Şəmşəddillər kimlərdi?

Zülqədər eli Hacılar, Sarışıxlı, Çiçəkli, Camışlı, Qurğulu, Bayatoğlu, Eymur, Mehnalı, Qalxançioğlu, Söklən, Qaraca-Sevgülən, Şəmşaddil, Dəmirçili, Tatılı oymaqlarından ibarətdir.
M.Vəlili (Baharlı) “Azərbaycan Coğrafi-təbii etnoqrafik və iqtisadi mülahizat” adlı kitabında Zülqədər elinin Gəncə vilayətinin Şəmşəddil mahalında yerləşməsindən bəhs edərək yazırdı:

“Zülqədərlər ilk əvvəl Şirazı işğal edərək burada məskunlaşdılar.
Sonradan buradan da Kiçik Asiyaya köçüb, Diyarbəkir və Mosulda oturdular. Burada qüvvətlənib bir xanlıq qurdular.
Bu məmləkəti 1278-ci ildən 1525-ci ilə kimi doqquz nəfər hakim idarə etmişdir. Qonşu millət va qəbilələr də onlara tabe idilər. 1515-ci ildə bu xanlıq Sultan Səlimə tabe edildi. Bu hadisədən sonra zülqədərlərin bir hissəsi Qafqaziya Azərbaycanına keçdilər və Gəncə vilayətinin Şəmşəddil nahiyəsində oturdular. Onlar indi də orada yaşamaqdadılar”.

Abbasqulu ağa Bakıxanovun Şəmşəddil əhalisinin Zülqədər elindən olması haqqında qeydlərinə nəzər salaq:
«Sultan Səlim, 1515-ci ildə, Çaldıran döyüşündə Şah İsmayıla qalib gəldi və Təbrizi aldı [1514]. O, burada doqquz gün qaldıqdan sonra Ruma qayıtdı. Qürurunun çoxluğundan, Zülqədəroğlu Əlaüddövlə bu iki padşahdan heç birini (Sultan Səlimi və Şah İsmayılı) tanımaq istəmirdi. Buna görə Sultan Səlim Farhad Paşaya onu cəzalandırmağı əmr etdi.
Əlaüddövlə öz tayfasından bir çoxu ilə bərabər öldürüldü. Sağ qalanlardan bəzisi Ruma dağıldı və bir hissəsi də sonralar Azərbaycana gəldi. Şəmşəddil mahalı bunlardandır. Zülqədərlərin bəziləri də Car, Tala və Dağıstanla qonşu olan yerlərə dağıldılar. Ləzgilər z hərfini «b hərfi ilə dəyişərək, bunlara indi də Bülqədər deyirlər».

Sovet şərgşünası Petruşevski isə yazırdı ki, Şəmşəddil, Zəyəm dairəsi və onun qərbindəki sahə, I Şah İsmayılın dövründən Şəmşəddil tayfası buranı irsi ölkə kimi almışdı. Şəmşəddil tayfasının adı ilə bağlı olan bu dairə sonralar Şəmşəddilli adlanıb.
Şəmşəddil tayfası qızılbaş eli olan Zülqədərin qoludur. 1605-ci il mayın 10-da Əli sultan Şəmşəddil-Zülqədər I Şah Abbasdan Şirvanda ölkə almışdı. O, bu ölkəni irsən övladlarına vera bilərdi.”

Ənvər Çingizoğlu. Nərminə Məmmədova. “Zülqədər eli”.


Write A Comment