Türkiyənin qədim Konya şəhəri uzun müddət Rum sultanlığının paytaxtı olmuşdur. Səlcuq hökmdarlarından xüsusilə I Əlaəddin Keyqubad zamanında Anadoluya, əsasən, İran, Azərbaycan və Orta Asiyadan elm və sənət adamları gəlib yerləşmişlər.

Həmin dövrdə Azərbaycandan, xüsusilə Naxçıvandan çıxmış bir sıra alim və sənətkarlar Təbriz və Anadoluda xidmət etmiş, parlaq şəxsiyyət kimi yetişmişlər.

Onların arasında Əkmələddin Naxçıvani da var.

Haqqında mənbələrdə məhdud məlumatlar olan Əkmələddin Naxçıvani, XIII əsrdə anadan olmuş, yaşayıb və yaratmışdır. O, Mövlana Cəlaləddin Ruminin yaxın dostu və həkimi olmuşdur. Səlcuqlulara aid bir neçə əsərdə Əkmələddin ət-Təbib şəklində keçir.

Təxəllüsündən də məlum olduğu kimi Əkmələddin Naxçıvani, Naxçıvanda anadan olmuşdur. Ancaq onun nə vaxt anadan olduğu, harada və kimlərin yanında təhsil aldığı bilinməməkdədir. Konya Səlcuqlu Sarayında həkimbaşı, “1-ci Ələddin Keyqubadın” Daru’ş-Şifasında (Xəstəxana) baş həkim və müəllimlik etmişdir.

Cəlaləddin Ruminin oğlu Sultan Vələdin (ö.1312) “Divan”-nındakı 41 beytlik qəsidənin 1-dən 22-ci beytə qədər olan hissəsində başlanğıç hərfləri ilə şaquli olaraq “Əkmələddin Müəyyəd Naxçıvani” adı oxunur.

Əhməd Əflaki “Mənaqibu’l-Arifin” əsərində Əkmələddin Naçıvaninin Mövlana Cəlaləddin Ruminin müridləri arasında olduğunu qeyd edir. Naxçıvani Mövlanaya qarşı böyük hörmət və ehtiram bəsləmişdir. Rəvayət olunur ki, hətta Naxçıvani hər zaman bahalı paltarlar geyindiyi halda, bir gün Mövlananın söhbət məclisində bu geydiyi paltarlara görə özünü pis hiss edir və Movlana onu sakitləşdirir. Bundan sonra Naxçıvani belə paltarlar geyinməkdən əl çəkir.

Ümumiyyətlə bu dövrə aid bir çox mənqibələrdə “dövrün Hippokratı, dövrün Platonu, dünyanın həkimi, Anadolu həkimlərinin başı, bənzəri olmayan” kimi epitetlərlə qeyd olunur. Bəzən də müəllimliyinin ifadə olunması üçün “xoca” ləqəbi ilə bilinən Əkmələddin Naxçıvani haqqında “Əkmələddin Təbib də bütün bəylər və alimlər ilə səmanı seyr edir”, “Əkmələddin Təbib zamanın bütün həkim və böyüklərinin ortasında hekayə edir ki…” kimi ifadələrin işlədilməsi onun dövlət adamları və alimlər arasındakı xüsusi yerini göstərir.

Əkmələddin Naxçıvaninin həm dövlət adamları, həm də alimlər arasında sözü keçən biri olduğunu Mövlananın ona yazdığı məktublar sayəsində öyrənirik. Bu məktubların birində Mövlana ondan bir mədrəsə müəllimliyinə təyin etmə işində vasitəçi olmasını istəməkdə və bu işi ancaq onun edə biləcəyini ifadə edərək “şirin suyun sahili izdihamli olar” demək surəti ilə onun alicənablığına işarə edir.

Naxçıvaniyə dair Mövlananın da ifadə etdiyi “məliku’l-hukəma” (həkimlərin kralı) ləqəbinin həm Səlcuqlular, həm də Osmanlılar dövründə mühüm həkimlərə verilən bir ad olduğu bilinir. Xalq arasında Əkmələddin Naxçıvaninin bu ləqəbinin tərcüməsi olaraq “Bəy Həkim” təxəllüssü ilə yad edildiyi rəvayət olunur.

Məhz hal-hazırda Konya Ələddin Təpəsinin qərbində yer alan Bəy həkim məhəlləsində Əkmələddin Naxçıvaniyə aid edilən bir məscid və türbə mövcuddur.

Dr. Rəşad İlyasov, “Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi”

Write A Comment