
Həmişəki kimi tariximizlə bağlı ən maraqlı məqamları yerli müəlliflər deyil, hadisələrin xarici müşahidəçiləri qoyub gedirlər.
Rus general-leytenantı Vladimir Andreyeviç Kosoqovski, 1894–1903-cü illərdə İranda xidmət etmiş, Şahın Kazak Briqadasına komandanlıq etmiş və həmin dövrə dair “Tehran gündəliyindən” adlı qiymətli xatirələr qələmə almışdır.
Nəsrəddin şahın qətlə yetirilməsindən sonra sarayda baş verən hakimiyyət uğrunda mübarizəni təsvir edən Kosoqovski belə yazır:
“Nəsrəddin şahın qəfil ölümü (1896-cı il) Persiyanı hazırlıqsız yaxaladı. Atası tərəfindən dövlət idarəçiliyindən uzun illər kənarda saxlanılmış vəliəhd taxta çıxanda ölkəni idarə etmək təcrübəsinə malik deyildi. Atasına yad, hətta ona düşmən münasibətdə olan Müzəffərəddin şah, təbii ki, Azərbaycanda keçirdiyi 30 il ərzində öz ətrafında Nəsrəddin şah dövrünün qayda-qanunlarına, xüsusilə də dövlət idarəçiliyinin başında duran sədrəzəm Əli Əsgər xana qarşı çıxan bir çevrə formalaşdırmışdı.
Nəticə aydın idi: yeni şah hələ paytaxta çatmamış Turan (Təbriz) ilə İran (Tehran) arasında mübarizə başlandı və TURANIN qələbəsi ilə başa çatdı. 27 noyabr 1896-cı ildə sədrəzəm devrildi, onun yerini isə Fərman-Fərma tutdu.”
Diqqət yetirin: rus generalı bu anlayışlardan təsadüfən istifadə etmir. Onun yazdıqlarında Turan — Təbriz, yəni Azərbaycan, İran isə Tehran deməkdir.
Bu cür mənbələr xüsusilə qiymətlidir. Çünki onları müasir tarixi mübahisələrin iştirakçısı deyil, hadisələrin canlı şahidi olan bir xarici müşahidəçi yazıb. O, sadəcə XIX əsrin sonlarında mövcud olan siyasi reallığı gördüyü kimi qələmə alıb.
📚 Mənbə: Vladimir Andreyeviç Kosoqovski, “Tehran gündəliyindən” («Из тегеранского дневника»).
vk.com/turkunsesi