Bəzi tədqiqatçıların ehtimalına görə, oykonim tərkibindəki kol sözü “xırda meşə, meşəlik” mənasındadır. Kəndin adı “meşəli yer” kimi izah edilir.

Toponimi tayfa adı ilə əlaqələndirənlər də var. Türk dillərində kolayi sözü işlənir ki, bu da “əlverişli, rahat” mənalarını ifadə edir. Azərbaycan dilinin dialektlərində “hamar, çıxıntısı olmayan” mənasında kola (buynuzsuz keçi) sözü işlənir. Odur ki, oykonimi “hamar, düz, əlverişli yer” kimi izah etmək də olar.

Orta əsrlərdə Anadoluda yaşamış Danişmandlu-Turkmən tayfasının 24 boyundan biri Kolagirən adlanırdı. Azərbaycanın Göygöl, Abşeron, Bərdə, Ağstafa rayonlarındakı Kolayır, Göycə mahalındakı Kolagirən kəndlərinin, Borçalının Meçidli Görarxı kəndindəki Kolayır məhəlləsinin, Bolnisi rayonundakı Dəllər (Muşevan) kəndinin etnik qohumluğu ehtimalı güclüdür.

Kolangirən qolunun özü də bir sıra tirələrdən (Xocalı, Həsən Abdallu, Əyyublu, Çikdamlu, Çölməkçi, Darğalı, Dadulu, Darblu, Dür-Həsənli və b.) ibarət idi.

Borçalıda yerləşən Kolagir oba adına 1696-cı ilin fərmanlarında rast gəlinir. Kolagir toponimi qədim Türk kökənli Kola etnoniminin, yaxud da Qıpcaq-Qarapapaqlar soyundan Kula tayfasının adı ilə Türk dillərindəki “giren” – min alaçıqdan ibarət düşərgə sözünün qarışmasıyla düzəlmiş ola bilər.

Samux və Bərdə rayonunda yerləşən Kolayır kəndi, yerli əhalinin məlumatına görə, vaxtilə Qazax mahalındakı Kolayır kəndindən gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır.

1588-ci ilə aid türkcə mənbədə qışı Bərdə sancağının “Qəsəbə” nahiyəsində maldar həyat tərzi keçirən Kolagirən tayfasının adı qeyd olunmuşdur.

Pəmbəkdə (indiki Ermənistan) yerləşmiş Kolagirən, yaşayış məntəqəsi kimi 1920-ci ildən sonra fəaliyyət göstərmişdir. Yəni 1918–1920-ci illərdə Türkiyədən köçürülən ermənilər həmin ərazidə yerləşdirilmişdir. Vağzalın adı (daha sonra yaşayış məntəqəsi) kolagirən türk tayfasının adını əks etdirir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Dzoraket (Dərəçay) qoyulmuşdur.

Write A Comment