Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türkistanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır.

Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır.

Tədqiqatçılardan bəzilərinin fikrincə bu toponim hun qəbilələrindən olan quşanların (qara hunların) adı ilə bağlıdır.

İlk dəfə N.A.Aristov kuşçu tayfasının hunlarla əlaqədar olduğunu söyləmişdir. M.H.Vəliyevə görə quşçular III-VI əsrlərdə Azərbaycana gəlmiş hunların qalıqlarıdır. Onun fikrincə Azərbaycana 227-ci ildə gəlmiş hunlar “quşan” (qara hunlar) və hun-Sabirlər idilər. Abramson və Ə.Hüseynzadə bu etnonimin kökündə türk və Azərbaycan dillərindəki kuş (quş) sözünün durduğunu və bütünlükdə etnonimin “Ovlayan quşla məşğul olan” mənasını verdiyini söyləmişdir.

N.Piqulevskaya yazır ki, kuşanların içərisində türk tayfaları da vardı. Bunu Kuşan çarlarının yabqu adlanması da aydın göstərir ki, bu da “şahzadə” deməkdir. Təbəri IX əsr Kuşan çarlarını “Xoqan” adlandırmışdır.

Quşçi adının müxtəlif variantlarına həm Azərbaycan Respublikasında, həm də azərbaycanlıların əzəldən yaşadıqları digər ərazilərdə rast gəlirik:

  • Quşçu – Göygöl, Yevlax, Laçın və Şamaxı rayonlarında dörd kənd;
  • Quşçu Dağı (1421 metr), Quşçular Dağı – Şamaxı və Xocavənd rayonlarında dağ adları;
  • Quşçu kəndi, Quşçu məbədi, Quşçu Dağı – Daşkəsən rayonunda;
  • Quşçu-Ayrım, Dondar Quşçu, Aşağı Quşçu – Qazax və Tovuz rayonlarında üç kənd;
  • Dəli Quşçu, Dağ Quşçu, Çöl Quşçu – Zərdab, Siyəzən və Şabran rayonlarında üç kənd;
  • Quşlar (Quşilər) – Qəbələ və Kürdəmir rayonlarında iki kənd;
  • Quşçular – Goranboy, Cəbrayil və Xocavənd rayonlarında üç kənd;
  • Aşağı Quşçular, Yuxarı Quşcular – Şuşa rayonunda iki kənd;
  • Quşlar kəndinin xarabalıqları – Oğuz rayonunda;
  • Quşar adlı nəsil – Qax rayonunun İlisu kəndində;
  • Quşçu, Quşçu qalası – Gürcüstanın Marneuli rayonunda kənd və tarixi abidə;
  • Quşi, Quşçu – İrəvan xanlığında üç kənd;
  • Quşi, Quşidərəsi – İrəvan quberniyasında iki kənd;
  • Quşçuqaya – Gəncə quberniyasının Qazax qəzasında mahal;
  • Quşçu – Ermənistanın Abaran və Dərələyəz rayonlarında iki kənd;
  • Quşçu – Ermənistanın Qafan rayonunda keçmiş kənd;
  • Quşçu – İranın Qərbi Azərbaycan ostanında şəhər;
  • Quşçu – İranın Şərqi Azərbaycan və Qəzvin ostanlarında iki kənd.

Write A Comment