Azərbaycandan minlərlə kilometr uzaqda, Cənubi Asiyada, Himalay dağının ətəklərində yerləşən Nepal dünyanın ən sirli ölkələrindən biridir. Bu yazımız həmin sirlərdən biri barəsindədir.

Nepal buddizmin əfsanəvi yaradıcısı Qautama Budda Şakyamuninin vətəni hesab olunur. Ehtimala görə, Qautama Budda e.ə. VI əsrdə yaşamışdır.

Hazırda buddizm Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində geniş yayılıb. O Butan, Kamboca, Laos, Myanma və Tailandın dövlət dinidir. Şri-Lankada konstitusiya ilə buddizmə xüsusi status verilib.

Monqolustan, Vyetnam və Tibet əhalisinin əsas dini buddizmdir. Bu din Çin, Koreya və Yaponiyada öz təsirini saxlayıb. Rusiyada buddizmə ənənəvi olaraq buryatlar, kalmıklar və tıvalılar etiqad edirlər.

Bugün dünyada buddistlərin sayı 500 milyondan çoxdur. Buddizmin əsas məqsədi insanın fiziki və mənəvi saflığına nail olmaqdır. Budda bu təlimin ilahi vəhy olduğunu iddia etmirdi. O, öz yolunu düşüncə və meditasiya vasitəsilə tapmışdı. Özünü Tanrı saymayan Budda ümumiyyətlə bütün kultlara qarşı idi. Amma zamanla onun özü də ardıcıllarının pərəstiş obyektinə çevrildi. Beləliklə, Budda kim idi?

Bu suala cavab tapmaq üçün uzaq Nepala və tarixin dərin qatlarına “səyahət” etməliyik.

Maraqlıdır ki, Budda Qautama Şakyamuninin vətəni sayılan Nepalın 77 rayonundan birinin adı Salyandır. Ümumiyyətlə isə, Nepalda Salyan adlı iki şəhər, bir rayon, dörd kənd və bir göl vardır. Daha maraqlısı odur ki, Nepaldakı Salyan şəhərindən təxminən 50 kilometr aralıda Banke adlı rayon yerləşir.

Nepalın Salyan rayonunda maqar adlı etnik qrup yaşayır. Maqarlar Nepalın ən döyüşkən xalqı sayılır. Maqarların 74%-i induist, 24%-i isə buddist olsa da, onların inanclarında qədim türk şamançılığına xas olan cəhətlər də mövcuddur. Güman edilir ki, maqarlar Nepala çox qədim zamanlarda hansısa uzaq bir ölkədən dini zəmində şiddətli təqiblərə məruz qaldıqlarına görə köçmüşlər.

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri Salyan şəhəridir. Salyan şəhərindən təxminən 50 kilometr aralıda Bankə adlı qəsəbə yerləşir. Həm Salyan, həm də Bankə tarixən Muğan bölgəsinə aid məntəqələrdir.

E.ə. VI əsrdə Muğan düzündə Midiyanın altı boyundan biri olan maq tayfası yaşayırdı. Yeri gəlmişkən, belə bir ehtimal var ki, Muğan düzü məhz bu tayfanın adını daşıyır. Muğan yer adı iki hissədən – “muğ” (“maq”) sözündən və “an” cəm şəkilçisindən ibarətdir. Amma kim bilir, bəlkə də əksinə, maq tayfası öz etnonimini yaşadığı bu çölün adından götürmüşdür.

Haşiyə. Bir sıra ensiklopedik nəşrlərdə Azərbaycan, fars, uyğur muğamlarının ərəb “məqam”ından qaynaqlandığı göstərilir. Fikrimizcə, bu, yanlış nəticədir. Sadalanan bütün muğamlar, o cümlədən ərəb “məqamı”, əslində, Azərbaycan muğamından yaranmışdır. Muğamın vətəni, sözsüz ki, Azərbaycan, konkret olaraqsa, Muğan düzüdür.

Bunun əsas sübutu odur ki, Azərbaycan muğamı ən mükəmməl muğamdır. Digər tərəfdən isə, qədim salnaməçilər Muğan düzündə yaşamış maqların “Avesta”nı avazla oxuduqlarını qeyd etmişlər. Musiqinin bu növünü orta asiyalılar “makon”, farslar isə əsasən “dəstigah” adlandırırlar. 2008-ci ildə Azərbaycan muğamı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) isə Azərbaycan muğamını qızıl plastinkaya yazdıraraq kainata göndərmişdir.

E.ə. VI əsrdə maqlar Bardiya Qaumata adlı hökmdarı dəstəklədilər və buna görə şiddətli təqiblərə məruz qaldılar.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment