Qarabağ erməniləri Azərbaycan hökumətinin danışıqlar təklifini rədd etdi. Rusiya sülhməramlılarının nəzarət zonasında yaşayan ermənilər Azərbaycana qarşı düşmən hərəkətlərini davam etdirir.

Ötən müddətdə Ermənistandan müxtəlif yollarla gizli şəkildə silahlar daşıyan erməni separatçıları müharibədən sonra rəsmi Bakının dəfələrlə təklif etdiyi birgəyaşayış dəvətlərini rədd edib.

Baş verənlər göstərir ki, ermənilərlə onların anladığı “dildə” danışmaq lazımdır. Hansı ki, bu təcrübəni hələ 100 il əvvəl Azərbaycan tətbiq edib və nəticəsini də əldə edib. 104 il əvvəl AXC-nin keçmiş müdafiə naziri Xosrov Bəy Sultanov Qarabağda at oynadan erməniləri sülhə vadar edib. Və bunu çox sadə bir yolla – güc tətbiq etməklə edib.

Bəlli olduğu kimi, Qarabağda indiki kimi fəallaşan, bölgəni Ermənistana birləşdirmək istəyən silahlı erməni dəstələrinin nəzarətdən çıxdığını görən AXC hökuməti 1919-cu il yanvarın 13-də “Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında” qərar qəbul edir. Yanvarın 15-də Milli Şuranın növbəti iclasında qəzalara müvəqqəti general-qubernatoru vəzifəsinə əslən Qarabağdan olan, bu əraziyə və onun əhalisinə yaxşı bələd olan Azərbaycan Cümhuriyyətinin ilk yaradıcılarından və onun birinci hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanov təyin edilir.

Xosrov bəy Paşa bəy oğlu Sultanov 1879-cu il mayın 10-da Zəngəzur qəzasının Qasımuşağı obasının Kürdhacı kəndində (indiki Laçın rayonunda) dünyaya gəlib.

Xosrov bəy Sultanov Yelizavetpol kişi gimnaziyasında orta, Odessadakı Novorossiysk Universitetində ali tibb təhsili alıb.1903-cü ildə həmin universiteti bitirdikdən sonra Xosrov bəy Sultanov vətəninə qayıdaraq Zəngəzur və Qarabağda topladığı zəngin müalicəvi bitkilərdən hazırladığı dərmanlarla kəndlərə gedərək təmənnasız olaraq xəstələri müalicə edib. Xosrov bəy Sultanov 1917-ci ildə Müsavat partiyasına daxil olmuş, bir qədər sonra isə Rusiya Müəssislər Məclisinə deputat seçilib.

Bir müddət “Müsavat”, sonradan isə “İttihad” partiyasının üzvü olub. 1918-ci ilin mayın 27-də Azərbaycan Milli Şurasının üzvü seçilib. Həmin ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi bəyannaməsinə imza edənlərdən biri də X.Sultanov olub. Mayın 28-də Baş nazir Fətəli Xan Xoyskinin formalaşdırdığı ilk hökumət kabinəsində X.Sultanov hərbi nazir vəzifəsinə təyin edilib.

Ermənilər Xosrov bəyin Qarabağın general-qubernatoru vəzifəsinə təyinatından narahat olaraq mətbuat və Xarici İşlər Nazirliyi bir çox dövlətlərə müraciət edərək Qarabağ qubernatorluğunun ləğv olunmasını xahiş etsələr də, nəticə dəyişməyib. AXC-nin Xarici İşlər Nazirliyi bir neçə nota vermiş və Qarabağın, Zəngəzur qəzasının qədim Azərbaycan-türk torpağı olduğunu bəyan edib.

Fevralda Şuşaya gələn general-qubernator X.Sultanov separatçılara qarşı qətiyyətlə mübarizəyə başlayır. İlk olaraq general-qubernator kimi xalqa müraciət edən Xosrov bəy, bölgədə vəziyyətin gərgin olduğunu bildirirdi.

1919-cu ilin 11 fevralında “Azərbaycan” qəzetində çap olunan “Müvəqqəti general-qubernator X.Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciəti” (11 fevral 1919-cu il) adlı məqalədə bildirilirdi ki, “Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi – 4 qəza – artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır.

Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar.

Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı – diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır”.

X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. Onun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdi. Bu müşavirədə Andronikin silahlı dəstəsinin bölgədən çıxarılması qəti olaraq qərara alındı.

1919-cu ildə keçirilən Novruz bayramında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəranı zəbt etmişdilər. Ancaq daşnak generalı Dronun hərbi dəstələri ilə Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri arasında may ayının 30-da baş vermiş döyüşdə erməni dəstələri darmadağın edilmiş, Xankəndi və Şuşa düşməndən geri alınmışdı.

1919-cu ilin iyununda X.Sultanovun başçılığı ilə keçirilən əməliyyat nəticəsində Şuşaya gizli yolla silah aparan erməni milli şurasının üzvləri həbs edilərək Qarabağ ərazisindən çıxarılır.

Uzun mübarizədən sonra ermənilər Azərbaycan hakimiyyətini tanımalı oldular. Arxiv sənədlərinə əsasən Şuşikənddə 8 gün davam etmiş 7-ci erməni qurultayının nümayəndələri Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun yanına gələrək Qarabağın dağlıq hissəsinin Azərbaycan hakimiyyətini tanıması haqqında indiyədək həll olunmamış məsələni sülh yolu ilə həll etmək istədiklərini bildirirlər. Xosrov bəy Sultanovun yanına qurultay nümayəndələri ilə birgə erməni ruhaniləri də gəliblər.

Danışıqlar iki gün davam etmiş və nəhayət danışıqların mətninin aşağıdakı layihəsi əldə edilmişdir: mövcud toqquşma cərəyanlarının Qarabağda məskunlaşmış xalqlar üçün fəlakətli olduğunu, Qarabağ məsələsinin istənilən həllində ermənilər və müsəlmanların birgə yaşamalı olacaqlarını nəzərə alaraq Qarabağ ermənilərinin 7-ci qurultayının 15 avqust 1919-cu il tarixli səhər iclasında Azərbaycan Respublikası hökuməti ilə müvəqqəti razılığın əldə olunması haqqında qərar qəbul edildi.

26 bənddən ibarət həmin müqavilədə o cümlədən qeyd edilirdi: “Qarabağın, Şuşa, Cavanşir Və Cəbrayıl qəzalarının dağlıq hissəsində məskunlaşmış ermənilər özlərinin Azərbaycan Respublikası ərazisində olduqlarını qəbul edir.

Qarabağ qubernatorluğu nəzdində 6 nəfərdən: üç erməni və üç müsəlmandan ibarət şura təsis edilir. Millətlərarası xüsusiyyətlərə malik bütün prinsipial məsələlər əvvəlcə şurada müzakirə edilmədən həyata keçirilə bilməz. Qarabağ erməniləri mədəni muxtariyyət hüququndan istifadə edir, Azərbaycan Respublikası hökuməti erməni milli şurasının fəaliyyətinə müvəkkil edilmiş ermənilər vasitəsilə nəzarət edir. Azərbaycan Respublikası hökuməti dağıdılmış müsəlman və erməni kəndlərinin tezliklə bərpa edilməsi işinə yardım göstərir” və s.

Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının Qarabağda suveren hüquqları bərpa edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi: “Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll edildi…7-ci erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar”.

Ancaq ermənilər bir də 1920-ci ilin yazında Azərbaycana qarşı bolşevik təhdidi yarananda Qarabağda üsyan qaldırdılar. Ancaq bu dəfə onları cəzalandırmaq mümkün olmadı, 27 aprel AXC-nin süqutu ilə nəticələndi.

Xosrov bəy Sultanovun Qarabağdakı fəaliyyəti göstərdi ki, erməniləri ancaq güc vasitəsilə sülh və birgəyaşayışa cəlb etmək mümkündür. 1920-ci ilin hadisəsi göstərdi ki, Azərbaycan dövləti zəifləyən kimi erməni separatizmi dərhal baş qaldırır. Ermənilər ancaq güc dilini anlayır.

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu

Write A Comment