Son illərdə belə bir iddia irəli sürülür ki, Qaraqoyunlu və Ağqoyunlu adlarının tarixi kökləri yoxdur. Guya onlar hansısa təhrifin, yaxud anlaşılmazlığın nəticəsi kimi son dövrlərdə ortaya çıxmışlar.

Bu fikirlə bəlkə də razılaşmaq olardı. Amma məsələ burasındadır ki, Qaraqoyunlu və Ağqoyunlu adları Azərbaycanın, eləcə də Türkiyənin toponomikasında geniş əks olunmuşdur:

– Ağsu, Bərdə, Qubadlı, Tərtər, Goranboy rayonlarında Qaraqoyunlu adlı altı kənd vardır.

– Qərbi Azərbaycanda vaxtilə Qaraqoyunlu mahalı, Qaraqoyunlu adlı kəndlər mövcud olmuşdur.

– Türkiyə Cümhuriyyətinin Afyonkarahisar ilinin Başmakçı və Çobanlar ilçələrində, Ankara ilinin Bala ilçəsində, Diyarbakır ilinin Çermik ilçəsində dörd kəndin adı Akkoyunludur.

– Türkiyənin İğdır ilində isə bir ilçənin (dairənin) adı Karakoyunludur. Bu mahalda Qaraqoyunlu dövründən qalma qoçbaşlı abidələrə də rast gəlinir. Onu da vurğulayaq ki, İğdır camaatı burada yaşayan qaraqoyunluları kolanı hesab edir.

Daha bir neçə maraqlı fakta diqqət yetirək:

– Özbəkistanın Daşkənd vilayətində Karakoyli adlı kənd vardır.

– Tacikistanın Babataq dağlarında yaşayan durmen adlı özbək tayfasının nəsillərindən birinin adı akkoylı olmuşdur.

– Qazaxıstanın Türküstan vilayətinin Ordabas rayonunda Akkoylı kəndi mövcuddur.

– Qazaxıstanın Ordabas rayonunda iki təpənin adı Akkoylıdır.

– Qazaxıstan ərazisindən axan Arıs çayının vadisində yerləşən qədim məscid-mədrəsənin də adı Akkoylıdır. Yeri gəlmişkən, Arıs çayının bir qolu Aksu (Ağsu) adlanır.

Haşiyə. Bəzi araşdırıcılar Arıs çayının adını qədim alan-albanların Orta Asiyada yaşamış (e.ə. I əsr – eramızın III əsri) aorsi tayfasının adı ilə əlaqələndirirlər. Maraqlıdır ki, IX–X əsrlərdə Xəzər xaqanlığının qvardiyası arsiya adlı Orta Asiya tayfasının döyüşçülərindən təşkil olunmuşdu.

Hesab edilir ki, aorsi və arsiya, əslində, eyni tayfa adının fonetik variantlarıdır. 913–914-cü illərdə Azərbaycan üzərinə uğursuz yürüşdən qayıdan rusları (əslində, vikinqləri) məhz arsiya döyüşçüləri qılıncdan keçirmişdilər.

Savaşdan əvvəl arsiyalılar Xəzər xaqanına demişdilər: “Bizə imkan ver, bu xalqla haqq-hesabı çürüdək. (Ruslar) müsəlman qardaşlarımızın yurdlarını qarət ediblər, onların qanını axıdıblar, arvad-uşaqlarını əsir götürüblər”.

İtil (indiki Volqa) çayının sahilində baş vermiş döyüşdə 35.000-dən çox rusun qarşısına 15.000-dən az müsəlman arsiyalı və xristian türk çıxmışdı. Türklərin sayı düşmənin sayından iki dəfə az olsa da, onlar rus ordusunu darmadağın etmişdilər. Qədim salnamələrə əsasən, həmin qırğında rus döyüşçülərinin hamısı qətlə yetirilmişdi.

– Qazaxıstanın Böyük Juzunun dulat boyunun dörd qolundan biri olan sıykım tayfası bir neçə nəsildən ibarətdir: Akkoylı, karakoylı, alkuşik, akılbek, baqlan, boras, buas, kusirak, kuttıbay, yeskeldı, yesbol, şuıldak, toqas.

Qeyd. Qazax dilində ağ və qara rənglərə müvafiq olaraq “ak” və “kara”, qoyuna “koy” deyilir. “Lı” isə Azərbaycan dilindəki “lu” şəkilçisidir.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Məqalənin 1-ci hissəsinə keçid linki: https://millikimlik.az/2022/5571/

Write A Comment