Ot öz kökü üstə bitər – Aprel döyüşləri şəhidi, Pəncəli Teymurovun babası Muğanda separatçılığa qarşı mübarizədə

Beləliklə, 1919-cu ilin iyununda bolşeviklərdən ibarət hərbi birləşmələrin əsgərləri Astaranın ən nüfuzlu və vətənpərvər şəxslərindən birinin – Hüseyn Ramazanovun evinə basqın edib onun iki oğlunu heç bir səbəb olmadan qətlə yetirdilər.
Bu qəhrəman insanı bolşeviklər qəzəblə quldur Çer Hüseyn adlandırırdılar. Bir neçə gün sonra Hüseyn Ramazanov və onun günahsız yerə öldürülmüş oğlunun nişanlısının atası Hüseyn Əlixan cavab zərbəsi endirdilər. Əvvəlcə Astara meşələrində qırmızıların iri hərbi dəstəsi darmadağın edildi.

Rus əsgərlərindən heç biri bu qırğından salamat çıxa bilmədi. Sonra isə mücahidlər birbaşa hücumla Astara şəhərini ələ keçirib oradakı silahlı bolşevikləri məhv etdilər.
İyunun 11-də Lənkərandan göndərilmiş rus qoşunu özünün canlı qüvvə, texnika (zirehli maşınlar) və silah-sursat (toplar, pulemyotlar, əl qumbaraları) sarıdan üstünlüyündən istifadə edib Astaranı geri qaytarmağa çalışdı. Şiddətli mübarizədən sonra bolşeviklər azərbaycanlıları sıxışdırıb şəhərin bir hissəsinə daxil oldular.

Onların gözləri qarşısında dəhşətli bir mənzərə açıldı: Astaranın küçələri mücahidlərin əlbəyaxa döyüş zamanı qılınc və xəncərlə doğradıqları sovet hərbçilərinin meyitləri ilə dolmuş, hər yer qana bələnmişdi.
Bolşeviklər bəzi mövqeləri ələ keçirsələr də, şəhərdə möhkəmlənə bilmədilər. Xəlil bəyin və Lerikin Zuvand zonasının Lüləkəran kəndindən olan Dağ Qartalı ləqəbli Şahverən Əsgəroğlunun dəstələri Hüseyn Ramazanovun köməyinə gəldilər. Şahverənin dəstəsində 500–600 döyüşçü, bir neçə pulemyot və iki yüngül dağ topu var idi.

Astara şəhəri, Pensər və Kakalos kəndləri ətrafında qanlı döyüşlər üç gün davam etdi. İyunun 14-də düşmən astaralıların və leriklilərin təzyiqi qarşısında tab gətirə bilməyib Lənkərana çəkildi.
Ehtimalımıza görə, Astaranı azad etmiş komandirlərdən biri – Xəlil bəy çar ordusunun general-mayoru Xəlil bəy Talışxanov (Talışinski) idi. O, 1859-cu ildə Tiflisdə anadan olmuş, I Dünya müharibəsində (1914–1918) iştirak etmiş və həmin dövrdə general-mayor rütbəsinə yüksəlmişdi.

Onun atası Mir Əli xan Talışxanov Mir Mustafa xanın nəvəsi və ya nəticəsi idi. Mir Mustafa xan isə ata və ya ana xəttilə Səfəvilər nəslindən olmuşdur. X.Talışxanov 1917-ci ildə Azərbaycana qayıtmış və Müsəlman Korpusunun 1-ci diviziyasının komandiri təyin edilmişdi.
O, diviziyanın 1-ci piyada alayını formalaşdırmaq məqsədilə 1918-ci il fevralın 24-də Bakıya gəlmişdi. Bolşeviklər X.Talışxanovu və qərargah zabitlərini elə vağzadaca həbs etmişdilər. Lakin bu əməl şəhərin müsəlman əhalisində böyük narazılıq doğurduğu üçün onları azadlığa buraxmağa məcbur olmuşdular.

X.Talışxanov və qərargah zabitləri Müsəlman Xeyriyyə Cəmiyyətinin “İsmailiyyə” binasında fəaliyyətə başlamışdılar. Xəlil bəyin yaratdığı alay mart qırğınları zamanı bolşevik-erməni qüvvələrinə inadlı müqavimət göstərmişdi. Məhz X.Talışxanovun, onun əsgər və zabitlərinin fədakarlığı sayəsində dinc əhalinin bir hissəsi şəhərdən çıxıb xilas ola bilmişdi.
Generalın sonrakı taleyi barəsində təəssüf ki, məlumatımız yoxdur. Amma görünür, Xəlil bəy Talışxanov dövlətinə və xalqına xidmətini davam etdirmiş, 1919-cu ilin iyun-avqust aylarında yerli əhalinin bolşeviklərə və ağqvardiyaçılara qarşı apardığı hərbi əməliyyatları planlaşdırmaq və koordinasiya etmək üçün Azərbaycan hökumətinin Lənkəran-Astara bölgəsinə göndərdiyi hərbi təlimatçılardan biri olmuşdur.

1919-cu il iyulun 17-də Hüseyn Ramazanovun, Şahverən Əsgəroğlunun, Hüseyn Əlixanın, Hacı Osmanın, Nəcəfqulu xanın, keçmiş Osmanlı hərbçisi Yusif Camal bəyin və digərlərinin rəhbərliyi altında Azərbaycan qüvvələri irəliləyib Lənkəranı mühasirəyə aldılar. Şəhərin azad edilməsi uğrunda döyüşlər başlandı. İşğalçılar ağır itkilər verir, mövqelərini itirirdilər.
Astara ətrafında döyüşmüş, Lənkəranı mühasirəyə almış mücahid dəstələrindən birinə Məmmədağa bəy Xankişiyev rəhbərlik edirdi. Məmmədağa bəy və onun döyüşçüləri Astaranın Asxanakəran kəndindən idilər. Bu dəstənin ən igid döyüşçülərindən sayılan Teymur Mahmud oğlu Şirzadov həm meşə, həm də şəhər döyüşlərində fərqlənmiş, sərrast atəşlə xeyli bolşevik əsgərini məhv etmişdi.

Teymur Şirzadovun nəvəsi – Astara ziyalısı, qocaman müəllim Şirməmməd Hənifə oğlu Fərəcovun atasından eşitdikləri: “Astara meşələrində əvvəl ağqvardiyaçılarla, sonra isə bolşeviklərlə qanlı döyüşlər başlandı. Ağqvardiyaçılar da, bolşeviklər də Astaranın müsəlman kəndlərinə basqınlar edir, qabaqlarına çıxan insanları cinsinə və yaşına məhəl qoymadan amansızlıqla qətlə yetirirdilər.
Bu, əsl soyqırımı idi. Yerli əhali uşaqları və qadınları müdafiə etmək üçün təşkilatlanmağa məcbur oldu. O cümlədən, bizim Asxanakəran kəndinin hörmətli şəxslərindən biri – Məmmədağa bəy Xankişiyev kəndin qoçaq adamlarını ətrafına toplayıb düşmənlə silahlı mübarizə aparırdı. Bir gün babam Teymur evə gəlir. Anası onun sevincək olduğunu görüb səbəbini soruşur.

Babam əlindəki beşaçılanı göstərib cavab verir ki, çoxdan həsrətini çəkdiyim bu silahı aldığıma görə belə sevinirəm. Sən demə, Məmmədağa bəy onun dəstəsinə qoşulub vuruşa atılmaq arzusunda olan 15 kənd cavanı qarşısında belə bir şərt qoyubmuş:
Kim bu tüfəngdən üç dəfə atəş açıb üçündə də hədəfi vura bilsə, silahı ona verib mücahidlərin sırasına daxil edəcəyəm. Gənc Teymurun əlləri bir dəfə də olsun titrəmir. Bəy də verdiyi sözün üstündə duraraq onu öz dəstəsinə götürür. İgid Teymur Şirzadov qardaşları və dostları ilə birlikdə şərəfli döyüş yolu keçir.”

Məlumat üçün qeyd edək ki, Teymur Şirzadov Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin əfsanəvi kəşfiyyatçısı, 2016-cı ilin aprel döyüşlərində misilsiz şücaət göstərərək çoxlu sayda erməni işğalçısını şəxsən məhv edib Talış yüksəkliyi uğrunda döyüşlərdə şəhadətə yetmiş Pəncəli Nurməhəmməd oğlu Teymurovun ata babasıdır.
Həqiqətən də ot kökü üstə bitər, mərddən mərd törəyər. Teymur Şirzadov yağı düşmənlə mübarizə aparmaq imkanı qazandığına, döyüşə gedəcəyinə görə sevinmişdi. Onun nəticəsi Pəncəli Teymurov isə öz toyunda özünə bunları arzulamışdı:

“Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm: Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”.
Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment