1919-cu ilin yazında Azərbaycan əhalisi Novruz bayramını müstəqil dövlətin vətəndaşları kimi qeyd edirdi. Bu səbəbdən bayram tədbirləri həmişəkindən daha yüksək əhvali-ruhiyyə ilə keçirilmişdi. Nağı bəy Şeyxzamanlı xatırlayır ki, Novruz münasibətilə şəhər klubunda bayram tədbiri təşkil olunmuşdu.

Qonaqlar arasında Bakının varlı şəxsləri, həmçinin Hacı Zeynalabdin Tağıyev də vardı. Tağıyev içəri girən kimi xeyriyyə cəmiyyətinin sədri vəkil Qasım Qasımzadənin yanına yaxınlaşdı, o giriş qapısında masa qoyub ianə toplayırdı. Tağıyev ondan kimlərin gəldiyini və nə qədər ianə verdiklərini soruşdu. Cavab milyonçunu razı salmadı.

Tədbir iştirakçıları gördülər ki, Hacı qapıda əyləşib, içəri girmir. Varlılar özləri Hacıya yaxınlaşdılar. Tağıyev isə onları məzəmmət etdi:

“İndi əsir deyilsiniz, müstəqilsiniz. Biz indi istiqlalımızı bütün dünyaya elan etmiş bir türk millətiyik. Təzə qurulmuş hökumətimizin vəziyyəti hələ çox ağırdır. Biz də cəmiyyətin fəaliyyətini ona görə tənzimləmək məcburiyyətindəyik ki, bütün əyər-əskiyimizi hökumətin üstünə yükləməyək. Belə hesab edirəm ki, verdiyiniz pul çox azdır”.

Bundan sonra o, qoltuğundan çek dəftərini çıxararaq dedi: “Mən əlli min manat ianə edirəm. Bu gün burada pul verilməli deyil, çek yazılmalıdır”. Hacının bu sözlərindən sonra çek dəftərləri çıxdı və çeklər yazıldı. Hacı iki saat orada qalaraq hər gələndən çek aldı.

📚Ayaz İlyasov, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt”

Write A Comment