“20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi.”

Bütün böyük imperiyaların süqutu mərhələsində iğtişaşlar, üsyanlar və qətliamlar baş verib. SSRİ-nin də taleyi fərqli olmadı, imperiyanın çöküşü bir neçə respublikada üsyan və qanlı hadisələrlə müşayiət olundu. Ancaq bu hadisələrin içərisində miqyasına və verilən itkilərin sayına görə 20 yanvar hadisəsi ilə müqayisə oluna bilməz.

Əslində proseslər sovet ordusunun Azərbaycana yeridilməsi, qanlı toqquşma baş verməsinə aparırdı. Ermənistandan azərbaycanlıların zorakı deportasiyası, Qarabağda başlayan separatizm və silahlı hücumlar Bakıda və Sumqayıtda etnik zəmində gərginlik, Azərbaycan-İran sərhədində baş verənlər bu prosesə aparırdı.

Belə görünür ki, Moskva digər ittifaq respublikalarını qorxutmaq, yüksələn milli-azadlıq hərəkatını sıradan çıxarmaq və əhalidə xof yaratmaq üçün Azərbaycana ordu yeritmək və sərt cəza tədbirləri görməyə qərar verdi. Sonradan baş verənlər, teleqüllənin enerji blokunun partladılması, mühüm dövlət və strateji obyektlərə keçirilən əməliyyat onu göstərir ki, 19 yanvar planlı bir cəza əməliyyatı olub.

Yanvarın 10-dan sonra Bakıda etnik zəmində təxribatlar törədildi, eyni zamanda Sovet-İran sərhədinə hücumlar oldu, hər iki tərəfin adamları Arazı keçərək, bir-biri ilə görüşdülər. 1990-cı il yanvarın 7-də SSRİ-Türkiyə sərhədində də həyəcanlar baş qaldırdı. Yanvarın 18-də Biləsuvar və Cəlilabad ərazilərində sərhəd qurğuları dağıdıldı.

AXC-nin Lənkəran şöbəsinin təşəbbüsü ilə 1990-cı il yanvarın 11-də rayon partiya komitəsi, daxili işlər şöbəsi, mətbəə və digər sahələr mühasirəyə alındı. Rayonda müvəqqəti müdafiə komitəsi yaradıldı. Yanvarın 12-də xalqa divan tutmaq məqsədilə ölkənin mexanikləşdirilmiş hərbi hissələri Lənkərana yeridildi. Bunun qarşısını kəsmək üçün qonşu Salyan, Sabirabad, Kürdəmir bölgələrində xalq ordu hissələri hərəkət edən yolların qarşısını kəsdi.

Paralel olaraq Dağlıq Qarabağdakı azərbaycanlılar yaşayan bölgələrə silahlı hücumları güclənirdi.Yanvarın 12-də Ermənistandan 500 nəfərlik silahlı quldur dəstəsi 20 vertolyotla Xanlar rayonunun Quşçu kəndinə basqın edib silahsız əhaliyə divan tutdu, çoxlu insan – qadınlar, uşaqlar vəhşicəsinə öldürüldü.

Yanvarın 12-də Azərbaycanda Milli Müdafiə Şurası (MMŞ) yaradıldı. Məqsəd yeni hərbi dəstələr yaratmaq və erməni hərbi birləşmələrinin basqınlarının qarşısını kəsmək idi.

Yanvarın 13-də Bakıda bir erməninin 2 nəfər azərbaycanlını öldürməsi paytaxtda iğtişaşları gücləndirdi. Yerli hüquq-mühafizə orqanları, eləcə də, Bakıda yerləşən SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı dəstələri isə bunun qarşısını almağa heç bir cəhd göstərmədi.

Azərbaycan Ali Soveti Rəyasət Heyətinin müraciətinə əsasən SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 15-də “Dağlıq Qarabağ Muxtar Vilayəti və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında” fərman verdi. İmperiya Azərbaycan Ali Sovetinə təklif etdi ki, Bakı və Gəncə şəhərlərində və digər yaşayış məntəqələrində komendant saatı tətbiq edilməsi də daxil olmaqla lazımı tədbirlər görsün.

1990-cı il yanvarın 17-dən AKP MK-nın binası qarşısında əzəmətli mitinq başlandı, ümumi tətil elan olundu. Mitinqdəki çıxışlarda tələb edildi ki, Moskva Ermənistanın Azərbaycana ərazi iddialarına qəti olaraq son qoysun. İmperiyanın Bakıya və ətraf bölgələrə yığdığı qoşunlar Dağlıq Qarabağa və erməni hücumlarına məruz qalan sərhəd bölgələrinə göndərilsin. Mərkəz Naxçıvanda da xalqı cəzalandırmaq məqsədilə fövqəladə vəziyyət tətbiq edilməsi üçün təzyiqlərini artırırdı.

Yanvarın 18-də Şərur rayonunun Kərki kəndinin erməni işğalçıları tərəfindən zəbt edilməsi vəziyyəti daha da mürəkkəbləşdirdi. Xalqın tələbi ilə yanvarın 19-da Naxçıvan MSSR Ali Soveti muxtar respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul etdi. Bundan məqsəd isə Azərbaycanda baş verən hadisələrə, sovet ordusunun qanlı əməllərinə dünya xalqlarının diqqətini cəlb etmək idi və bu addım müəyyən rol oynaya bildi.

SSRİ Ali Soveti Rəyasət Heyəti 1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqa divan tutmaq, qırğın törətmək üçün ordudan istifadə olunacağı nəzərə alınaraq fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı.

Xalq baş verə biləcək qırğından xəbər tutmasın deyə, yanvarın 19-da respublika televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıldı. Qoşun bölmələri yanvarın 19-da Türkan-Qala istiqamətindən şəhərə hərəkət etməyə başladılar. “Bakı əməliyyatı”na sovet dövlətinin müdafiə naziri D.Yazov birbaşa başçılıq edirdi. Ağır hərbi texnika asanlıqla barrikadaları dağıtmağa başladı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, əliyalın adamlara avtomat silahlardan atəş açırdılar. Hərbçilər təsadüf nəticəsində yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, nəqliyyatı atəşə tutur, yaralı insanları öldürür, meyitləri yandırırdılar.


Bakı küçələri öldürülmüş, yaralanmış adamların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibbi heyətin yaralılara köməyə getməsinə şərait yaratmır, hər vəchlə buna mane olmağa çalışırdılar. Əldə olunmuş rəsmi məlumatlara görə, hərbi təcavüz nəticəsinə 149 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü. Şəhidlərdən 6-sı rus, 3-ü yəhudi, 3-ü isə tatar idi. Hadisələr zamanı 400 nəfər həbs edilmiş, 4 nəfər isə itkin düşmüşdür.

Yanvarın 20-də Azərbaycanda fövqəladə vəziyyət elan olundu.

20 yanvar Şəhidləri Bakının ən uca yerində – Dağüstü Parkda dəfn edildi.1990-cı ilin qanlı yanvarı Azərbaycan xalqı üçün yalnız böyük faciə deyil, eyni zamanda milli-azadlıq hərəkatının şanlı bir səhifəsidir.

Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi.

20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 33 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı. Üzərindən 33 il keçməsinə baxmayaraq, bütün beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymətləndirmə verilməyib. Bu cinayətə görə keçmiş Sovet İttifaqı rəhbərliyi bilavasitə məsuliyyət daşıyır.

Beynəlxalq hüquqa əsasən 20 yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır.

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu

Write A Comment