Qautama ilə Qaumata arasında fərqli cəhətlər də kifayət qədərdir. Məsələn, onların valideynlərinin və həyat yoldaşlarının adları bir-birinə bənzəmir.

Bir məsələ isə diqqətimizi xüsusilə cəlb etdi: I Daranın göstərişi ilə Bisütun qayasının üzərinə həkk olunmuş yazılarda belə bir məlumat var ki, guya keçmişdə törətdiyi hansısa cinayətə görə Qaumatanın qulaqları kəsilmişdir.

Məhz bu “fakta” əsaslanan qatillər iddia etmişdilər ki, Qaumata qanuni padişah Bardiya deyil, hakimiyyəti qəsb etmiş midiyalı maqdır.

Əhəmənilərin irəli sürdükləri fərziyyəyə görə, Şahənşah II Qambujianın Misirdə olmasından istifadə edən Qaumata e.ə. 522-ci il martın 11-də üsyan qaldırmış, aprelin 2-də isə artıq hakimiyyəti ələ keçirmişdi. Bu zaman Qaumata özünü II Qambujianın kiçik qardaşı Bardiya kimi təqdim etmişdi.

Halbuki hələ Misir kompaniyasından əvvəl II Qambujia öz qardaşı Bardiyanı gizlicə öldürtmüşdü. Guya midiyalı maqın taxt-taca yiyələnməsindən xəbər tutan şahənşah etiraf etmişdi ki, qardaşını qətlə yetirib.

Sonra isə o, üsyançılara qarşı hərbi yürüşə başlamış, lakin e.ə. 522-ci il aprelin sonunda müəmmalı bir şəraitdə yolda dünyasını dəyişmişdi.

Sovet tarixçisi Maqomed Dandamaev “Əhəmənilərin siyasi tarixi” əsərində qeyd edir ki, e.ə. 522-ci il iyunun 1-dək Əhəməni imperiyasının bütün əhalisi Qaumata Bardiyanı hökmdar kimi tanımışdı.

Bu isə o deməkdir ki, qədim adət-ənənə ilə Pasarqada şəhərində tacqoyma mərasimi keçirmiş Qaumata öz qardaşı II Gambujianın səltənətinin növbəti sahibi olmuşdu. Tarixi Babil ölkəsinin ərazisindən tapılmış dörd sənəddə e.ə.

522-ci il Bardiyanın taxta çıxdığı il adlandırılır. Həmin yazılarda onun adı Babil padişahı, ölkələr padişahı kimi qeyd edilmişdir. Qaumatanın hakimiyyəti dövründə heç bir üsyan və ya iğtişaş olmamışdır. Bütün mənbələr qəbul edirlər ki, onun hakimiyyəti dinc şəraitdə keçmişdir.

Bisütun yazılarında, eləcə də yunan salnaməçiləri Herodotla Ktesiasın əsərlərində I Daranın iddiasına əsaslanan belə bir fikir bəyan edilmişdir: Maq Qaumata II Qambujianın kiçik qardaşına zahirən o qədər bənzəyirmiş ki, təkcə saray əyanları və dövlətin təbəələri deyil, hətta şahzadənin həyat yoldaşları, bacıları və digər ailə üzvləri də başa düşməmişdilər ki, o, əsil Bardiya deyil, yalançı bir qəsbkardır. Yalnız I Dara bu hiylənin üstünü açıb midiyalı maqı ifşa etmişdi.

E.ə. 522-ci ilin sentyabrında baş vermiş hadisələrin həqiqi mahiyyətini anlamaq üçün Herodotun təqdim etdiyi bir məlumatı da mütləq nəzərə almalıyıq. Yunan salnaməçisi yazırdı ki, Qaumatanın sarayına hücumdan əvvəl sui-qəsdçilərin keçirdikləri son toplantıda I Dara bu sözləri demişdi:

“Lazım olan yerdə yalan danışmaq lazımdır. Axı hamımız – yalan danışan da, doğrunu deyən də müəyyən bir məqsədə nail olmaq istəyir”.

E.ə. 522-ci il sentyabrın 29-da Qaumata Bardiya öldürüldü. Herodotun yazdığına görə, onun ölümü Əhəmənilər imperiyasının bütün xalqlarını kədərləndirdi. Amerikalı şərqşünas, Əhəmənilər dövrü üzrə mütəxəssis Albert Olmstead (1880–1945), nüfuzlu sovet tarixçisi Maqomed Dandamaev (1928–2017), məşhur amerikalı araşdırıcı və yazıçı Qor Vidal (1925–2012), eləcə də bir sıra digər tədqiqatçılar hesab edirlər ki, taxta II Qambujianın kiçik qardaşı Bardiya çıxmış, I Dara isə məhz onu şərləyib qətlə yetirmişdir.

M.Dandamaev yazırdı: “Bu nəzəriyyənin xeyrinə dəlalət edən ciddi bir fakt vardır. İmperiyanın bütün xalqları inanırdılar ki, dövləti I Daranın böhtan atıb maq adlandırdığı əsil Bardiya idarə edir.

Bu fikri həm də o təsdiq edir ki, I Dara taxta çıxan kim imperiyanın bütün ərazisini ümumxalq üsyanı bürüdü. Görünür, əsil qəsbkar I Daranın özü idi.

O, qanuni hökmdarları – II Qambujianı və Bardiyanı öldürüb taxt-tacı ələ keçirdikdən sonra qəsbkar maq barədə hekayəni uydurmuş, hakimiyyətini legitimləşdirmək üçün II Qambujianın bacısı şahzadə Atossa ilə evlənmişdi. Sonrakı Əhəməni padişahlarının hamısı I Dara ilə Atossanın nəslindən idi”.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment