
– İlk qeyri-rəsmi himnimiz
İngilis qoşunlarının komandanı 1918-ci il noyabrın 17-də Bakıya gəlmişdi. Adətən, yüksək rütbəli, vəzifəli şəxslər rəsmi səfərə gələrkən həmin mərasimdə dövlət himni səslənir.
AXC-nin isə həmin vaxt dövlət himni hələ qəbul edilməmişdi. Məsələ burasındadır ki, Bakı cəmi 2 aydır işğalçılardan təmizlənmişdi, ilkin olaraq ən mühüm işlərin görülməsinə başlanılmış, daha vacib qanunların qəbuluna vaxt ayrılmışdı. Bir sözlə, himn barədə düşünməyə vaxt yox idi.
Bu məqamda Üzeyir Hacıbəyli köməyə çatdı. Onun təklifi ilə himnin əvəzinə general Tomsonun qarşılanma mərasimində başqa musiqi səsləndi. Söhbət böyük bəstəkarın “Leyli və Məcnun” poemasından gedir. Nofəlin səhnəyə gəlişində səsləndirilən coşqun ruhlu, “Heyratı” üstündə olan musiqi 17 noyabr 1918-ci il tarixində Azərbaycan himni əvəzinə ifa edilmişdi.
Nofəl poemada sərkərdə kimi göstərilib. Generalın qarşılanması mərasimində bu hissənin səsləndirilməsi, güman ki, təsadüf deyildi. Axı Üzeyir bəy böyük musiqiçi olmaqla yanaşı qəzetlərdə məqalələr yazırdı, siyasətdən yaxşı anlayırdı. Ehtimal etmək olar ki, Hacıbəyli himn əvəzinə haqqında danışılan musiqini seçərkən belə məqamları da nəzərə almışdı.
Maraqlıdır ki, Azərbaycan Respublikasının hazırki Dövlət Himninin müəllifi də Uzeyir Hacıbəylidir. 1944-cü ildə Azərbaycan SSR-in himnini yazmaq lazım olanda yenə də dahi bəstəkara müraciət edilmişdi.
P.S. Kommentdə həmin musiqini yerləşdirdim, dinləyə bilərsiniz.
📚Ayaz İlyasov, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt”