19 yanvar Azərbaycan tarixinə qara hərflərlə yazılıb. Məhz 1990-cı ilin bugünkü günü ayın 20-ə keçən gecə, sovet ordusu Bakı və digər Azərbaycan şəhərlərinə daxil olaraq dinc insanları qətlə yetirib.

Ancaq 1990-cı il 19 yanvarında tarixdə qalan başqa mühüm hadisələr olmuşdur. Onlardan biri də Naxçıvanın SSRİ-nin tərkibindən çıxmaqla bağlı qərarı idi. Doğrudur, bu qərar faktiki olaraq hər hansı dəyişikliyə səbəb olmadı. Ancaq bu qərar Azərbaycanda başlamış Milli-Azadlıq Hərəkatının ilk tarixi-siyasi qərarı idi. İlk dəfə olaraq Azərbaycanda müstəqilliyə doğru kollektiv hüquqi qərar qəbul olunmuşdu.

1990-cı il yanvarın 19-da Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edib. Bu qərara əsas kimi, SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması göstərilib. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika olub.

Ermənilər 1988-89-cu illərdə Naxçıvanın ayrı-ayrı yaşayış məntəqələrinə hücumlar edirdilər. Ən şiddətli hücumlar Sədərəkdən 10 km aralı yerləşən Kərki kəndinə edilirdi. Kərki hər tərəfdən Ermənistanla sərhəd olan anklav idi. Sovet ordu hissələri kəndi erməni hücumlarından müdafiə etmir, kənd sakinlərinin yaratdığı özünümüdafiə dəstələrinin isə silahları çatmırdı.

1990-cı il yanvarın 18-də SSRİ Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki anklavı tamilə işğal olunur. Bu hadisə Naxçıvan əhalisində qorxu yaratmaq, dinc sakinlərinin qaçmasına səbəb olmaq idi. Çünki paralel olaraq Sədərək istiqamətində mütəmadi hücumlar davam edirdi.

Belə bir vəziyyətdə Naxçıvan şəhərində muxtar respublikanın Ali Soveti qarşısında toplanan 20 mindən çox insan Ali Sovetinin fövqəladə sessiyasının çağırılmasını tələb edir. Naxçıvan MSSR-ın Ali Sovetinin fövqəladə sessiyası keçirilir.

19 yanvar 1990-cı il axşam saatlarında keçirilən iclasda muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq, SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtlərinin pozması səbəblərindən, SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul olunur. Parlamentin bu qərarı ilə Naxçıvan müstəqil respublika elan olunur.

Müstəqillik qərarından dərhal sonra İrana və Türkiyəyə nümayəndə heyəti göndərilməsi barədə qərar qəbul olunur. Türkiyəyə keçmək istəyən nümayəndə heyəti üzvləri həbs olunur, 5 nəfərlik nümayəndə heyəti 21 yanvarda İrana keçir. Lakin nümayəndələr İrandan əliboş geri qayıdırlar.

Bu hadisənin hüquqi və faktiki nəticəsi olmasa da, Azərbaycanda ilk dəfə müstəqillik cəhdi idi. Çox keçmir ki, Azərbaycan müstəqilliyini elan edir.

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu

Write A Comment