“…cəbhə boyu vahiməli ya Allah hayqırtıları gəlirdi”

Lənkəran–Astara cəbhəsindəki uğursuzluqlar, eləcə də ağqvardiyaçılarla qırmızıların bir-birinə dərin nifrəti onların arasında qanlı toqquşmalara gətirib çıxardı.

Azərbaycanlılara qarşı vuruşan bolşeviklər arada imkan tapdıqca əllərinə düşən ağqvardiyaçılara dəhşətli işgəncələr verir, sonra isə onları ya (qılıncla) doğrayıb, ya da güllələyib Xəzər dənizinə atırdılar. Ağqvardiyaçılar da eyni şövqlə qırmızıları öldürürdülər.
Muğan Sovet Respublikasının əsas rəhbərlərindən olmuş məşhur bolşeviklər Timofey İvanoviç Ulyantsev-Otradnevlə (1888–1919) İvan Osipoviç Kolomiytsevi (1896–1919) məhz ağqvardiyaçılar qətlə yetirmişdilər. Qeyd etmək lazımdır ki, Sovet Rusiyasının İrandakı ilk diplomatik nümayəndəsi İ.O.Kolomiytsev həm də xidməti vəzifələrini yerinə yetirərkən öldürülmüş ilk sovet diplomatı hesab olunur.

Həmin ərəfədə Muğanın rus kəndləri də bir-birlərinin üstünə silah qaldırdılar. Çünki bəzi kəndlər bolşevikləri, bəziləri isə ağqvardiyaçıları dəstəkləyirdilər. Digər səbəb isə o idi ki, rus kəndlərinin sakinləri xristianlığın müxtəlif təriqətlərinə etiqad edirdilər. Faktiki olaraq Muğan rusları arasında vətəndaş müharibəsi həm siyasi, həm də dini xarakter almışdı.
1919-cu il iyulun 24-dək azərbaycanlı mücahidlər çoxlu artilleriyası və zirehli avtomobilləri olan düşmənin şiddətli müqavimətini qırıb Lənkəran şəhərinin böyük bir hissəsini qırmızılardan azad etdilər. Bolşeviklər əlacsız qalıb ağqvardiyaçıların kimandiri Boris Aleksandroviç Xoşevdən (1898–1979) yardım istədilər. Ağqvardiyaçı kapitan Vasiliy Alekseyeviç Dobrınin (?–1957) yazırdı:

“Biz Lənkərana yaxınlaşanda hava qaralmışdı. Şiddətli döyüş gedirdi. Tatarlar (əslində isə, talışlar) dayanmadan həmlə edirdilər. Onlar qırmızıları darmadağın edib, Lənkərana birinci daxil olmaq istəyirdilər. Qırmızı ordunun ruhunu qaldırmaq və düşməni heç olmasa azacıq geri oturtmaq üçün dərhal bütün toplardan atəş açmalı olduq”.
1919-cu il iyulun 25-də isə Lənkəran bolşeviklərinə növbəti zərbəni onların köməyinə gəlmiş ağqvardiyaçılar vurdular. Sonuncular qəfildən şəhərə daxil olub qırmızıların salamat qalmış mövqelərini ələ keçirdilər. Komissarlar başılovlu halda qaçmağa başladılar. Onlardan bəzilərini Lənkəran ətrafında Muğan rusları öldürdülər.

Gəmilərə minib aradan çıxanları isə Xəzər dənizində denikinçilər tutub güllələdilər. 1919-cu il iyulun 26-da Muğan Sovet Respublikası süquta uğradı və elə həmin gün ağqvardiyaçılar yenidən öz hakimiyyətlərinin bərpa olunduğunu elan etdilər.
Azərbaycanlılarla ağqvardiyaçılar arasında döyüşlər başlandı. Ağqvardiyaçı zabit V.A.Dobrınin: “Bütün cəbhə boyu toplarımızın aramsız atəş səsləri, bizə tanış olan vahiməli ya Allah hayqırtıları gəlirdi”.
1919-cu il avqustun 10-da ağqvardiyaçıların əks-hücum cəhdi iflasa uğradı. Talış mücahidləri (Hüseyn Ramazanovun, Şahverən Əsgəroğlunun, Hacı Osmanın, Nəcəfqulu bəyin, Yusif Camal bəyin, digər əmirlərin dəstələri) və Azərbaycan ordusunun özünü yetirmiş hissələri ağqvardiyaçıları məğlub edib pərən-pərən saldılar.

Böyük Britaniyanın mövqeyi separatçıların son ümidlərini də alt-üst etdi. Kapitan V.A.Dobrıninin qeydlərinə nəzər salaq: “Rus dilini kifayət qədər yaxşı bilən ingilis mayoru komandirimiz Xoşevə rəsmi şəkildə bildirdi ki, o, bütün Muğan zonasının dərhal Azərbaycana verilməsi barədə müttəfiqlərin hərbi komandanlığının tələbini bizə çatdırmaq səlahiyyətinə malikdir.
Çünki bütün bu torpaqlar coğrafi mövqeyinə, əhalisinin tərkibinə və çoxəsrlik tarixinə görə Rusiyadan asılı olmayan, artıq bütün dünyanın tanıdığı müstəqil respublikanın (Azərbaycanın) tərkib hissəsidir. Müttəfiq komandanlığın Azərbaycandakı nümayəndələri isə Versal konfransının xalqların öz müqəddəratını azad təyin etməsi barədə qərarlarının dəqiq yerinə yetirilməsinə nəzarət etməyə borcludurlar”.


Xoşev ingilis mayoruna qəribə bir cavab verdi: “Rusiya yeganə nəhəng ölkədir ki, əsarət altında saxladığı heç bir müstəmləkəsi yoxdur. Sizin narahatçılığınız üçün də heç bir əsas görmürəm. Bir zabit, həm də Baş Qərargahın zabiti kimi, əlbəttə, gözəl başa düşürsünüz ki, doğma Rusiya torpaqlarımızın (?!) özgə ərazilərinə tamah salanlara (?!) könüllü təhvil verilməsi barədə qərarı özbaşına qəbul edə bilmərəm.
Rusiya komandanlığının birbaşa və dəqiq göstərişi olmadan belə məsələləri müzakirə etmək hüququna malik deyiləm və bu təklifi tamamilə yersiz sayıram”.

“Böyük Britaniya hərbçisi dedi: Bu, təklif deyil, müttəfiq hərbi komandanlığın ultimativ tələbidir. Ona əməl edilməsə silahlı cəza tədbirləri qaçılmaz olacaqdır. Sizə qətiyyətlə tövsiyə edirəm ki, bu barədə yaxşı düşünəsiniz”.
Rus zabiti öz ampluasında idi: “Ser, məsləhətinizə görə təşəkkür edirəm. Lakin bizim müttəfiqlik münasibətlərinə, vəzifə, şərəf borcuna baxışlarımız çox fərqlidir. Bir daha təkrar edirəm ki, general Denikinin birbaşa göstərişi olmadan apardığımız bütün söhbətlər tamamilə faydasız və mənasızdır.

Bizə qarşı cəza tədbirlərinə əl atacağınız barədə səxavətli təhdidinizdən sonra sizinlə müzakirə edə biləcəyimiz heç nə qalmadı. Sizin kimi müttəfiq düşmənimiz silah gücünə, misli görünməmiş xəyanət, şantaj və terror hesabına Rusiyadan ayrı düşmüş Muğanımızı müvəqqəti zəbt edə bilər.
Amma heç bir vaxt və heç bir yolla böyük vətənimə rəzil xəyanətdə sizin könüllü yardımçınız olmağa məni məcbur edə bilməyəcəksiniz!”
“Qəzəbdən və həyəcandan boğulan ingilis mayoru çətinliklə soruşdu: Bu son sözünüzdür?”
“Xoşev danışıqları bitirməyə tələsərək yerindən sıçrayıb az qala qışqırdı: Bu mənim sözüm deyil, bu rus zabitinin öz andına borcudur! Xoşevin ingilis zabiti ilə bu şəkildə danışmasının səbəbi bu idi ki, o, söhbətdə iştirak edən digər rus zabitlərinin üzündəki qorxunu görüb onların təslim olacaqlarından ehtiyat etmişdi”.

“Çağırılmamış qonaqlar soyuq şəkildə təzim edərək Lənkəranı tərk etdilər”.

B.A.Xoşev kimi şovinistlərin müəyyən cəhdlərinə baxmayaraq 1919-cu il avqustun 10-da separatçılar silahlarını yerə qoyub təslim oldular və Azərbaycan Xalq Cümhuriyyətinin bölgə üzərində qanuni hakimiyyətini tanıdılar.
Qeyd etmək lazımdır ki, indiki Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisinin elliklə üsyan qaldırıb bolşeviklərə və ağqvardiyaçılara qarşı silahlı mübarizəyə başlaması Azərbaycanın ərazi bütövlüyünün yenidən bərpa olunmasında müstəsna rol oynadı.

Həmçinin onu da vurğulamalıyıq ki, yerli mücahidlər düşmənlə mübarizənin əsas ağırlığını öz üzərlərinə götürüb yüzlərlə, minlərlə şəhid verdilər. Məhz onların qəhrəmanlığı və fədakarlığı sayəsində Azərbaycan ordusu az itkilərlə Muğan-Lənkəran bölgəsində Azərbaycan dövlətinin suveren hüquqlarını bərqərar etdi.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Araz Şəhrili

3-cü hissəyə keçid linki: https://millikimlik.az/2022/4711/
2-cü hissəyə keçid linki: https://millikimlik.az/2022/4691/
1-cü hissəyə keçid linki: https://millikimlik.az/2022/4685/

Write A Comment