Babək Xürrəmi

📝📌 Nümunə 3: İslam ilahiyyatçısı, fəqihi və tarixçisi Əbu Cəfər Muhəmməd ibn Cərir Təbərinin (838–923) “Tarix ər-rusul vəl-muluk” əsərindən:

“Həmin gün Afşin Heydər ibn Kavus ibn Qarabuğra (?–841) öz adamlarına əmr etdi ki, cərgəyə düzülsünlər. Onunla Babək (798–838) arasında yarım mil məsafə olsun. Sonra Babəki həmin geyim, sarıq və çəkmə ilə piyada iki cərgə arasından keçirib Afşinin yanına gətirdilər.

Afşin ona baxandan sonra dedi: – Onu aşağı düşərgəyə aparın. Onlar da Babəklə birlikdə aşağıya getdilər. Lakin hər tərəfi çəpərlənmiş bir yerdə olan qadınlar və gənclər onu görəndə üzlərini şillələməyə başladılar. Həmin qadınlar və gənclər elə fəryad və şivən qopardılar ki, səsləri asimana ucaldı. Afşin onlara dedi: – Dünən axşam fəryad edirdiniz ki, o, sizi əsir etmişdir. Bu gün isə Babək üçün ağlayırsınız. Allah sizə lənət eləsin! Onlar belə dedilər: – O, bizə yaxşı baxırdı”.

Şərh: Bu, çox maraqlı və diqqətəlayiq məlumatdır. Ərəb mənbələrinin əksəriyyətində belə bir ittiham irəli sürülür ki, Babək və xürrəmilər guya müsəlmanlara və ərəblərə qarşı dəhşətli qətliamlar törətmişlər. Təbərinin salnaməsində isə tamamilə fərqli bir situasiyanın təsviri verilmişdir.

Göründüyü kimi, Babəkə ağlayan, onun çəkdiyi əziyyətlərə ürəkləri dözməyib öz üzlərini şillələyən qadınlar və gənclər İslamın müxtəlif məzhəblərinə mənsub müsəlmanlar, bəlkə də elə ərəblər olmuşlar. Ehtimal edə bilərik ki, həmin müsəlmanlar heç əsir də alınmamışdılar. Onlar xürrəmilərlə birgə yaşayırdılar. Beləliklə, aydın olur ki, Babək və xürrəmilərin guya dini dözümsüzlüyü, fanatizmi barədə yazılanlar, əslində, iftiradan başqa bir şey deyildir.

Ardı var..

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment