“Məmurun ən çox qorxduğu məsələ ondan şaha şikayətin getməsi idi”

Böyük Britaniya hərbçisi, diplomatı, dövlət xadimi və tarixçisi Ser John Malcolmun (1769–1833) “The History of Persia” əsərindən:

“Ağa Muhəmməd Şah Qacar (1742–1797) ədalət mühakiməsini çox sərt bir şəkildə həyata keçirirdi. Məhkəmələrdə korrupsiya halları aşkarlanan kimi günahkarları cəzalandırırdı.

Qurana görə ölümlə cəzalandırılan cinayətləri çox nadir hallarda bağışlayırdı. Onun hakimiyyətinin son illərində ticarət hər bir məhəllədə canlanmışdı. Bu, bəlkə də Ağa Muhəmməd şahın yalnız ədalətinin deyil, həm də hakimiyyətinin bəxş etdiyi ümumi təhlükəsizliyin nəticəsi idi.

Cəzalar o qədər şiddətli idi ki, ölkə onu başına almış quldur dəstələrindən tamamilə təmizləndi. Ağa Muhəmməd şahın təkcə adı elə bir vahimə və dəhşət doğururdu ki, bu, maldarların və əkinçilərin müdafiəsi üçün kifayət edirdi. Dairə vergiyığanından tutmuş əyalət qubernatorunadək hər bir məmurun ən çox qorxduğu məsələ ondan şaha şikayətin getməsi idi. Çünki o, öz məmurlarının ən kiçik xətalarını belə bağışlamır, təqsirkarlara çox vaxt ən ağır cəzaları verirdi”.

Şərh. Ən böyük mərhəmət ədalətdir. Ədalətin ən yüksək dərəcəsi isə ictimai həyatı tənzimləyən qanunlara əməl etməkdir. John Malcolmun əsərindən göründüyü kimi, Ağa Muhəmməd şah Qacar ədalətli və deməli, əslində, mərhəmətli bir hökmdar idi. O, idarəetmədə belə bir prinsipi rəhbər tuturdu:

“Zalıma rəhm etmək, məzluma zülm etməkdir”. Şərqin və Qərbin yazılmamış mərdlik kodekslərinin əsas tələblərindən biri həmişə belə olmuşdur: “Əsl cəngavər dövlətə xidmət etməli, zəifləri güclülərdən qorumalıdır”. Bu baxımdan Ağa Muhəmməd şah Qacarı XVIII əsrin sonuncu cəngavəri də hesab edə bilərik.

Ardı var..

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment