– 1919-cu il – “Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll edildi…” Tarix təkrarlanır?!

Bundan əvvəlki yazımızda Qarabağın general-qubernatoru Xosrov Bəy Sultanovun 104 il əvvəl erməni separatizmini cilovlaması barədə yazmışdıq.

Həmin yazıda qeyd olunurdu ki, Qarabağda erməni separatizminin Andronik və digər erməni komandirlərinin rəhbərlik etdiyi silahlı dəstələr tərəfindən daha da alovlandığı bir dövrdə AXC hakimiyyəti tərəfindən əslən Zəngəzurdan (indiki Laçın rayonu) olan Xosrov Bəy Sultanov Qarabağa general-qubernator təyin olunur və tezliklə Şuşaya gələn Xosrov Bəy hərbi gücdən istifadə edərək erməni silahlılarını zərərsizləşdirir və onları AXC hakimiyyətini qəbul etməyə vadar edir.

Oxşar situasiya bu gün də yaranıb. Ermənilər yenə də Azərbaycan dövlətinin tərkibində yaşamaq istəmir, müxtəlif xarici ölkələrdən dəstək almaqla Azərbaycan dövlət hakimiyyətinə qarşı müqavimət göstərməyə çalışırlar.

Son olaraq Xankəndi və ətraf rayonlarda yaşayan ermənilərin Laçın dəhlizi adlanan yola alternativ gizli yollar çəkdiyi və bu yollar vasitəsilə Laçın ərazisindən gizli şəkildə Xankəndiyə silah və texnika daşıdığı üzə çıxıb. Artıq Azərbaycan ordusu bu yolu da nəzarətə götürüb.

Ancaq bu hadisə 104 il əvvəl baş vermiş başqa bir hadisəni yada salır. 1919-cu ildə də Laçinın Zabux dərəsi adlanan hissəsindən Qarabağa gizli şəkildə hərbi qüvvə keçirmək istəyən Andronik və onun silahlıları Azərbaycan ordusu və Laçının qəhrəman insanları tərəfindən Xosrov Bəyin qardaşı Sultan bəyin rəhbərliyi altında ağır məğlubiyyətə uğradılaraq məhv edilmişdi. Həmin döyüşdən sonra Andronikin keşiş paltarı geyərək Ermənistana qaçdığı bildirilir. Zabux dərəsindəki eyni adlı çaydan isə qanlı döyüşdən sonra bir neçə gün qanlı su axmışdı.

Qanlı Zabux döyüşü 1919-cu ilin fevral ayında Laçının Zabux dərəsində Andronikin başçılıq etdiyi erməni qüvvələri ilə Sultan Bəyin başçılıq etdiyi Laçın silahlı könüllüləri və AXC qüvvələri arasında baş verib.

Bu döyüş nəticəsində erməni-daşnak silahlıları darmadağın edilmiş, daşnakların Azərbaycanda erməni hakimiyyəti qurmaq planı alt-üst olmuşdur.

Arxiv sənədlərinə əsasən daşnak generalı Andronik özünü silahlı dəstələri ilə Zəngəzurdan Şuşaya hücum etmək üçün Zabux dərəsi ərazisindən Laçına daxil olmağa hazırlaşır. Ancaq bu zaman Zabux dərəsində Sultan bəyin silahlı dəstələri erməni daşnak qüvvələrini mühasirəyə alır. Fevralın 23-də baş verən döyüşdə yüzlərlə erməni silahlısı məhv edilir.

Bu zaman Sultan bəyin könüllü dəstələrinə AXC ordusu qüvvələri dəstək verir. Bəzi məlumatlara görə bu döyüşdə 600 erməni əsir götürülür, yüzlərlə erməni silahlısı isə öldürülür. Andronik isə keşiş paltarı geyərək qaçıb xilas ola bilir. Bu hadisədən sonra Andronik xaricə qaçır. Zabux dərəsi bu döyüşdən sonra uzun illər “Qanlı dərə” adlandırılır. Sonrakı illərdə də Sultanov qardaşları regiondakı vətənpərvər azərbaycanlılarla birlikdə silahlı erməni qüvvələrinə qarşı uğurlu əməliyyatlar həyata keçirir.

Qeyd edək ki, Sultanov qardaşlarının böyüyü olan Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (indiki Laçın rayonunun Kürdhacı kəndində) anadan olub. Atası Əlipaşa bəy oğluna ana babasının adını Əsəd Sultan qoyur. Şuşa ibtidai məktəbini və Gəncə şəhərində gimnaziyada orta təhsilini tamamlayan Sultan bəy o dövrün nümunəvi hərbi məktəblərindən olan Sankt-Peterburq Hərbi Akademiyasına daxil olsa da, naməlum səbəblərdən məktəbi bitirməmiş geri, Laçına qayıdır.

İlk dəfə 1905-1907-ci illərdə baş verən birinci erməni üsyanı zamanı bölgə əhalisini erməni hücumlarına qarşı təşkilatlandıran, hazırlıqlı erməni qüvvələrinə qarşı silahlı müqavimət təşkil edən Sultan bəy və atası olur. Hərbi savadı olan Sultan bəy tez bir zamanda yerli əhalidən ibarət müdafiə dəstələri yaradaraq postlar formalaşdırır və nəticədə yerli əhalini erməni hücumlarından qorumağa nail olur.

Əlipaşa bəyin digər oğlu Xosrov bəy Sultanov 1879-cu il mayın 10-da Zəngəzur qəzasının Qasımuşağı obasının Kürdhacı kəndində dünyaya gəlib. Xosrov bəy Sultanov Yelizavetpol kişi gimnaziyasında orta, Odessadakı Novorossiysk Universitetində ali tibb təhsili alıb.

1903-cü ildə həmin universiteti bitirdikdən sonra Xosrov bəy Sultanov vətəninə qayıdaraq Zəngəzur və Qarabağda topladığı zəngin müalicəvi bitkilərdən hazırladığı dərmanlarla kəndlərə gedərək təmənnasız olaraq xəstələri müalicə edib. Xosrov bəy Sultanov 1917-ci ildə Müsavat Partiyasına daxil olmuş, bir qədər sonra isə Rusiya Müəssislər Məclisinə deputat seçilib.

AXC hökumətinin birinci kabinetində müdafiə naziri postunu tutan Xosrov bəy Sultanov 29 yanvar 1919-cu il tarixli hökumət qərarı ilə Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin olunub.

Hər iki qardaşın və regionun vətənpərvər insanlarının səyi nəticəsində Qarabağ və Zəngəzurda erməni üsyanı yatırılır və ermənilər AXC dövlət hakimiyyətini qəbul edir. Arxiv sənədlərinə əsasən Şuşikənddə 8 gün davam etmiş 7-ci erməni qurultayının nümayəndələri Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun yanına gələrək Qarabağın dağlıq hissəsinin Azərbaycan hakimiyyətini tanıması haqqında indiyədək həll olunmamış məsələni sülh yolu ilə həll etmək istədiklərini bildirirlər.

Qarabağ ermənilərinin 7-ci qurultayının 15 avqust 1919-cu il tarixli səhər iclasında Azərbaycan Respublikası hökuməti ilə müvəqqəti razılığın əldə olunması haqqında qərar qəbul edildi.

26 bənddən ibarət həmin müqavilədə o cümlədən qeyd edilirdi ki, “Qarabağın, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının dağlıq hissəsində məskunlaşmış ermənilər özlərinin Azərbaycan Respublikası ərazisində olduqlarını qəbul edir…”

Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının Qarabağda suveren hüquqları bərpa edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi:

“Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll edildi… 7-ci erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar”.

Kənan Rövşənoğlu

Write A Comment