1920-ci il yanvarın 11-də müstəqil Azərbaycan dövləti rəsmi olaraq tanınıb. Belə ki, Birinci Dünya müharibəsinin yekunları ilə bağlı keçirilmiş Versal sülh konfransının Ali Şurasında Böyük Britaniyanın həmin dövrdəki xarici işlər naziri Lord Corc Nataniel Kerzonun təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınması barədə qərar qəbul olunub.

Bu, Azərbaycan Xalq Cümhuriyyəti tarixində, ümumiyyətlə, Azərbaycan tarixində mühüm hadisə idi. İlk dəfə müstəqil Azərbaycan dövləti faktiki olaraq tanınmış, Azərbaycan adlı dövlət dünyanın əsas dövlətləri tərəfindən qəbul olunmuşdu.
Bilindiyi kimi, Azərbaycan adlı dövlətin yaranması heç də asan olmamış, bir çox ölkələr müstəqil dövlətin qurulmasına qarşı çıxmışlar. İlk dəfə Qacar dövləti Azərbaycan adının öz ərazisində əyalətin adı olduğunu əsas gətirərək etiraz edib. Bundan başqa Çar Rusiyası generalları Azərbaycanı yenidən işğal edərək Rusiya tərkibinə daxil etməyə çalışıb. Ermənistan isə mövcud olduğu dövrdə Azərbaycana qarşı düşmənçilik siyasəti və müharibə aparıb.
Lakin bütün bunlara rəğmən, AXC-nin qurucu liderləri 1918-ci ildə sadəcə kağız üzərində elan olunan Azərbaycan dövlətini qısa bir vaxt ərazində dünya birliyinin tanıdığı müstəqil dövlətə çevirə bildilər.
11 yanvar 1920-ci il Versal Konfransı qərarı münasibətlə 14 yanvar tarixində Azərbaycan Xalq Cümhuriyyətində qeyri-iş günü elan olunmuşdur.
Yanvarın 14-də Cümhuriyyətin de-fakto tanınması ilə əlaqədar Parlamentdə keçirilmiş təntənəli iclasda istiqlal yolunda həyatlarını qurban vermiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, daha sonra isə təbrik nitqləri söylənmişdir. İclasda təbrik çıxışı edən Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə nitqini bu sözlərlə bitirmişdir: “Azərbaycan xalqı öz istiqlalını dünyaya tanıtdı. Bir kərə yüksələn bayraq, bir daha enməz!”
1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Parlamentinin qərarı ilə Parisə – Versal Sülh Konfransına göndərilən nümayəndə heyəti isə xalqın iradəsini, onun müstəqillik əzmini ifadə etmək, bu müstəqilliyi dünyaya tanıtmaq və qəbul etdirmək missiyasını öz üzərinə götürmüşdü.
Əlbəttə, bu qərarın qəbulu asan olmamış, Versal Sülh Konfransına yollanan Azərbaycan heyətinin böyük zəhməti və fədakarlığı sayəsində baş vermişdir. Azərbaycan Cümhuriyyətinin qurucularından biri Əli Mərdan bəy Topçubaşovun rəhbərliyi ilə 1918–20-ci illərdə İstanbulda və Parisdə fəaliyyət göstərən Azərbaycan diplomatik missiyası ölkəmizin tanınması üçün böyük xidmətlər göstərib.
1919-cu ildə Parisdə ingilis və fransız dillərində çap olunmuş “Qafqaz Azərbaycanı Nümayəndə heyətinin Paris Sülh Konfransından tələbləri” kitabı bu barədə ən qiymətli mənbə hesab olunur.
Azərbaycan Cümhuriyyətini Paris Sülh Konfransında təmsil edən Nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış ictimai-siyasi xadimləri və görkəmli ziyalılar daxil idilər.
Nümayəndə heyətinin başçısı, çar Rusiyasındakı türklərin və müsəlmanların sınanmış lideri kimi tanınan Əli Mərdan bəy Topçubaşov (1861- 1934) idi.
Ə.M. Topçubaşovun müavini Məmməd Həsən Hacınski (1875-1931) Müsəlman ictimai-siyasi təşkilatları İcraiyyə Komitəsinin rəhbərlərindən biri idi. Sonralar “Müsavat” sıralarına keçən M.H. Hacınski bu partiyanın I qurulta­yında Mərkəzi Komitə üzvü seçilmişdi.
Nümayəndə heyətinin üzvü Əkbərağa Şeyxülislamov (1881–1961) Fətəli xan Xoyskinin ilk hökumətində torpaq və əmək naziri kimi çalışmışdı. Parlamentdə sosialist fraksiyasını təmsil edirdi.
Nümayəndə heyətinin üzvü Əhməd bəy Ağaoğlu (1869-1939) tanınmış publisist və ictimai xadim idi.
Nümayəndə heyətinin məsləhətçisi Ceyhun bəy Hacıbəyli (1889-1962) Paris Siyasi Elmlər məktəbində və Sorbonnada təhsil almışdı. İstedadlı publi­sist və gözəl musiqiçi idi. Böyük qardaşı Üzeyir Hacıbəyli (1885- 1948) ilə birlikdə ilk Azərbaycan operası “Leyli və Məcnun”u bəstələmişdi.
Nümayəndə heyətinin məsləhətçisi Məhəmməd Məhərrəmov (1885-1982) 1917-ci ilin noyabrında İrəvan quberniyasından Rusiya Müəssislər Məclisinə nümayəndə seçilmişdi.
Heyətin başqa bir məsləhətçisi Miryaqub Mirmehdiyev vəkillik fəaliyyəti ilə məşğul olmuşdu. Azərbaycan Parlamentinə “İttihad” partiyasından üzv seçilmişdi.
Peterburq Kadet korpu­sunda ali hərbi təhsil almış A. Atamalıbəyov Nümayəndə heyətinin ən gənc üzvü kimi digər işlərlə yanaşı həm də missiyanın katibi idi.
Nümayəndə heyətinin texniki tərkibinə əməkdaşlar – Əli bəy Hüseynzadə (1864-1940), Viktor Marçevski, katiblər – Səfvət Məlikov və Ələkbər bəy Topçubaşov, tərcüməçilər – A. Qafarov (fransız dili), Q. Qafarova (ingi­lis dili), H. Məmmədov (fransız və türk dilləri) daxil idilər. Rəşid bəy Topçubaşov sədrin şəxsi katibi vəzifəsini yerinə yetirirdi.
Lakin Nümayəndə heyətinin əməkdaşı Ə. Hüseynzadə də Ə. Ağaoğlu kimi “İttihad və Tərəqqi” partiyası ilə əməkdaşlıqda təqsirləndirildiyinə görə sülh konfransına viza ala bilməmişdi. S. Məlikov isə Azərbaycanın Osmanlı imperiyasındakı diplomatik təmsilçisi kimi İstanbulda qalmalı olub.
Sədr Ə. M. Topçubaşov ümumi rəhbərliklə bir sırada siyasi məsələlər və memorandum hazırlanması üçün məsul idi. O, həm də heyətin təşkilati işlərinə və maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarət edirdi.
Sədrin müavini M.H. Hacinski missiyanın xəzinədarı idi. Eyni zamanda iqtisadiyyat və maliyyə bölməsinin işinə rəhbərlik edir, Azərbaycan hökuməti adından Fransanın və digər Avropa ölkələrinin biznes dairələri və ayrı-ayrı iş adamları ticari-iqtisadi danışıqlar aparırdı.
Ə. Şeyxülislamov daha çox sərhəd məsələləri ilə məşğul olur, Azərbaycana dair sta­tistik göstəricilərin, xəritə və diaq­ramların hazırlanmasını təşkil edir, nəhayət Nümayəndə heyətinin arxiv və kitabxanasının yaradıl­ması üçün məsuliyyət daşıyırdı.
M. Məhərrəmov xalq təsərrüfatı və əkinçiliklə bağlı məsələlər üçün cavabdeh idi, eyni zamanda iclas və danışıqların protokollarının Azərbaycan türkcəsində yazılmasını təmin edirdi.
Nümayəndə heyəti nəyə nail oldu?
Sülh konfransı Azərbaycan Nümayəndə heyəti hələ İstanbulda olarkən – 1919-cu il yanvarın 18-də işə başlamışdı. Azərbaycan parlamentarları Müttəfiq dövlətlərin təmsilçiləri ilə uzun və üzücü yazışmalardan sonra yalnız aprelin 22-də Fransa paytaxtına yola düşmüş və mayın 7-də Parisə çatmışdılar.
Əslində, heyət üzvləri qoyulan vəzifələrin icrasına hələ İstan­bulda başlamışdı. Burada bir tərəfdən çar Rusiyasının sü­qutundan sonra yaranan yeni müstəqil dövlətlərin Gürcüstan, Ukrayna, Şimali Qafqaz Dağlılar Respublikası nümayəndələri, o biri tərəfdən isə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya təmsilçiləri ilə danışıqlar aparılmış, Azərbaycan Cümhuriyyətinin müstəqil dövlət kimi beynəlxalq miqyasda tanıdıl­ması istiqamətində ilk addımlar atılmışdı.
Parisə gəldikdən dərhal sonra nümayəndə heyəti bir neçə istiqamətdə fəaliyyətə başlamışdı. İstər sədr Ə.M. Topçubaşov, istərsə də missiyanın səlahiyyətli üzvləri fəal siyasi danışıqlar aparır, öz ölkələrinin tarixi, mədəniyyəti, iqtisadi resursları, qonşu dövlətlərlə münasibətləri barəsində təbliğatı xarakterli mate­riallar yayır, mürəkkəb beynəlxalq münasibətlər sistemində Azərbaycanın müstəqilliyinə müəyyən təminatlar almağa çalışırdılar.
Azərbaycan istiqlalının birinci ildönümü günündə – 1919-cu il mayın 28-də Nümayəndə heyəti ABŞ prezidenti, I Dünya müharibəsindən sonra yeni dünya düzəninin əsasını təşkil edən məşhur prinsiplərin müəllifi Vudro Vilson tərəfindən qəbul olunmuşdu. Həmin görüşdə V. Vilson Rusiya əsarətindən xilas olmuş xalqların dövlət müstəqillikləri ilə bağlı ABŞ-ın öz üzərinə hər hansı bir tərəddüd götürə bilməyəcəyini, ümumiyyətlə, dünyanın kiçik dövlətlərə parçalanmasında lüzum görmədiyini bildirmişdi. Görüşün konkret nəticəsi olmasa da, həmin dövrdə dünyanın super güclərindən biri kimi tanınan ABŞ-ın prezidenti ilə görüş faktının özü ümumən uğurlu başlanğıc sayıla bilərdi.
Konfransa hazırlıq mərhələsində diplomatik mis­siyamızın səyləri nəticəsində Azərbaycan Cümhuriyyətinin ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Qacarlar dövləti, Osmanlı imperiyası və başqa dövlətlərlə qarşılıqlı münasibətlər qurması istiqamətində bir sıra ilkin təşəbbüslər göstərilmişdi. Azərbaycanın istiqlalına zəmanətin yalnız Avropada deyil, həm də okeanın o tayında – ABŞ-da olduğunu yaxşı başa düşən Ə.M. Topçubaşov qısa müddət ərzində amerikanlarla işgüzar münasibətlər yaratmağa nail olmuşdu. Vəkil V. Çandler və Amerika yəhudi icmasının nümayəndəsi M. Robinovla müqavilə bağlanmış, onlara ABŞ və Kanadada Azərbaycanın ma­raqlarını təmsil etmək səlahiyyəti verilmişdi.
Nümayəndə heyətinin Parisdəki səkkiz aylıq gərgin və səmərəli fəaliyyəti öz bəhrəsini verdi – 1920-ci ilin yanvarın 11-də Versal konfransının Ali Şurası Azərbaycanın və Gürcüstanın yeni müstəqil dövlətlər kimi de-fakto tanınmaları barəsində qərar qəbul etdi.
Həmin tarixi hadisənin iştirakçılarından olan Miryaqub Mir­mehdiyev sonralar yazırdı: “Bu iki ölkənin nümayəndəsi xarici işlər nazirliyinə (Fransa XİN nəzərdə tutulur-V.Q.) dəvət olundu. Orada müsyö Kambon Konfrans adından hörmət əlaməti olaraq onlara öz minnətdarlığını bildirdi. Müsyö Kambon bəyan etdi ki, Azərbaycan və Gürcüstan respublikaları beynəlxalq hüquq normalarına uyğun şəkildə rəsmi olaraq müstəqil dövlətlər kimi tanınmışlar.
Bu andan başlayaraq hər iki ölkə rəsmi surətdə Ali Şura ilə əlaqəyə girə bilər, öz ehtiyaclarını, qeydiyyata alınmalarını, konfransın iclaslarında qanuni haqları­nı, bərabərhüquqlu üzv olmalarını tələb edə bilərlər. Bundan başqa, Kombon bildirdi ki, bu dövlətlərin hökumətlərinin tanınması aktı, eyni zamanda onların Rusiya­dan ayrılmalarının tanınması ilə müşayiət olunmalıdır.
Bir həftə sonra – yan­varın 19-da Ali Şuranın hökumət başçılarının iştirakı ilə keçirilən iclasında həmin qərar yenidən, bu dəfə daha yüksək səviyyədə təsdiqləndi. İclasda çıxış edən Nümayəndə heyətinin başçısı Ə. M. Topçubaşov və missiyanın müşaviri M. Məhərrəmov Avropa ölkələrinin müəyyən hərbi–iqtisadi yardım göstərəcəkləri təqdirdə Azərbaycan Cümhuriyyətinin dövlət müstəqilliyini qoruyub sax­lamağa və qısa müddət ərzində inkişaf etmiş ölkəyə çevrilməyə qadir olduğunu bildirdilər.
Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu

Write A Comment