1918-ci il: Lənkəran və Muğan od içində

Məlum olduğu kimi, 1828-ci il fevralın 10-da Rusiya imperiyası ilə Qacarlar Məmləkəti arasında bağlanmış Türkmənçay müqaviləsindən sonra Azərbaycanın qərb torpaqlarına Türkiyə və İrandan xeyli hay (erməni) köçürülmüş, beləliklə Azərbaycanla Türkiyə arasında bufer zonası yaradılmışdı.

Lakin çar hökuməti bununla kifayətlənməmişdi. 1838-ci ildən etibarən Azərbaycanın Lənkəran-Muğan bölgəsinin ruslarla məskunlaşdırılmasına başlandı. İmperiyanın rəsmi dinini – Rus pravoslav kilsəsini tanımayan, xristianlığın, o cümlədən, pravoslavlığın müxtəlif təriqətlərinə etiqad edən rusları buraya köçürən mütləqiyyət aşağıdakı məqsədləri güdürdü: etibarsız hesab etdiyi elementləri Rusiyanın mərkəzi quberniyalarından uzaqlaşdırmaq;
azərbaycanlılarla Qacarlar Məmləkəti arasında bufer zonası yaratmaq.

1913-cü ilin statistik məlumatlarına əsasən, Muğandakı 55 yaşayış məntəqəsində ən azı 20.000 rus yaşayırdı. Digər məlumata görə, bölgədə məskunlaşmış rusların sayı 50.000 nəfərdən çox idi. Rus kəndləri azərbaycanlıların otlaq sahələrində salındığına görə yerli əhali ilə gəlmələr arasında tez-tez münaqişələr baş verirdi.
1917-ci ilin oktyabr çevrilişindən sonra Osmanlı cəbhəsindən geri dönən rus hərbçilərinin bir hissəsi və xeyli silahlı erməni Muğan-Lənkəran zonasına gəldi. 1918-ci ilin əvvəllərində məhz onların təhriki və bilavasitə iştirakı ilə müsəlman kəndlərinə qanlı hücumlar təşkil olundu.

1918-ci il fevralın 25-də 1000 nəfərə yaxın keçmiş çar hərbçisindən ibarət güclü birləşmə indiki Cəlilabad və Biləsuvar rayonlarının müsəlman kəndlərinə qəfil basqın etdi. Xırmandalı, Təklə, Alar, Zopun, Güllü kəndləri, ümumilikdə 20 yaşayış məntəqəsi yandırıldı, xeyli qadın və uşaq qətlə yetirildi. Zərbə gözlənilməz və sarsıdıcı olsa da yerli əhalinin müqavimət əzmi sınmadı.
Artıq fevralın 27-də Cəlilabadın Sərhədabad kəndi ətrafında qanlı döyüşlərdə azərbaycanlılar qalib gəldilər. Azərbaycan süvarilərinin şiddətli həmləsi nəticəsində düşmən çoxlu itki verib geri çəkildi.

Haşiyə. Ağqvardiyaçıların məğlub olduğu döyüşdə azərbaycanlıların komandiri rus ordusunun sabiq rotmistri (kapitanı) Maliyev idi. Diqqətəlayiqdir ki, azərbaycanlılara qarşı savaşmış ağqvardiyaçı zabit Vasiliy Alekseyeviç Dobrınin (?–1957) kapitan Maliyevi əla zabit və əvəzolunmaz yoldaş kimi xarakterizə etmiş, onun qırğınlar başlayan kimi tatarların (azərbaycanlıların) tərəfinə keçdiyini göstərmişdir.

Ehtimalımıza görə, kapitan Maliyev milliyyətcə tatar və ya qazax idi.

Həmin qanlı hadisələrin iştirakçısı olmuş rus zabiti V.A.Dobrınin yazır: “O vaxt Muğanda baş verənləri müharibə adlandırmaq mümkün deyil. Bizim dəstədən başqa, bütün kəndlərin kişiləri (ağqvardiyaçı ruslar) öz ailələri, arvad və uşaqları ilə birlikdə özbaşına ayağa qalxaraq tatar aullarını darmadağın etdilər.
Bu, dəhşətli və iyrənc bir hadisə idi. Cinsindən və yaşından asılı olmayaraq hamını öldürürdülər. Hamilə qadınları süngü ilə qətlə yetirir, körpə uşaqların başlarını tüfəngin qundağı ilə əzir, qarşılarına çıxan bütün kəndləri yandırıb qarət edirdilər. Bütün bu dəhşətli mənzərələrin aciz və lal şahidi olmaq bizim üçün xüsusilə ağır idi.

Zabitlərdən hansısa bu biabırçılıqlara dözməyib muğanlıları (ağqvardiyaçı rusları) dayandırırdısa, onlar az qala hamımızı satqın hesab edir və anlaya bilmirdilər ki, əgər indi özümüz (rus zabitləri) quldurları (dinc müsəlmanları) müdafiə ediriksə, onda Muğana nə üçün gəlmişik. Onlar qabalıq edir və deyirdilər:

Əgər sənin ruslardan daha çox tatarlara yazığın gəlirsə, onda onların yanına çıx get. Bizim belə xilaskarlara ehtiyacımız yoxdur. Aciz qadın və uşaqların qətlini şərəfsiz və alçaq əməl adlandırdıqda isə muğanlılar (ağqvardiyaçı ruslar) qəzəblənirdilər”. Qeyd etmək lazımdır ki, 1918-ci ilin qanlı mart soyqırımı da Lənkəran-Muğan bölgəsindən yan ötmədi.
Daşnaklardan, ağqvardiyaçılardan və bolşeviklərdən ibarət quldur dəstələri minlərlə günahsız insanı qətlə yetirdilər.
1918-ci il avqustun 1-də Muğan Müvəqqəti Hərbi Diktaturası adlı qondarma qurum təsis edildi. Bu “dövlətin” mərkəzi indiki Cəlilabad rayonunun Prişib (Göytəpə) kəndi, “rəsmi dili” isə rusca idi. Separatçılara ağqvardiyaçı general Denikin kömək edirdi.

1918-ci ilin avqust ayından sonra sözügedən saxta rejimin 10.000-dək döyüşçüsü, 16 topu, 40 pulemyotu, 3 zirehli maşını, 2 sürətli döyüş kateri, 2 hidroplanı vardı.
Haşiyə. Həm ağqvardiyaçı general Denikin, həm də Sovet Rusiyası Muğana gələcək plasdarm kimi baxırdılar. Onlar əvvəlcə burada möhkəmlənmək, sonra isə dəniz yolu vasitəsilə Muğan-Lənkəran zonasına iri qoşun hissələri çıxarıb Azərbaycan Xalq Cümhuriyyətinə eyni vaxtda şimaldan və cənubdan zərbə endirmək istəyirdilər. Lakin Azərbaycan rəhbərliyi onların niyyətlərindən agah idi.

Azərbaycan Xalq Cümhuriyyəti Muğanın rus separatçılarına qarşı fəal tədbirlər həyata keçirməyə başladı. Bu məsələdə Böyük Britaniya Azərbaycanı dəstəklədi. Əvvəlcə Britaniyanın Bakıdakı hərbi qubernatoru general Vilyam Tomson (1877–1963) Azərbaycandakı rus zabitlərinə silahlı qruplar yaratmağı qadağan etdi. Sonra Lazar Biçeraxovun (1882–1952) kazak dəstəsini və ağqvardiyaçı general Denikinin (1872–1947) nümayəndələrinin əksəriyyətini Azərbaycandan qovdu.
İngilislərin növbəti addımı keçmiş Rusiya imperiyasının Xəzər donanmasının Bakı limanındakı hərbi gəmilərinin tərkisilah edilməsi oldu. Nəhayət, Azərbaycanın hüquq-mühafizə orqanları Muğan separatçılarına 2 milyon rubl yardım aparan denikinçi general Erdelini saxlayıb həmin pulu müsadirə etdilər.

Beləliklə, Muğanda ağqvardiyaçı rejimin mövcud olduğu ərazi blokadaya alındı.
Maliyyə mənbələrindən məhrum olmuş Muğan Müvəqqəti Hərbi Diktaturası 1919-cu il aprelin 24-də süqut etdi. Əslində isə iflasa uğrayan təkcə ağqvardiyaçıların qondarma rejimi deyil, həm də Muğan separatçılarının arzu və xəyalları idi. Lakin fanatizm və təkəbbürdən doğan istəklərə sərhəd qoymaq mümkün deyil.

Buna görə də belə ideyalar onların sahibləri üçün də təhlükəli olur. Situasiyadan məharətlə istifadə edən bolşeviklər fürsəti fotə verməyib 1919-cu il aprelin 25-də hakimiyyəti ələ keçirdilər. 1919-cu il mayın 15-də Muğan Sovet Respublikası quruldu.
MSR-in ordusu 6.000-dən çox döyüşçüdən, 9 topdan, 3 hidroplandan, zirehli avtomobillərdən ibarət idi. Qondarma respublika Lənkəranı özünə mərkəz elan etdi. Sovet Rusiyası Muğan bolşeviklərinə qoşun hissələri, pul və silah-sursat göndərməyə başladı.
Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Araz Şəhrili

Write A Comment