Şəkilə tıklayıb yazının video formatına keçid edə bilərsiniz


Müasir Tailand, Myanmar, Malayziya və Kamboca torpaqlarında mövcud olmuş və bugünkü Tailandın varisi olduğu Ayutiya krallığına səfir göndərmiş və bu torpaqlarda İslam dini və Cəfəri məzhəbini yayan Səfəvi hökmdarı Şah Süleyman olmuşdur.

Səfəvi imperiyası ilə Ayutiya krallığı arasında ilk əlaqələr, Səfəvilərin Hindistandakı vassalı Qütbşahilər dövləti vasitəsilə başlayıb. Səfəvilər Hindistandakı vassalları vasitəsilə Ayutiya krallığı ilə böyük ticarət və gəmiçilik əlaqələri qurublar. Səfəvi mənbələrində Ayutiya «Şəhri Nəv», yəni “Kanallar şəhəri” olaraq keçirdi.

Ticarət və gəmiçiliklə başlayan əlaqələr, sonradan Səfəvilərin Ayutiya krallığı sarayında güclənməsinə qədər dərinləşdi.

Səfəvi-Qum Bünnaq ailəsi Ayutiyada Şeyxülislam titulu əldə edərək bu vəzifəni krallığın nazirliklərindən birinə çevirmişdi.

Tailandın ilk Şeyxülislamı Bünnaq ailəsinin əcdadı Şeyx Əhməd Qumi olub. Şeyx Əhməd qardaşı Məhəmməd Səid ilə 1600-cü illərdə İrandan Tailand torpaqlarına gələrək, ticarət əlaqələri qurmuş və bu torpaqlarda Şiə-İslamını yaymışdı. Şeyx Əhmədin Bünnaq adı verilmiş aristokrat nəsli hal-hazırda da Tailandda davam etməkdədir. Şeyxin Ayutiya şəhərindəki türbəsi isə bölgə müsəlmanlarının ziyarətgahıdır.

1656-ci ildə Ayutiya kralı Böyük Naray lll Ramatxibodi qiyam qaldıraraq Səfəvi, Yapon və holland muzdlu əsgərləri ilə Aşura günündə saraya hücum edib əmisini edam etdirərək taxta çıxmışdı.

Böyük Kral Naray taxta çıxdıqdan sonra Səfəvi əsilli vətəndaşlarına saray və torpaqlarında böyük vəzifələr verdi və bundan sonra Səfəvilər rahatlıqla Tailandda siyasi nüfuz qazanmğa başlayıb.

İran [Səfəvi] icmasının öz ölkələrinə (Ayutiya dövlətinə) göstərdiyi xidmətlər Ayutiya kralları tərəfindən yüksək qiymətləndirilmişdir. Professor Antoni Reydin qeyd etdiyinə görə, iranlı şiələr Kral Narayın ən yaxın məsləhətçiləri idilər, şiələr xüsusilə təhlükəli Avropalı şirkətlərə qarşı ticarətdə tarazlığı qorumaq üçün Narayın ən yaxın köməkçiləri idilər.

1685-ci ildə Səfəvi hökmdarı Şah Süleyman Məhəmməd Rabi ibn Məhəmməd İbrahimi Ayutiya krallığına səfir göndərir. Səfəvi səfiri Məhəmməd Rabini Ayutiya krallığında Böyük Kral Narayın saray xidmətçisi Səfəvi əsilli Hacı Səlim qarşılayır. Hacı Səlim özünü keçmiş Səfəvi səfiri kimi tanıdır. Səfəvi səfiri Məhəmməd Ayutiya krallığının digər bölgələrinə də səyahət edir.

Səfəvi səfiri Məhəmməd, səfər qeydlərində yazır ki, Mequy bölgəsinin qubernatorunun Səfəvi əsilli Mazandarandan olan Seyyid olduğunu öyrənir. Çao Praya adlı çayla müasir Banqkok şəhərinə çatan Səfir Məhəmməd burada yenə heyrətlənir. Məlum olur ki, Banqkokun qubernatoru Anadoludan olan Çələbi ləqəbli bir Osmanlı türküdür. Bu türk sünnilikdən şiəliyə keçmiş və burada qubernatorluğa qədər yüksəlmişdi.

Səfir bölgənin siyasətini, dinini və adətlərini də öyrənir.

Qeyd edək ki, Səfəvi səfiri öz xatirələrini və səyahət qeydlərini “Safineyi Süleymani” (Süleymanın gəmisi) kitabında toplayır. Bu əsərin iki əlyazması məlumdur. Biri Britaniya Muzeyində, digəri İrandadır.

John O’Kane kitabı “The Ship of Sulaiman” başlığı ilə 1972-ci ildə İngilis dilinə tərcümə etmişdir.

Vahid İbayev

Write A Comment