Əvvəl də xəbər verildiyi kimi, Xocalı soyqırımı qurbanlarının xatirəsinə, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə yaxın ərazidə yerləşən Xocalı rayonunun Pirlər kəndi yaxınlığında Azərbaycan hərbçiləri tərəfindən səsgücləndiricilərdən Azan səsləndirilmişdi.

Maraqlıdır ki, xatirə aksiyasında əvvəllər işğal olunmuş ərazilərimiz, qoşunlarımız tərəfindən azad edilərkən də tez-tez səslənən “Qarabağ azanı” adlanan azan oxunub.
Bu Azanın tarixi ilə İslam Əməkdaşlıq Təşkilatı GF-nun Avrasiya Mərkəzinin rəhbəri, ilahiyyat elmləri doktoru Elçin Əsgərovdan maraqlanmaq qərarına gəldik.

“Bu azan, şəhərin erməni qəsbkarları tərəfindən işğalından bir qədər əvvəl Ağdam məscidində yerli axund tərəfindən azan verilərkən lentə alınıb. Məhz bu azanın müqəddəs sözləri və sədaları altında, I Qarabağ müharibəsi zamanı, Ağdamda yerləşən əsgərlər və könüllülər cəbhəyə yollanırdılar; Xocalı qətliamının qurbanlarına yas tutulur və dəfn edilirdilər”, – deyə cənab Əsgərov bildirdi.

“Ağdamın işğalından sonra həmin Azan demək olar ki, unuduldu. Amma 2013-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin o vaxtkı rəhbəri Elşad İskəndərovun təşəbbüsü ilə “Qarabağ azanı – Haqqın və haqqımızın səsi” aksiyası çərçivəsində bu azan yenidən canlandırıldı.

Aksiyaya hazırlaşarkən, məscidin axundu Hafiz Sədrzadə də tapıldı. Onun saxladığı səs yazısı köhnəldiyi üçün, Ağdamda sonuncu dəfə səsləndiyi kimi Axund Hafizin ifasında yenidən lentə alınıb və orijinal səs yazısı tarix üçün rəqəmsallaşdırıldı.
İkinci həyat alan “Qarabağ azanı” “Xocalıya ədalət” kampaniyası çərçivəsində, ilk dəfə olaraq Ağdam rayonu ərazisində, qoşunların təmas xəttində keçirilən xüsusi tədbirdə qarabağ icması, ictimaiyyət və diplomatik korpus nümayəndələrinin iştirakı ilə yüksək səslə səsləndirilmişdi.
Bu tədbirin keçirilməsində məqsəd, digər məsələlərlə yanaşı, təmas xəttinin arxasında yerləşmiş separatçılara BİZ MÜQƏDDƏS YERLƏRİMİZİ UNUTMADIĞımızı yada salmaq idi.

Həmsöhbətimiz dedi ki, elə həmin yerdə E.İskəndərov tərəfindən təşəbbüs irəli sürüldü: Qarabağın qaytarılmasının müqəddəs borcunu xatırlayaraq, beynəlxalq tədbirlərdə, eləcə də respublikanın hər yerində cümə namazı üçün azan kimi “Qarabağ azanı” səsləndirilsin.
Beynəlxalq təşkilat olaraq artıq bir neçə ildir ki, İslam Əməkdaşlıq Təşkilatı GF Avrasiya Mərkəzi “Xocalıya ədalət” kampaniyası çərçivəsində müxtəlif tədbirlərdə fəal şəkildə Qarabağ azanını səsləndirirdi.
Bizim təşkilati dəstəyimizlə, Qarabağa olan haqqımızın simvolu olan azan Türkiyənin, İranın, Pakistanın tarixi məscidlərində, hətta Malayziyada dünyanın ən böyük məscidlərindən birində səsləndirilmişdi.

“Və Xocalı şəhidlərinin anım günündə azad Qarabağ səmasında məhz “Qarabağ azanının” səslənməsinin böyük bir müqəddəs rəmzi var – müqəddəs torpaqlarımıza qayıtmağımızın rəmzi, yaddaşımızla, torpağımızda yaşamaq haqqımızla, bizə güc verən həqiqət və imanla qayıtdıq.

Məncə, təsadüfi deyil ki, indi hərbi səsgücləndiricilərdən bu azanın sədaları artıq Xocalı torpağına yayılır. Bu, təkcə rəmz deyil, həm də əminlikdir ki, biz nəhayət bütün torpaqlarımıza qayıdacağıq və Xocalıdan Qarabağ azanı səslənəcək”.

İstinad: t.me/Caucasian_bureau/33474

Write A Comment