına davamlı təsir göstərmişdir. Hacı Bədr həzrət Həkimə (ə) xanım və onunla birgə gələnləri diqqətlə və gizlincə evinə apararaq onların təhlükəsizliyini təmin etmişdir. O, Xanımın və ailəsinin başına gələnləri dinlədikdə çox kədərlənmişdi..
Xanım Fatimeyi-Suğra (ə) Bakıya hicrət etdikdən sonra Xəlifə Məmunun casusları onu tanımasın deyə özünü gizlədirdi. Yalnız yaxın olanlar Xanımın kim olduğunu bilirdilər. Hacı Bədr vəziyyəti nəzərə alaraq, xanım Həkimənin (ə) həyatına təhlükə yaranmaması üçün yaşadığı məkanı tərk etmək qərarına gəlir.
O, xəlifənin casusları və xəyanətkar adamlar onları tapmasınlar deyə adını dəyişərək özünə “Heybət”, Allahın ona əmanət etdiyi bu müqəddəs xanıma isə “Bibi” adını qoyur. Beləliklə, Xanım Hacı Bədrin ailəsi ilə birlikdə İçərişəhərdən uzaqlaşaraq Bakının kənarındakı kiçik kənddə sadə insanlarla yaşamağa başlayır. Nəticədə xəlifənin adamları da xanımın izini itirirlər.
Hacı Bədr zəngin tacir olduğundan ətrafda hər kəs onu tanıyır və sevirdi. Xanımın kimliyini soruşanlara o: “Mənim bibimdir”, – deyə cavab verirdi. Hacı Bədr onları öz yanında saxlayır və onlara xidmət göstərirdi.