Muğanda baş verənlər…

1919-cu il aprelin 25-də bolşeviklərin Lənkəranda hakimiyyəti ələ keçirməsi Muğanın rus kəndlərində ictimai-siyasi şəraiti mürəkkəbləşdirdi. Ağqvardiyaçı kapitan Vasiliy Alekseyeviç Dobrınin (?–1957) yazır:

“Muğanın özündə bolşeviklərin işi bir qədər çətinliklə gedirdi. Çünki burada rus kəndlilərinin əksəriyyəti varlı idi. Muğanlılar (ruslar) kommunist ideyalarını mənimsəmək istəmirdilər.
Yalnız Privolnensk kəndinin əsgərləri (subbotniklər təriqətinin üzvləri), eləcə də Qriqoryevka və Petrovka kimi bəzi yandırılmış rus kəndlərinin sakinləri bolşeviklərin tərəfinə keçdilər. Onlar əmlaklarını itirdikdən sonra dağıdılmış tatar kəndlərində özbaşına məskunlaşmışdılar.

İndi isə ağızlarını acgözlüklə açıb nəzərlərini başqa insanların (digər kəndlərin ruslarının) var-dövlətinə dikmişdilər. Lənkərandakı İran konsulu və Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndəsi çevrilişdən dərhal sonra Muğanı tərk etdilər. Beləliklə, təkcə Bakı ilə deyil, bütün dünya ilə bütün əlaqəmiz kəsildi”.
Haşiyə. Zənnimizcə, göstərilən məlumatın ən maraqlı hissəsi İranın (Qacar) Lənkərandakı konsulunun Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndəsi ilə birgə hərəkət etməsi, bolşevik çevrilişindən sonra onunla birlikdə bölgədən çıxmasıdır. Bu fakt onu göstərir ki, müəyyən iddialara rəğmən, ən azı 1919-cu ilin əvvəllərindən etibarən Qacarlar Məmləkətinin Azərbaycan Xalq Cümhuriyyətinə münasibəti heç də aqressiv olmamışdır.

O da doğrudur ki, 1918-ci ilin sentyabr-noyabr aylarında bu iki dövlət arasında müəyyən anlaşılmazlıqlar baş vermişdi. Bəzi müəlliflərin yazdıqlarına görə, Azərbaycan Xalq Cümhuriyyətinin adı Qacarları müəyyən dərəcədə qıcıqlandırmışdı. Onların ən çox qorxduqları, ehitiyat etdikləri məsələ Qacar dövlətinin özəyi və əsası hesab olunan Cənubi Azərbaycanı itirmək idi.
Lakin cümhuriyyət rəhbərlərinin düzgün xarici siyasəti, eləcə də görünür ki, Qacar şahının özünün milli hissləri və vəziyyəti düzgün qiymətləndirməsi iki türk (Azərbaycan) dövləti arasında münasibətlərin yüksələn xətt üzrə inkişafına gətirib çıxardı.

1919-cu ulun martında Azərbaycan dövləti özünün fövqəladə missiyasını Tehrana göndərdi. Həmin ilin iyulunda AXC hökuməti İranda səfirlik və konsulluqlar açmağı qərara aldı. 1920-ci il yanvarın 15-də Azərbaycanın İrandakı ilk səfiri Adil xan Ziyadxanov (1870–1957) öz etimadnaməsini Qacar dövlətinin rəhbərliyinə təqdim etdi.
Məlumat üçün qeyd edək ki, Adil xan Ziyadxanov ata xətti ilə Azərbaycan xalqının qəhrəman oğlu Cavad xan Ziyadoğlu Qacarın (1748–1804) kötücəsi, ana xətti ilə vətənpərvər və igid şahzadə Abbas Mirzə Qacarın (1789–1833) nəticəsi olmuşdur.
Yeri gəlmişkən, sözügedən dövrdə Qacar dövlətinə rəhbərlik etmiş Sultan Əhməd şah Qacar (1898–1930) da ata xətti ilə məhz şahzadə Abbas Mirzənin nəslindən idi.

V.A.Dobrınin 1919-cu ilin may-iyun aylarında Lənkəran qəzasında yaranmış vəziyyəti belə təsvir edir: “Hakimiyyət başına keçdikdən dərhal sonra bolşeviklər maliyyə vəziyyətlərini yaxşılaşdırmağa başladılar. Qızıl Ordunun ehtiyaclarını ödəmək adı altında Lənkərana yaxın kəndlərin tatarlarından (türklərdən və talışlardan) ərzaq, mal-qara, at və arabaları, şəhər sakinlərindən və tacirlərdən isə qiymətli əşyaları: manufakturanı, müxtəlif malları və ümumiyyətlə özləri üçün lazım olan hər bir şeyi zorla almağa başladılar.
Cəzasızlıq mühiti onların iştahasını hər gün daha da alovlandırırdı. Bolşeviklər rekvizisiya ilə kifayətlənməyib kəndlərə və bütöv rayonlara bac-xərac qoydular. Belə hallarda onlar girov götürüb həbsxanaya atırdılar. Pul tələb olunan müddətdə verilmədikdə girovları güllələyirdilər.

Kəndlərdə peyda olan qırmızı patrullar tatarları (türkləri və talışları) nəinki açıq-aşkar soyurdular, həm də yerli sakinləri öldürür, qadınları zorlayırdılar. Nəhayət, bolşeviklər işi o yerə çatdırdılar ki, vəhşiləşmiş (əslində, hiddətlənmiş) tatarlar (əslində, talışlar) sərhəd auluna gəlmiş Qızıl Ordu əsgərlərinin hamısını qətlə yetirdilər. Bütün bölgə ayağa qalxdı.
Tatarlar (talışlar) Astaranı elə həmin gün ələ keçirib bolşeviklərlə lazımınca məşğul oldular. Bu zaman bəzi günahsız ruslar da əziyyət çəkdilər. Çünki bir tərəfdən tatarların (talışların) araşdırma aparmaq üçün vaxtları yox idi, digər tərəfdən isə bu hadisələrdə onların köməyinə gəlmiş iranlı quldurlar da (əslində, şahsevən tayfalarının döyüşçüləri) iştirak edirdilər.

Azərbaycan dərhal üsyançılara silah-sursat, pulemyot, artilleriya qurğuları və təlimatçılar göndərməyə başladı. Beləliklə, bir neçə gün ərzində burada əsl cəbhə yarandı. Bu mübarizə bizim üçün çox təhlükəli idi. Çünki istənilən anda qazavat yenidən alovlana bilərdi”.
Qeyd. V.A.Dobrınin bölgənin müsəlman əhalisini ucdantutma tatar adlandırmışdır. Bu, oxucunu təəccübləndirməməlidir. Bölgəni kənardan öyrənən digər müəlliflər – tarixçilər, etnoqraflar, linqvistlər adətən türkləri və talışları bir-birindən ayırırdılar.

Lakin maraqlıdır ki, bir neçə il bilavasitə Lənkəran-Muğan zonasında yaşamış, müxtəlif situasiyalarda həm türklərlə, həm də talışlarla çoxsaylı kontaktlarda olmuş kifayət qədər savadlı və diqqətli rus zabiti onları bir-birindən fərqləndirmək fikrinə düşməmiş, hamısını eyni etnosun nümayəndələri kimi təqdim etmişdir.
Zənnimizcə, məsələyə verilmiş ən obyektiv qiymət, çıxarılmış ən doğru nəticə də məhz bu idi. Azərbaycanlılar arasında milli birliyin, vəhdətin əsası hələ Midiya dövründə qoyulmuş, III Salur Ərtaban, Babək Xürrəmi, Şah I İsmayıl Səfəvi kimi nəhəng şəxsiyyətlərin sayəsində zamanla daha da möhkəmlənmişdir.
Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment