Bu, bir ideyadan daha çox bu xalqın taleyidir

Başlıq ritorik görünsə də, aktual və vacib sualdır. Xüsusən də bu gün ölkədə ideoloji xaosun davam etdiyi bir zamanda bu mövzu aktuallığını daha da artırıb. Çünki bu sualın cavabı həm də bu günü aydınladır.

Bəllidir ki, siyasi ideologiyalar 18 və 19-cu əsrdə Avropada yaranıb formalaşdı. Müsəlman aləmində, eləcə də Azərbaycanda bu proses 19-cu əsrin ikinci yarısında baş verdi. Yeri gəlmişkən, müsəlman aləmində ideoloji fikir cərəyanlarının formalaşıb şaxələnməsində həmvətənimiz Camaləddin Əfqaninin (Əsədabadi) böyük xidmətləri olub. Bu da bir ayrı yazının mövzusudur.

Bəs niyə Azərbaycançılıq? Niyə seçim o zaman kifayət qədər populyar olan Turan – millətçilik – və ya İttihad – ümmətçilik deyil də, Azərbaycan adı, yəni bir coğrafiya ilə məhdudlaşan ideyanın üzərində dayandılar?

Halbuki o zamanın sənaye və ticarət mərkəzi olan Bakıda kifayət qədər ümmət – siyasi islamçılıq – və ya millətçi düşüncə daşıyıcıları var idi. Amma Azərbaycan dövlətinin “qurucu babaları” böyük İslam aləminə xitab edən ümmət və ya böyük türk dünyasını hədəfləyən millətçilik deyil, bəlli bir coğrafiyanı əhatə edən ideoloji-siyasi düşüncəni inkişaf etdirdilər.

Üstəlik 1917-ci ildə şimaldan bolşevik təhdidi yarandığı bir zamanda.

Dediyim kimi, bu sualın cavabı indi daha aydın görünür.

Məsələ ondadır ki, digər heç bir ideologiya Azərbaycan coğrafiyasında yaşayan insanları bir arada tutmaq iqtidarında və onu kənar təsirlərin qarşısında qorumaq gücündə deyildi.

Əvvəla siyasi İslamın (ümmət) ideyası praktik olaraq həll yolu göstərmirdi, bu gün də göstərə bilmir. Üstəlik ümmətçilik arxasınca məzhəb və dini təfriqə gətirə bilərdi, bu da fərqli din və məzhəblərin təmsilçilərinin yaşadığı Azərbaycan üçün həssas və riskli mövzu idi.

Buna görə də İslam inancını kənara qoymadan, üstəlik böyük İslam aləmi və xüsusən də Rusiya müsəlmanları ilə əlaqələrin qurulmasında böyük rolu olan din amilinə böyük önəm verilsə də, əsas ideologiya olaraq seçilmədi.

Millətçilik dövr üçün çox cəlbedici idi, üstəlik dini mövzuda olduğu kimi, böyük türk coğrafiyası, xüsusən də Osmanlı (Türkiyə) və Rusiya türkləri ilə sıx bağların olduğu bir dövrdə türkçülük və Turan ideyası geniş yayılsa da, çoxmillətli ölkə üçün etnik millətçiliyin bölücü fəsadının olması riski var idi. Üstəlik türk birliyi ideyasının realpoltik olaraq perspektivsizdi.

Bütün bunları nəzərə alaraq çoxmillətli, çoxkonfessiyalı bir coğrafiya olan Azərbaycanda milli ideologiya formalaşdırıldı. Azərbaycançılıq, özündə həm milli, həm dini kimliyi birləşdirir, müxtəlif etnik və dini-məzhəbi qrupları bir çətir – Azərbaycan adlı vətən ətrafında birləşdirə bilirdi.

Bu həm də milli identikliyin qorunub saxlanması, Osmanlı və İran kimi, (unutmaq lazım deyil ki, o dövrdə İran türk Qacar sülaləsi tərəfindən idarə olunurdu – K.R.) böyük mədəniyyətlərin arasında sıxışıb qalan ölkə üçün yeganə ideoloji “sığınacaq” milli Azərbaycan kimliyi idi.

Bu səbəbdən də Azərbaycan Xalq Cümhuriyyətini quranlar. Xüsusən də Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli Azərbaycançılıq ideyasına sarıldılar.

Azərbaycançılıq bu coğrafiyanın min illərdir davam edən həyatını əks etdirən bir düşüncə idi.

Bu torpaqlarda yüz illərdir fərqli dinlər, məzhəblər dinc yanaşı yaşayıb, İslam dini və Əhli Beytə ehtiram hakimiyyətlər və sülalələrdən asılı olmayaraq qorunub. Həmçinin müxtəlif etnik qruplar bir arada, dostcasına yaşayıblar, işğala qarşı birgə mübarizə aparıblar, güclü olduqları zamanı birləşib imperiya yaradıblar, başqa sözlə, yaxşı və pis günü bir yerdə yaşayıblar.

Rəsulzadə və silahdaşları Azərbaycançılıq ideyasına sarılanda bu xalqın keçmişini və gələcəyini düşünüb ən optimal və xalqın ruhuna yaxın olanını seçiblər. Çünki bu xalqı bir arada tuta bilən, həm də onu kənar təsirlərdən qoruya bilən yeganə düşüncə Azərbaycançılıqdır.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Kənan Rövşənoğlu

P.S. Biz nə zaman yumruq kimi bir olduqsa o zaman qalib olduq, bu fotoşəkil bu sözlərin bariz nümunəsidir.

Write A Comment