Muhəmməd ibn Cəfər Sadiq öz dövrünün ən nüfuzlu şəxsiyyətlərindən biri idi. Abbasilər ondan çəkinirdilər.

İslam tarixçiləri Muhəmməd Dibacı cəsarətli və ölümdən qorxmayan bir şəxs kimi xarakterizə etmişlər. Muhəmməd silahlı müqaviməti yalnız ona görə dayandırmışdı ki, öz tərəfdarlarını xilas etsin.

Sözsüz ki, hər bir yaxşı komandir və rəhbər kimi Muhəmməd Dibac da ona inanıb arxasınca gedən adamların həyatına görə məsuliyyət daşıdığını anlayırdı.

Amma döyüşçüləri üçün amannamə aldıqdan sonra Muhəmməd Dibacın ən böyük arzusu yenidən azadlığa qovuşmaq olacaqdı. O, xəlifə Məmunu və ümumiyyətlə Abbasiləri kifayət qədər yaxşı tanıyırdı. Bu sülalənin nümayəndələri bağışlamağı bacarmırdılar.

Üsyana qoşulduğu gündən Abbasilər Muhəmmədin ölüm hökmünü vermişdilər. Beləliklə, onun düşdüyü vəziyyətdən yeganə çıxış yolu qaçmaq idi.

Qeyd etdiyimiz məsələ ilə əlaqədar ortaya bir neçə sual çıxır:

– Sual: Muhəmməd Dibacın nəzarət altından qaçıb gizlənməsi mümkün idimi?

– Cavab: Təcrübə göstərir ki, iradə və müvafiq imkanlar olarsa, ən sərt şəkildə qorunan yerdən də çıxmaq mümkündür.

– Sual: Muhəmməd Dibacdan heç bir xəbər-ətərin olmadğını görən Abbasilər onun ölümü haqqında şayiə yaya bilərdilərmi?

– Cavab: Əslində, həmin situasiyada belə bir məlumatın yayılması ən optimal tədbir sayıla bilər. Əks təqdirdə, tərəfdarları Muhəmməd Dibacı qeybə çəkilmiş imam elan edərdilər. Bununla da yeni üsyanlar üçün münbit şərait yaranardı.

– Sual. Həmin dezinformasiyanı daha inandırıcı etmək üçün ona bu elementləri əlavə edə bilərdilərmi: Seyidin cənazə namazını guya Xəlifə Məmunun özü qılmış, sonra isə Muhəmmədin 30.000 dinar borcunu da ödəmişdi?

– Cavab: Biz adətən bir məsələni unuduruq. Dəyişən, inkişaf edən yalnız zahiri əlamətlər, geyim və texnikadır. İnsan düşüncəsi, şüuru isə həmişə mürəkkəb olub.

Beləliklə, zənnimizcə, Muhəmməd Dibacın dəfni barədə əhvalat sonradan quraşdırılmışdı. Nəzərə almalıyıq ki, Abbasilər bu kimi məsələlərdə çox usta idilər. Onlar qəribə bir məntiqlə Babəki (798–838) və xürrəmiləri atəşpərəst, Şeyx Həsən Sabbahın (1050–1124) tərəfdarlarını isə tiryək aludəçiləri elan etmişdilər.

Monqolları Xarəzm üzərinə hücuma təhrik edib, bunun günahını ədalətli, imanlı və elmli türk hökmdarı Xarəzmşah Əlaəddin Muhəmmədin (1169–1220) üstünə atmışdılar. Məhz belə “bacarıqlı və fərasətli” olduqlarına görə Abbasilər 508 il (750–1258) ərzində səltənəti öz əllərində saxlamışdılar.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

1-сü hissəyə keçid linki: https://millikimlik.az/2022/5497/

2-сü hissəyə keçid linki: https://millikimlik.az/2022/5530/

4-сü hissəyə keçid linki: https://millikimlik.az/2022/5536/

Write A Comment