Müvafiq semantika təsdiqləyir ki, albanlar polietnik Albaniyanın hökmranları olub. “Alban” etnoniminin kök komponenti olan “Alp” türk dillərində “sərrast atıcı”, “qəhrəman, pəhləvan”, “igid, cəsur, qorxmaz” mənalarını daşıyır.

Haşiyə: “Dədəm Qorqud” kitabının Drezden nüsxəsində 4 – cü boyda Qazan xan ovda olarkən cəsus öz taqavoruna belə bir xəbər gətirir: “Hey, nə oturursan? İtüni ulatmayan, çətügini mövlatmayan alpanlar başı Qazan oğlancuğu ilə sərxoş olub yaturlar.”

“Alpanlar” etnik adının başqa bir yerdə də işlənməsi bu anlayışa diqqətlə yanaşmağı tələb edir. 7 – ci boyda oxuyuruq: “Ağ – boz atlar çapdırur alpanlar gördüm, ağ işıqlı alpları yanıma saldum.

Demək, Əhəmənilər, sonra isə İsgəndər imperiyası dövrlərində albanların yaşadığı ərazi Midiya satraplığının tərkibində olmuşdur. Albanların Cənubi Qafqazda yaşamasına dair ən erkən məlumatlara Arrianda rast gəlirik. Arrian xəbər verir ki, albanlar, saklar və kadusilər e.ə. 331-ci ildə Qavqamel döyüşündə Atropatın başçılıq etdiyi hərbi bölmənin tərkibində olub.

Gələcək Albaniyanın ərazisinin Midiyanın, sonra isə Atropatenanın tərkibinə daxil olmasından mənbələr də, bir çox tədqiqatçılar da söz açırlar. Midiyanın ərazisi Qafqaz dağlarına qədər uzanırdı. Bura albanların, kadusilərin, sakasenlərin əraziləri də daxil idi. Q.Berve, A.Qutşmid və M.Şottki hesab edirlər ki, Arrianın məlumatı albanların, kadusilərin və sakasenlərin yaşadıqları ərazilərin bütünlüklə Midiya satrapının idarəçilik zonasına aid olduğunu söyləməyə tam əsas verir.

Polibinin, Strabonun və Arrianın məlumatları isə söyləməyə əsas verir ki, albanların, sakasenlərin və kadusilərin torpaqları Atropatenanın tərkibinə daxil olub. [Schottky, 1989.]

Bəs Albaniya Atropatenanın tərkibindən nə vaxt ayrılıb?

Müasir elmdə qəbul olunub ki, Cənubi Qafqazın cənub hissəsinin ərazisində e.ə. I əsrdə Albaniya dövləti yaranıb [Всемирная история, 1956. с. 413-417].

Ancaq alternativ rəy də var ki, Albaniya İsgəndər tərəfindən zəbt olunmayıb və III Daranın ölümündən sonra e.ə. 330-cu illə e.ə. 4-cü əsrin sonu arasındakı dövrdə Albaniya dövləti yaranıb [Baбaев, 1990. c. 45-48].

Bu, yanlış rəydir. “İsgəndər zəbt etməyib” remarkası şərti anlayışdır, belə ki, Daranın ölümündən sonra İsgəndər özünü Asiyanın çarı və Əhəmənilərə məxsus olmuş bütün torpaqların varisi elan edib.

“İsgəndər Albaniyanı zəbt etməyib” fikri İsgəndərin işğalçılıq yürüşünün məntiqi ilə ziddiyyət təşkil edir. Əhəmənilərin İsgəndər tərəfindən satrap və strateqlərin təyin edildiyi bütün torpaqları fəth olunmuş sayılırdı, bunun üçün isə satraplığın paytaxtını ələ keçirmək, bəzən də satraplığı zəbt etməzdən, sadəcə, rəhbərliyi dəyişmək yetərli sayılırdı.

Qavqamel döyüşü və Daranın ölümü varxtı albanların, sakesinlərin və kadusilərin yaşadığı Cənubi Qafqazın şərq hissəsi müstəqil inzibati vahid deyildi və Midiya satraplığının tərkibinə daxil idi. Qavqamel döyüşünün nəticələri və Daranın ölümü bu ərazinin statusunda heç bir əksini tapmır. Odur ki İsgəndərin şəxsən Albaniyada olub-olmamasından asılı olmayaraq, bu ǝrazi Midiya satraplığının bir hissəsi kimi satraplar tərəfindən (əvvəl Oksidat, sonra isə Atropat) idarə olunurdu.

Diodor xəbər verir ki, Perdikka satraplıqları bölüşdürərkən (e.ə. 323-cü il), Əhəmənilərin dövründə Midiyanın tərkibində olan Albaniya ərazisi İsgəndərin dövründə də Midiyanın tərkibində qalırdı, diadoxların Babil toplantısından (e.a. 323-cü il) sonra isə Atropatın rəhbərliyi altında “Kiçik Midiya” satraplığına qatılır.

Triparadisdəki toplantıdan (e.ə. 321-ci il) sonra isa albanların ərazisi Atropatena Midiyası adı ilə məlum olan müstəqil dövlətin tərkibinə daxil olur. Atropatena həm gələcək Albaniyanın da daxil olduğu şimal ərazilərin, həm də Qafqaz dağ silsiləsinə qədər uzanan Midiya satraplığının şimal sərhədlərinin hüquqi varisi olur.

Beləliklə, “Atropatena” anlayışı altında istər keçmiş Mannanın, istərsə də keçmiş Aşquzun, başqa sözlə desək, Cənubi Qafqazın Araz çayından Qafqaz dağ sütununa qədər bütün şərq hissəsini tutan gələcək Albaniyanın əraziləri nəzərdə tutulur.

Ea. 321-ci ildə Atropatenanın müstəqilliyinin elan olunmasından sonra albanların yaşadıqları Araz çayından və Kür çayından şimaldakı ərazilər Atropatena dövlətinin bir hissəsi kimi məlum idi. Atropatena gələcək Albaniyanın ərazisinə III Böyük Antioxun (e.ə. 241-187-ci illər) müasiri olan çar Artabazanın/Atrapanın dövründə də nəzarət etməkdə davam edirdi. Pliniyə görə, çar Artabazan/ Atrapan “atropatilərin üzərində hökmranlıq edirdi” [Plb., V. 55,9].

Təxminən e.ǝ. 220-ci ildə Polibi Atropatenanın çarı Artabazanın hökmranlığı altında olan ərazilərdən bəhs edərkən yazır ki, “onun bəzi hissələri Fasisdən (Rioni çayı – müǝl.) yuxarı hissədə Pontun üzərindən (Qara dəniz – müəl.) yüksəlir, digər tərəfdə isə Hirkan dənizinə (Xəzər dənizi – müǝl.) gedib çıxır” [Plb., V. 55].

Bu, təsdiqləməyə əsas verir ki, Atropatenanın nəzarətində olan ərazilərə təkcə gələcək Albaniya deyil, həm də Armenia va İberiya daxildir. Strabon taxminən e.ə. I əsrin son illərində Atropati nəzərdə tutaraq yazır ki, “elə indi də varislik onun ailəsin də qalır” [Strabo, XI,13,1].

Başqa sözlə, hazırda Azərbaycan Respublikasının yerləşdiyi ərazi öz dövlətçiliyini “Atropatena” adı altında bərpa edir və e.ə. 612-ci ildən heç olmasa şimal torpaqlarında Albaniya dövləti yaranana qədər bu ad ilə mövcud olur. Albaniyanın Atropatenanın tərkibindən çıxmasına və öz müstəqilliyini elan etməsinə bölgə hegemonu – Parfiya çarlığı təkan verir.

E.ə. II əsrin ortalarında Parfiya çarı I Mitridat ara-sıra uğur qazana-qazana Midiya ilə müharibə edir [Aнбвойз, 2008. c. 43], təxminən c.ǝ. 148-ci ildə isə Midiyanı ələ keçirir [Aliev, 1989. c. 71]. O, uğura nail olandan sonra yeni fəth olunmuş əraziləri idarə etməyi Vaqasis adlı şəxsə tapşırır [Just. Epit., XLI] ki, onun da adına mənbələrdə “parfiyalı Valarşak/Vaqarsak/Vaxarşak” formasında rast gəlinir.

Bununla bərabər, Parfiya Atropatenanın daxili işlərinə qarışmaq hüququ qazanır. Parfiyalı Vaqarşak/Valarşak şimal əraziləri Atropatenanın tərkibindən ayırır və “Sisak nəslindən olan adlı-sanlı, cəsur Aranı ölkənin hökmdarı təyin edir”.

Sisak nəslindən olan Aranın payına “Yerasx (Araz) çayından başlayaraq Xnarakert adlanan qalaya qədər Axvan/Alban düzəngahı və onun dağlıq hissəsi düşür”. Bəhs olunanlar bizə bəzi nəticələr üçün əsas verir:

“… Albaniyanın hökmdarı olan adlı-sanlı, cəsur Aran Sisak nəslindən idi”, yəni mənşəcə sak idi; Albaniya düzənlik və dağlıq hissəsi ilə birlikdə Araz (Yerasx) çayından başlayaraq Sisak nəslinin irsi əraziləri idi ki, onlardan bəhs edərkən saklar nəzərdə tutulur. Həmin ərazilər ilkin mənbələrdə albanların və sakların irsi əraziləri kimi göstərilir. Bu, hazırda Azərbaycan Respublikasının yerləşdiyi ərazidir.

Albaniyada minimum bir neçə əsr ərzində hakimiyyətdə Aranın nəsli olan sak sülaləsi hökmranlıq edib. Yerli sak sülaləsi parfiyalı Arşakilər sülaləsi ilə əvəzlənib ki, onlar da tarixə “Alban Arşakilǝri” adı altında düşüblər. Alban müəllifi Moisey Kalankatuklu hesab edir ki, Alban Arşakilərinin sülaləsi I Cǝsur Vaçaqandan başlayır ə o, mərkəzləşmiş dövlət yaradıb [Kalankatuklu Moisey, 2006. 1, 1. Mənbələr I Cəsur Vaçaqanın və onun varisi I Vaçenin hakimiyyət dövrünə aid məlumatlar vermir.

Bununla əlaqədar olaraq alban sak sülaləsinin hakimiyyətinin sonu və Arşakilər sülaləsinin hakimiyyətinin başlanğıcı Alban Arşakilərinin üçüncü çarı Urnayrın eramızın 313-371-ci illərdə hakimiyyətdə olması faktından çıxış edǝrǝk hesablanır.

Atropatenanın tərkibindən Albaniyanın dəqiq nə vaxt ayrıldığı müəyyən edilməyib, üstəlik parfiyalı Valarşakın/Vaqarşakın/ Vaxarşakın/Vaqasisin Ermənistanı nə vaxt idarə etməsi elmdə müzakirə mövzusu olaraq qalır. Ancaq bir şey aydındır: albanlar bir etnos kimi e.ə. IV əsrdə Makedoniyalı İsgəndərin şərq yürüşü ilə bağlı xatırlansa da, müstəqil çarlıq kimi onların haqqında, əvvəla, e.ə. I əsrin müəllifi Strabonun mətnlərində, ikincisi isə Pompeyin və Lukullun hərbi yürüşləri (e.ə. I əsr) ilə əlaqədar (həmin vaxt Albaniya öz çarları ilə onlara qarşı dayanırdı) söz açılır.

Beləliklə, fərz etmək olar ki, gələcək Albaniyanın ərazisi e.ə. II əsrin əvvəlinə qədər Atropatenanın tərkibində qalmaqda davam edirdi.

Yenidən təşkil olunan Albaniya aşşur mixi mətnlərində Aşquz [Дьяконов, 1951. KH. I. c. 272], Bibliya mənbələrində (Yereminin kitabı) isə Aşkenaz kimi qeyd olunan keçmiş Cənub Qafqaz Skif çarlığının ərazilərini (albanların, kadusilərin və kaspilərin torpaqları da daxil olmaqla) əhatə edirdi. Beş əsrə yaxın (e.ə. VII əsr- e.ǝ. II əsr) davam edən birgə dövlətçilikdən sonra e.ə. II əsrin ortasında Atropatenanın tərkibindən onun Cənubi Qafqaz bölgəsi ayrılır və hakim sülalənin etnoniminə müvafiq olaraq “Albaniya” adlandırılan ölkə yaranır.

Həsən Həsənov, “Makedoniyalı İsgəndər və Atropat”

Write A Comment