Məmurların bu dönəmdə ən çox qorxduğu məsələ nə olur?

Şahların tacqoyması məmləkətin böyük əmirlərinin iştirakı ilə təntənəli bir mərasimdə icra olunurdu.

Şaha qızılla işlənmiş taxt hədiyyə edilir, hakimiyyətin simvolları olan qılınc və xəncər onun kəmərinə bağlanılıb, başına da şahlıq tacını qoyurlar. Bu mərasimdən sonra bütün məclis iştirakçıları növbə ilə onun qarşısında təzim edərək ayaqlarının önündə əyilib yeri öpürlər.

Tacqoyma mərasiminin növbəti günü Şah dövlət və saray qulluqçuları, əyanlar, qulamlar, qorçu alayının müşaiyəti ilə şəhərə çıxaraq şahlığını xalqa təqdim edir. Yeni Şah hakimiyyətə keçdikdə, heç kimin təsəvvür etmədiyi yeni dəyişikliklər gözlənilir. Elə buna görə də bütün məmurlar öz vəziyyətlərinə şübhə ilə yanaşırlar. Dövlət qulluğunda olan hər kəs çalışır ki, Şahın məhəbbətini qazanıb vəzifələrini, mövqelərini qoruyub saxlaya bilsinlər

Engelbert Kempferin gündəliyində II Şah Səfinin (I Şah Süleyman) tacqoyma mərasimi haqqında ətraflı məlumat vardır. Onun yazdığı kimi, 26 oktyabr 1666-cı ildə II Şah Abbas vəfat etdikdə mərkəzi idarə əmirləri Ali məclisin iclasını çağırıb Həmzə Mirzənin namizədliyini irəli sürüb II Şah Abbasın onu sağlığında vəliəhd seçdiyini elan edirlər. Ancaq saray xacələri Şahın digər oğlu Səfi Mirzənin namizədliyini irəli sürdükdə baş vəzir sözsüz ki, sarayda qarşıdurmanın qarşısını almaq üçün onların qərarı ilə razılaşır.

Nəticədə ali divan üzvləri ilə birlikdə 200 nəfər mötəbər əmir və əyanın iştirak etdiyi məclisdə tacqoyma mərasimi keçirilir. Münəccimlər tacqoyma üçün uğurlu saatı müəyyən etdikdən sonra şeyx ül-islam İsfahandakı digər böyük vəzifəli əyanları da məclisə dəvət edir. Tacqoyma mərasimi şeyx ül-islamın başçılığı altında icra olundu.

Engelbert Kempfer yazır ki, tacqoyma üçün lazım olan rəmzlər ayaqları qızılla işlənmiş söykənəcəksiz dördayaqlı səndəl, ənənəvi tac, qiymətli daşlarla bəzədilmiş əyri qılıncdan ibarət idi. Məclisdə II Şah Abbasın Səfi Mirzənin vəliəhd təyin etməsi barədə sağlığında yazmış olduğu «məktub» ali divan tərəfindən şeyx ül-islama təqdim edilir və bu məktub oxunaraq elan edilir ki, guya yeni Şah atası tərəfindən canişin seçilmişdir.

Məktub oxunub qurtardıqdan sonra şeyx ül-islam öz vəzifəsinə başladı. Şeyx ül-islam əvvəl məmləkətə Allahdan bərəkət dilədikdən sonra ölkəni layiqli Şahdan məhrum etmədiyinə görə Allaha şükür söylədi və tacqoyma başladı. Şahın taxt-tacının möhkəmliyi üçün Qurani Kərimdən ayələr və dualar oxudu.

Şahın qılıncını sağ tərəfə çəkib, tacı mücrüdən çıxararaq Şahın başına qoydu. Şahı şeyx ül-islam gözəl bəzədilmiş sarayın ortasındakı qızıl taxta dəvət edərək orada əyləşdirdi. Şeyx ül-islam özü də onunla üzbəüz oturdu. Dizi üstə oturub Qurani Kərimdən ayələr oxumağı davam edərək nəhayət Şaha uca səslə belə bir dua elədi:

«Səfi şahlığının qüdrət və nüfuzu xudavəndin onlara xüsusi mərhəməti olub, göy qurşağına çatar». Bu zaman mərasim iştirakçıları əl çalaraq «inşallah» dedilər və bu yolla öz alqış və təriflərini bəyan etdilər. Şeyx ül-islamın işi bitdikdən sonra o taxtın qarşısında yerə əyildi. Ona görə ki, bu, ölkədə şahın ayağı qarşısında yerə əyilmək ona ehtiram əlaməti hesab edilir.

Buradakıların hamısı onun ardınca şahın qarşısında diz üstə çökərək torpağı öpüb sevinclərini izhar edərək onu təbrik etdilər.

Rəsmi məclis yekunlaşdıqdan dərhal sonra yeni şahın fərmanı əsasında saraya içəridən və dişarıdan mühafizəçilərin təyin olunması, çalğıçıların Şahın yaşı qədər, yəni iyirmi gün çalıb oxumaları, köhnə möhürün ləğvi və yeni Şahın adına möhür hazırlanması, yeni Şahın adına sikkə zərbi qərara alındı. Dərhal qızıl sikkələr zərb

edilib Şah adından əyanlara hədiyyə edildi. Qızıl sikkə zərbi ənənəvi olaraq tacqoyma mərasimi üçün səciyyəvi idi, çünki ölkədə tədavüldə, alqı-satqıda gümüş və mis sikkələrdən istifadə edilirdi.

1694-cü ildə Şah Sultan Hüseynin tacqoyma mərasimi zamanı İsfahanda olan Cemelli Kareri də yazır ki, Səfəvi ölkəsində sikkə qızıl və gümüşdəndir. Qızıl sikkə ancaq tacqoyma mərasimlərində saray əyanlarına hədiyyə edilmək üçün zərb edilir.

Zabil Bayramlı, “Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu”

Write A Comment