Türkiyə tarixçilərindən G.Q.Çinar Şah İsmayılla Məhəmməd Şeybani xan arasında baş verən müharibənin səbəbləri barədə yazır:

“1508-1509-cu illərdə Özbəklərin Xorasana və Səfəvilərin nəzarəti altında olan Kirman və Yəzdə hərbi yürüşləri və Bədüəzzaman Mirzənin Şah İsmayıldan yardım tələb etməsi onun uzun zamandır planlaşdırdığı Xorasan səfərinə çıxmasına səbəb oldu. Hər iki padşahın məqsədi Xorasanı ələ keçirmək və qarşı tərəfin irəliləməsinə mane olmaq idi.

Bununla yanaşı, Xorasanın iqtisadi baxımdan əlverişli mövqedə yerləşməsi, Səfəvilərin müqəddəs şəhəri olan Məşhədin burada yerləşməsi, bütün müsəlmanlar üçün müqəddəs olan Məkkə və Mədinə şəhərlərinə yolun Xorasandan keçməsi bölgənin hər iki tərəf üçün böyük önəm daşıdığını göstərirdi”.

Bir-birinin ardınca qazandığı qələbələrdən qürurlanan Məhəmməd Şeybani xanın Şah İsmayıla göndərdiyi təkəbbürlü, sərt və kəskin məktubu I Şah İsmayılı Xorasan yürüşünə başlamağa vadar etdi.

Məhəmməd Şeybani xanın Xorasandakı məğruranə hərəkətləri, Kirman hakimi Xacə Şeyx Məhəmmədin qətli və şəhərin viran edilməsi I Şah İsmayılı Xorasana qoşun çəkməyə və Məhəmməd xanla vuruşmağa məcbur etdi. Bununla belə, I Şah İsmayıl müharibəyə başlamazdan əvvəl, özünün hüsn-rəğbətini sübut etmək məqsədilə Məhəmməd bəy Rumlu və Qazı Nurullah Sədr kimi elçilərini Məhəmməd xanın sarayına yolladı.

Lakin onların bu səfərindən bir nəticə hasil olmadı. 1508-ci il iyulun 30-da Şah İsmayıl Şeyx Məhyəddin Əhmədi məktubla Özbək xanının sarayına göndərdi. Səfəvi şahı məktubunda Məhəmməd xanın məktubunu aldığını xəbər verməklə yanaşı, ona keçmişdəki dostluğu xatırladaraq eyni Allaha və peyğəmbərə itaət etdiklərini söylədi.

I Şah İsmayıl Məhəmməd Şeybani xanın məktubunda mahir ustalar göndərməsi istəyinə də müsbət yanaşaraq “məscidlərin və ziyarətgahların təmiri üçün bənnalar istəmişdiniz və biz bu kimi xeyirli işləri günəş tək uca hümmətimizə vacib və zəruri əməl saydığımız üçün inşallah, Əcəm İraqının böyük şəhərlərinə yetişdikdə, dünyada tayı bərabəri olmayan ustaları seçib göndərəcəyik” cavabını vermişdi.

G.Q.Çinarın fikrincə, Səfəvi şahının savaşa başlamazdan əvvəl öz nümayəndə heyətini ədəblə və dostluq duyğuları ilə yazılmış bir məktubla Özbək xanının sarayına göndərməkdə məqsədi onların döyüşsüz təslim olmalarına nail olmaq idi…

Beləliklə, nisbətən kiçik qüvvəyə malik Məhəmməd Şeybani xan İsmayılın əsas qoşunu ilə 1510-cu il dekabrın 2-də döyüşə girməyə məcbur oldu. Nəticədə özbək qoşunu darmadağın edildi, Məhəmməd xan Şeybani isə həlak oldu. Bu zaman Mərvə yaxınlaşan Ubeyd xanla Teymur Sultan özbəklərin məğlub olduğunu xəbər alaraq geri döndülər. I Şah İsmayıl Dədə bəyi Mərv vilayətinin hakimi təyin etdi. Mərv qələbəsi Amudəryaya qədər bütün Xorasanın İsmayılın hakimiyyəti altına keçməsini təmin etdi.

A.Gündoğdu yazır ki, az sonra Xarəzmi ələ keçirən I Şah İsmayıl hakimiyyətini Mavərənnəhrə kimi genişləndirdi. Lakin özbəklər sonralar Mavərənnəhri və Xarəzmi geri qaytardılar. Ancaq Xorasan özbəklərlə səfəvilər arasında sürəkli olaraq mübarizə meydanı kimi qaldı…

Tofiq NƏCƏFLİ, “Səfəvi – Şeybani münasibətləri Türkiyə tarixşünaslığında” məqaləsindən

Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu

Write A Comment