Türkmənistanın Çarcou vilayətinin Çoxpete kəndində yaşamış qaraqoyunlu türkmənləri arasında belə bir rəvayət vardı:

“Bir kişinin iki oğlu olur. O, oğlanlarından birinə ağ qoç, digərinə isə qara qoç verir. Qaraqoyunlular həmin qara qoçun sahibinin törəmələridir”.

Qaraqoyunlu (1375–1468) və Ağqoyunlu (1378–1501) dövrləri Azərbaycan tarixinin şanlı səhifələridir. Qaraqoyunlu dövlətinin hakim sülaləsi baranlı tayfasından, Ağqoyunlu dövlətinin hakim sülaləsi isə bayandurlu tayfasından olmuşdur.

Bəzən bu dövlətləri Baranlı və Bayandurlu da adlandırırlar. Baranlı tayfası Oğuz elinin yıva boyunun bir qolu olduğu üçün Qaraqoyunlu dövlətinə Yıva dövləti də deyirlər.

Haşiyə. Iva (yıva) adlı türkmən tayfası bugün Özbəkistanın Buxara vilayətinin Ələt rayonunda yaşayır.

Belə bir fikir də var ki, Qaraqoyunlu hökmdarları baranlı deyil, baharlı tayfasından olmuşlar. Bu məsələ ilk baxışdan ziddiyyətli görünsə də, onun çox sadə bir izahı var. Orta əsrlərdə yıva tayfasının mərkəzi İranın Həmədan ostanında yerləşən Bahar şəhəri və onun ətrafı idi. Məhz buna görə də, sonradan baranlı tayfasının digər adı – baharlı ortaya çıxdı.

Lakin qaraqoyunluların aparıcı tayfasının adı ilə bağlı məsələyə nöqtə qoymağa tələsməyək… Beləliklə, baranlı–yıva–qaraqoyunlu–baharlı tayfasının beşinci məşhur adı haqqında danışaq…

Həmədan və onun Bahar zonası təkcə Qaraqoyunlu ittifaqının deyil, həm də Midiya, Əhəməni, Ərsaki, Sasani və Səlcuqi dövlətlərinin əsas mərkəzlərindən biri olmuşdur.

Baranlı tayfasının məskunlaşdığı bu bölgə özünün düzənlikləri ilə məşhurdur. Onlardan birinin adı Kolanı çölüdür. Tarixdən bildiyimiz kimi, Qaraqoyunlu ittifaqına Azərbaycanın qədim kolanı tayfası da daxil idi.

Ölkəmizdə və qonşu dövlətlərin torpaqlarında Qaraqoyunlu adını daşıyan kəndlərin çoxunu məhz kolanılar salmışlar. Azərbaycan, İran və Türkiyədə bu tayfanın adı ilə bağlı xeyli toponim var.

Suriyadakı Culan təpələrinin adı əfsanəvi İsrail çarlığının Golan şəhərinin adı ilə əlaqələndirilsə də, fikrimizcə, sözügedən ərazinin əsil adı Kolanıdır. 1967-ci ilədək buranın əsas, həm də əzəli sakinləri məhz Culan, əslində isə, Kolanı türkmanları olmuşlar.

Türkman ziyalısı Muhtar Fatih Begdili yazır: “Suriya türkmanları məhz qaraqoyunlularla ağqoyunluların törəmələridir”.

Mövcud faktları nəzərə alaraq belə bir nəticəyə gələ bilərik ki, Qaraqoyunlu ittifaqının əsas tayfası zamanla müxtəlif adlar daşımışdır. Zənnimizcə, əvvəlki adı baranlı olmuş bu tayfaya sonradan kolanı və yıva da deyilmiş, ardınca isə o qaraqoyunlu və baharlı kimi də tanınmışdır.

Yeri gəlmişkən, Qazaxıstanın Jambıl vilayətində ən azı VIII əsrə aid edilən qədim bir şəhərin adı Kulandır. Maraqlıdır ki, Böyük Britaniyanın Kornwall (Cornwall) qraflığında da Kolan (Colan) adlı qədim yaşayış məntəqəsi vardır. Kornwall qraflığı Britaniyanın əfsanəvi hökmdarı Kral Arturun vətəni sayılır.

Daha çox dolayı dəlillər üzərində qurulmuş bir fərziyyəyə əsasən, Kral Artur və onun cəngavərləri mənşəcə sarmat olmuşlar. Xatırladaq ki, sarmatlar erkən orta əsrlərdə indiki Rusiyanın cənub çöllərində və Qazaxıstanda yaşamışlar.

Onu da vurğulayaq ki, Kral Arturun real tarixi şəxsiyyət olub-olmaması hələ ki, sübuta yetirilməmişdir. Amma maraqlıdır ki, Britaniyanın əfsanəvi qurucusunun vətəni hesab edilən Kornwalla vaxtilə sarmatların yaşadıqları qədim Turan arasında müəyyən bir bağlılıq mövcuddur:

– Kornwall qraflığından Tamar adlı çay axır. İddiaya görə, bu çayın adı “qaranlıq axın”, yaxud “böyük su”, “ulu su” anlamlarından birini ifadə edir.

– Rusiyanın Orenburq vilayətindəki “Tamar-Utkul” kəndinin adı qazax dilindən “bataqlıq keçid” kimi tərcümə olunur.

– Qırğızıstanın Oş vilayətindəki müqəddəs “Çakka tamar” mağarasının adı qırğız dilində “yağan damcılar” deməkdir.

– Ehtimala görə, Rusiyanın Krasnoyarsk vilayətindəki Taymır yarımadasının, Taymır gölünün, Yuxarı və Aşağı Taymır çaylarının adı saxa dilindəki “tuoy muora” (duzlu göl) və ya “tımır” (damar) sözlərindəndir.

Göründüyü kimi, “tamar” sözü Kornwallın qədim əhalisinin dilində “qaranlıq axın”, yaxud “böyük su”, “ulu su”, qazax dilində “bataqlıq”, qırğız dilində “damcılar”, saxa dilində isə “duzlu göl” və ya “damar” (yenə də axın) kimi bənzər mənaları verir.

Bu fakt bir tərəfdən ona dəlalət edə bilər ki, Kornwall qraflığındakı Kolan toponimi ilə türklərin Kolanı etnonimi arasında oxşarlıq heç də təsadüfi deyildir. Digər tərəfdən isə nəzərə almalıyıq ki, dillərin hamısının kökü birdir. Deməli, Kolan–Kolanı, Tamar–Tamar paralelləri həmin əcdad dilin təzahürləri də ola bilər.

Ardı var..

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment