Hər il dünyada 8 mart beynəlxalq qadınlar günü kimi qeyd edilir. Milli Kimlik səhifəsi olaraq “Qadınlar Günü” münasibəti ilə son 100 ildə tarixdə izlər qoymuş, ilklərə imza atmış Azərbaycan xanımları haqda məlumatları topladıq.

Azərbaycanın ilk qadın pilotu – Leyla Məmmədbəyova

Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyova 17 sentyabr 1909-cu ildə Bakıda anadan olub. Bakı Aviasiya məktəbində təhsil alıb, 1931-ci ildə Bakı aeroklubunda ilk dəfə U-2 təyyarəsi ilə uçuş həyata keçirib.

Daha sonra L.Məmmədbəyova təhsilini Moskvada – Mərkəzi Aviasiya məktəbində davam etdirib, 1933-cü ildə Moskva Tuşino aerodromunda ilk paraşüt tullanışını həyata keçirib, SSRİ məkanında qadın paraşütçüləri arasında ikinci yeri tutub.

*

Hərbi təyyarəçi Züleyxa Seyidməmmədova

Daha bir təyyarəçi Azərbaycan xanımı kapitan rütbəli təyyarəçimiz Züleyxa Seyidməmmədova II Dünya müharibəsində qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub. O, 500-dən artıq döyüş uçuşu keçirib. 1952-1975-ci illərdə Azərbaycan SSR ictimai təminat naziri, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Dövlət tərəfində bir neçə dəfə təltif edilib.

*

İlk gəmi kapitanı Şövkət Məmmədova

Müharibə illərində digər bir qadın qəhrəmanımız gəmi kapitanı Şövkət Səlimova 1940-cı ildə Bakı Dənizçilik Məktəbini bitirib. O, Xəzər Dəniz Gəmiçiliyində kapitan müavini və kapitan işləyib. Müharibə dövründə dünyada iki qadın gəmi kapitanından biri olub.

*

Azərbaycanın ilk qadın naziri – Tahirə Tahirova

Tahirə xanım Azərbaycan Neft İnstitutunun dağ-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamış, daha sonralar ən müxtəlif elmi-rəhbər vəzifələrində işləmişdir. O, həm də neft sənayesi üzrə təhsil alan ilk azərbaycanlı qadın idi.

1959-1983-cü illərdə o, Azərbaycan SSR xarici işlər naziri və Nazirlər Soveti sədrinin müavini kimi çalışır.

*

İlk qadın xeyriyyə cəmiyyətinin qurucusu Hənifə Xanım Məlikova

Azərbaycanda 1908-ci ildə ilk qadın xeyriyyə cəmiyyəti yaradılmışdır. Bu tip qadın təşkilatının yaradılmasının təşəbbüsçüsü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova olmuşdur.

*

Azərbaycanın ilk qadın bəstəkarı – Ağabacı Rzayeva

Uzun illər uşaqların sevimli mahnısına çevrilən “Kukla” Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın musiqi xəzinəsinə bəxş etdiyi bənzərsiz nümunələrdən biridir.

1912-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Ağabacı Rzayeva həm, Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın bəstəkardır. Ölməz Ü.Hacıbəyov sənətinin güclü təsiri ilə A.Rzayeva Azərbaycan şairlərinin – Nizaminin “Könlüm”, Füzulinin “Afəti-cansan”, Sabirin “Zülfi pərişan olmasın” qəzəllərinə musiqi bəstələyib.

*

Azərbaycanın ilk qadın pianoçusu – Xədicə Qayıbova

“Xədicə Qayıbova (1893-1928) Azərbaycanın ilk qadın pianoçusu olub. Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib.

Xədicə xanım Qayıbova ilk təhsilini “Müqəddəs Nina” Qızlar Məktəbində alıb. 1911-ci ildə dərslərini və musiqini mükəmməl öyrənən Xədicə “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurub. Professor N.Nikolayevin Fortepiano sinfində isə xüsusi kursu qızılı haşiyəli diplomla bitirib.

*

Azərbaycanın ilk qadın mexanizatoru – Sevil Qazıyeva

Sevil Qazıyeva Azərbaycan SSR Ali Sovetinin deputatı. O, 1940-cı ildə Zaqatala rayonunda dünyaya gəlib.

Sevil Qazıyeva 1962-ci ildə öz maşını ilə 190 ton pambıq yığır. Sevilin başçılıq etdiyi briqada “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilir. Sevil Qazıyeva 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

*

Azərbaycanın ilk qadın kimya alimi və ilk kino aktrisası – İzzət Orucova

1909-cu ildə Bakıda dünyaya gəlib. Azərbaycan Sənaye İnstitutunun neft texnologiyası fakültəsini 1932-ci ildə bitirib, həmin ildən Neft Emalı Elmi Tədqiqat İnstitutunda laborant vəzifəsində fəaliyyətə başlayıb. İzzət xanım 1947-ci ildə namizədlik, 1962-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edərək texnika elmləri doktoru adını almış, həmin ildə də professor adina layıq görülüb.

İ.Orucova təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında neft texnologiyası üzrə elmlər doktoru dərəcəsi almış ilk qadındır.

İzzət Orucova həmçinin ilk azərbaycanlı kinoaktrisa olmuşdur. İzzət xanım hələ tələbəlik illərində “Azərbaycanfilm” ilə əməkdaşlıq etmiş, 1929-cu ildə C.Cabbarlının pyesləri əsasında lentə alınmış “Sevil “, 1936-cı ildə isə “Almaz “filmlərində baş rollarda çəkilmişdir.

*

Azərbaycanın ilk qadın snayperçisi – Ziba Qəniyeva

Ziba Qəniyeva 1923-cü ildə dünyaya gəlib. Müharibə zamanı tibb bacısı kimi könüllü olaraq cəbhəyə yazılan Ziba Qəniyeva sonradan qısamüddətli atıcılıq kursuna göndərilir, pulemyotla işləməyi və snayperçiliyi öyrənir, kəşfiyyat sənətilə tanış olur və cəbhəyə yollanır.

Taburda ratsiyaçı-kəşfiyyatçı kimi düşmən arxasına keçərək, ratsiya ilə vacib məlumatları ötürürdü və düşmən haqqında xəbərlər verirdi. Diviziyasının ən yaxşı snayperi hesab edilirdi.

*

Azərbaycanın ilk qadın dramaturqu – Səkinə Axundzadə

Səkinə xanım 1865-ci ildə Qubada anadan olub. 1900-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris edib.

Səkinə Axundzadə “Elmin bəhrəsi” pyesini və “Gəlin və qaynana” komediyasını, milli folklorumuz əsasında “Əbülfəz və Rəna” hekayəsini qələmə almış, bu əsər əsasında isə eyniadlı opera librettosu işləmiş, məşhur fransız bəstəkarı Leo Delibin “Lakme” operası əsasında “Zülmün səmərəsi” adlı dram əsərini yazmışdı. Səkinə xanım Axundzadə “Elmin bəhrəsi”, “Gəlin və qaynana”, “Bəxtsiz bala”, “Zülmün səmərəsi”, “Haqq söz acı olar”, “Şahzadə Əbülfəz” və bir çox pyeslərin müəllifidir.

*

Azərbaycanın ilk ali təhsilli həkim qadını – Sona Vəlixan

Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur.

Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Onun elmi işləri əsasən cüzam, sifilis, vərəm və müxtəlif şişlər nəticəsində zədələnmiş görmə üzvünün morfoloji dəyişiklikləri, gözün zədəsi, qlaukoma və traxoma problemlərinə həsr olunmuşdur. S. Vəlixan tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur.

*

Azərbaycanın ilk qadın heykəltəraşı – Həyat Abdullayeva

Həyat xanım 1912-ci il oktyabr ayının 14-də Dərbənd şəhərində anadan olub. Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyarkən “Tutu xanım” və “Həsən bəy Zərdabi” kimi əsərlər yaradıb.

Azərbaycanın dəzgah heykəltəraşlığı sahəsi üzrə ilk ali təhsilli heykəltəraş qadını olan Həyat Abdullayeva 1950-ci ildən heykəl portretlərin, monumentlərin və kiçik formalı plastik əsərlərin – “Ana” (1955), “Yeddi gözəl” (1957) heykəlcikləri, “Həcər” (1959), “Gənclik” (1960), “Lay-lay” (1963) heykəl-kompozisiyaların, Molla Pənah Vaqifin abidəsi (1957), “İki qız” (1967), “Vəcihə Səmədovanın portreti” (1970), “Sənsiz” (1972) , “Şah İsmayıl”, “Natəvan” və s. müəllifidir.

*

Azərbaycanın ilk peşəkar qadın rejissoru – Gülcahan Güləhmədova-Martınova

Gülcahan Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan teatr və televiziya rejissoru, Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, professor olmuşdur.

30 il ərzində Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatıdır.

Əlbəttə, siyahı yəqin ki, daha böyükdür, Azərbaycan qadınları bir çox sahələrdə ilklərə imza atmışdı.

Daha qədim tarixdə diplomat Sara xatun, döyüşçü Taclı bəyim, sərkərdə Tuti Bikə və daha neçə-neçə Azərbaycan qadınını adlarını yazmaq olar. Eyni zamanda daha yaxın tarixdə, Birinci Qarabağ Müharibəsində cəbhəyə gedərək döyüşən Azərbaycan xanımlarını hörmət və ehtiramla yad edir, şəhid xanımlara Allahdan rəhmət diləyirik.

Write A Comment