XX əsrin əvvəlində Azərbaycanda səhiyyə ilə bağlı acınacaqlı vəziyyət hökm sürürdü. Həkimlərin sayı kifayət qədər deyildi, üstəlik, onların da çoxu qeyri-azərbaycanlı idi.

Həmin dövrdə tibb sahəsində çalışan hər bir insanı fədakar saymaq olardı. Belə fədakar insanlardan biri Yevsey Gindes idi. O, Kiyevdə doğulmuşdu. Lakin Gindesin həyatı 1905-ci ildən ömrünün sonuna, daha dəqiq desək, 1952-ci ilədək Bakı ilə bağlı olub.

Bu müddət ərzində görkəmli həkim minlərlə uşaq həyatı xilas etmişdi. Məsələ burasındadır ki, Gindes Bakıda uşaq xəstəxanası açmışdı. O, uşaqlarda sümük vərəmini müalicə edən Zuğulbadakı sanatoriyanın təşkilatçısı və baş həkimi idi. Bakıda ilk dəfə məktəb şagirdləri üçün uşaq yay düşərgələrini də məhz Gindes təşkil etmişdi. Bütün bu fəaliyyətinə görə ona Azərbaycanda “Uşaq Allahı” deyirdilər.

Gindes AXC dövründə qısa müddətə də olsa səhiyyə naziri vəzifəsində çalışıb. O, 1918-ci ilin dekabrından 1919-cu ilin martına kimi həmin vəzifəni tutub. Hərçənd, hətta nazir olduğu dövrdə belə bu məşhur həkimi istiqlalçı adlandıra bilmərik, çünki Gindes “Bölünməz Rusiya” ideyasının tərəfdarı idi. O, Rusiya dövlətinin mövcudluğunu Rusiya imperiyasının sərhədləri çərçivəsində təmin etmək tərəfdarı idi.

Görkəmli həkim üçün vətən anlayışı bizim başa düşdüyümüz anlamı daşımırdı. Yevsey Gindesin dostu ilə bir yazışmasında, ukraynadakı dostu Gindesa “sənin vətənin haradır?” sualını ünvanlayıb. Gindes isa cavab məktubunda yazıb: “Mənim vətənim uşaqlardır”.

AXC dövründə görkəmli həkim səhiyyə ilə bağlı bir neçə qeyri-hökumət qurumuna da rəhbərlik edib. Onlardan biri “Uşaq ölümü ilə mübarizə cəmiyyəti” idi. Bu cəmiyyət 1907-ci ildən fəaliyyət göstərirdi. Cəmiyyətin işində milyonçu Murtuza Muxtarovun həyat yoldaşı Liza xanım Muxtarova fəal iştirak edirdi. Gindesin rəhbərlik etdiyi digər qurum isə “Uşaqları Mühafizə Cəmiyyəti” adlanırdı.

Həmin cəmiyyətin sədr müavini Eynülhəyat Yusifbəyli idi. Söhbət AXC-nin Baş naziri Nəsib bəy Yusifbəylinin həyat yoldaşından gedir. Nəsib bəyin birinci həyat yoldaşı Şəfiqə xanım Qaspıralı əslən Krım tatarı, ikinci həyat yoldaşı olan Eynülhəyat xanım isə Kazan tatarı idi.

📚Ayaz İlyasov, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt”

Write A Comment