İslam aləmində ən geniş yayılmış sufi təriqətlərindən biri olan Xəlvətilik Azərbaycanla bağlıdır.

Xəlvətilik təriqəti İbrahim Zahid Gilaninin tələbəsi olan Şeyx Əxi Məhəmməd Xarəzmi zamanında Xəlvəti adını alır.
Təriqətin böyük ustadları sırasında Pir Ömər, Camaləddin Təbrizi və digər sufilər olub. Amma onlardan biri, haqqında danışacağımız şəxs bu təriqəti Azərbaycan sərhədlərindən çıxararaq bütün dünyaya yayıb.


Xəlvətilik, adından da bəlli olduğu kimi, üzvlərinin dağlarda və meşələrdə xəlvətə çəkilərək yalnızlıq halında təfəkkür və ibadət etməsini bildirir. Qırx günlük yalnızlıq daha çox xanəgahda, xüsusi dar bir hücrədə və sufi mürşidin nəzarəti altında gerçəkləşdirilirdi.
Burada yemə, içmə, yatma, söhbət kimi nəfsin istəklərinə qoyulan məhdudiyyətlər ilə sufinin öz iradəsini nəzarət altına alması, zikr, təfəkkür və ibadətlə qəlb gözünün açılması, qəlbin mənəvi ilhamları qəbul etməyə uyğun hala gəlməsi məqsədi güdülürdü. Xəlvətilər bu prinsipin yerinə yetirilməsində böyük diqqət göstərər və bunu ildə bir dəfə tətbiq edərdilər.

Həzrət Məhəmmədin (s) Hira dağında 40 gün insanlardan və dünyadan qoparaq Allahı düşünməsi xəlvətə çəkilmək hesab olunur. Sonrakı dövrdə böyük İslam alimləri, şəxsiyyətlər bu əməli təkrar etmiş. Müəyyən müddətlərdə insanlardan ayrılaraq günlərini Allaha ibadət və zikrə həsr edib.
Xəlvətə çəkilmə müddətinin 40 gün davam etməsi Məhəmməd Peyğəmbərin (s) söyləmiş olduğu bir hədisə söykənir: “Qırx gün bütün əməllərini səmimi sevgi ilə Allah üçün edən kimsənin ürəyindən dilinə doğru hikmət bulağı axar”.

Xəlvətilik təriqətinin xüsusiyyətlərini bu təriqətin mənsublarından Həririzadə Tibyan adlı əsərində aşağıdakı kimi açıqlayıb: “Xəlvətilik təriqəti kəlimeyi-tövhid və gizli-açıq əsmayi-səba üzrə zikrə davam etmək, yuxunun təbir və təvili, hadisələrin nəfsə və qəlbə təsirini nəzərə alaraq, könlü masivadan təmizləmə üzərində qurulub”.
Həzrət Musanın (ə) Allahla danışmazdan əvvəl 40 gün oruc tutması və Sina dağında xəlvətə çəkilərək zikr və ibadətlə məşğul olması Xəlvəti təriqətinin əsas istinad və ilham qaynağıdır.

Xəlvətiliyin ən böyük özəlliyi bu təriqətin bütünlüklə Azərbaycan türkləri tərəfindən yaradılması, inkişaf etdirilməsi və yayılmasıdır. Bu təriqətin Azərbaycan sınırlarını aşaraq bir çox ölkələrdə tanınması və yayılması da ünlü Azərbaycan sufisi Seyid Yəhya Bakuvinin çalışmaları sonunda gerçəkləşmişdir.
Sırf Türk –İslam sufi cərəyanı kimi meydana gələn Xəlvətiliyin digər özəlliyi isə sünniliyin və şiəliyin sintezi kimi çıxış etməsi olmuşdur. Bu təriqətdə həm sünnə, həm də İmam Əli və əhli-beyt sevgisi təbliğ edilir.

Hazırladı: Kənan Rövşənoğlu

Write A Comment