1630–1755-ci illərədək qədim kuşanların (yuecilərin–toxarların) ana vətənində orta əsr mənbələrinin xoşud adlandırdığı xalq yaşamışdır.
Xoşudların bir hissəsi 1630-cu ildə indiki Çinin Kuknor (Göynohur) məntəqəsinə köçmüş, yerdə qalanlarını isə 1755-ci ildə çinlilər və mancurlar qətliam etmişdilər.

Kuknorda yaşayan müasir xoşudlar moğol dilinin oyrat ləhcəsində danışırlar.
Ehtimala görə, xoşud etnonimi moğol dilində “xoşun” (qoşun), “tiyə”, “ön dəstə” kimi mənaları ifadə edir. Guya xoşud adını bu xalqa Çingiz xan vermişdir.
Amma məsələ burasındadır ki, xoşud etnonimi, əslində, həm qədim türk, həm də müasir moğol dillərindəki iki sözdən ibarətdir: “koş”–“xoş” (kök söz) və “uz”–“ut” (cəm şəkilçisi).

Yeri gəlmişkən, kuşan etnoniminin “an” hissəsi də, böyük ehtimalla, İran dillərindəki “an” cəm şəkilçisidir. Qeyd etdiklərimizdə diqqəti cəlb edən bir neçə cəhət vardır:

Xoşud və kuşan etnonimləri, əslində, bir-birinin kalkasıdır. Görünür İrandilli mətnlərdə bu xalqın adı kuş-an (kuş-lar) formasında olmuş, moğol dilində isə xoş-ud (xoş-lar) şəklində deyilmişdir. Xatırladaq ki, çinlilər də uyğurların əcdadlarını qaoçe və ya qaoju adlandırırdılar.

Xoşudlar XVIII əsrədək məhz əzəli kuşan (yueci) torpaqlarında – indiki Uyğurustanda yaşamışlar.

Həm xoşud, həm də kuşan etnonimləri, zənnimizcə, bu xalqın ekzoetnonimləri, yəni başqa xalqların onlara qoyduqları adlardır. Hər iki halda sözün kökü saxlanmış, lakin mənsubiyyət şəkilçisi müvafiq cəm şəkilçisi ilə əvəz olunmuşdur.
Fikrimizcə, həmin xalq özünü quşçi adlandırırdı. Çinlilər isə quşçi sözünü əvvəlcə yueci, sonra isə qaoçe və qaoju formalarına salmışdılar.

Quşçi etnoniminin mənşəyi, zənnimizcə, heç də quş sözü ilə deyil, türk dillərindəki “koş”, “qoş” sözü ilə bağlıdır. “Qoş” sözü qədim türk dilində birlik, birləşdirmək, əlavə etmək, bağlamaq, qurmaq, qoşulmaq kimi mənaları ifadə edir.
Yeri gəlmişkən, qədim toxarların Şərqi Türküstanda qurduqları dövlətin və onun paytaxtının adı Kuçar idi. Kuçarın dövlətçilik tarixi iki dövrə bölünür. Birinci mərhələ 111-ci ildən 648-ci ilədək, ikinci mərhələ isə 861-ci ildən 1368-ci ilədək davam etmişdir.

Yenidən Urmiya toponiminin mənşəyi məsələsinə qayıdaq… Əvvəldə qeyd etdiyimiz kimi, bu adın müxtəlif yozumları vardır. Lakin həmin izahların heç biri Urmiya toponimini Azərbaycan dili ilə əlaqələndirmir. Halbuki onun məhz Azərbaycan dilindən qaynaqlandığını göstərən kifayət qədər ciddi əsas mövcuddur.

Uyğurustandakı Urumçi şəhərini qədim kuşan (yueci) xalqının törəməsi – xoşud xalqı salmışdır. Kuşan xalqının tək halda adı kuşi, əsl adı isə quşçi idi. Azərbaycanın qədim Urmiya şəhəri həm də Urmiya şəhristanının inzibati mərkəzidir.
Onu da qeyd edək ki, Urmiya şəhərinin əsas əhalisi olan azərbaycanlılar bu şəhəri Urmiya deyil, Urmu adlandırırlar. Farsdilli mətnlərdə isə bu şəhərin adı Urumiyə kimi göstərilmişdir.


Göründüyü kimi, Uyğurustandakı Urumçi şəhərinin adı ilə Azərbaycandakı Urmu (Urumiyə) şəhərinin adlarında eynilik vardır: Urum–Urmu–Urum. Bu kontekstdə maraqlıdır ki, Urmiya şəhristanının beş rayon mərkəzindən birinin adı Kuşi və ya Quşçidir. Həmin şəhərin əhalisi azərbaycanlılardan ibarətdir.

Lakin quşçilər təkcə Urmiyada deyil, ölkəmizin bütün bölgələrində yaşamış, Azərbaycan xalqının etnogenezində fəal iştirak etmişlər. Quşçi adının müxtəlif variantlarına həm Azərbaycan Respublikasında, həm də azərbaycanlıların əzəldən yaşadıqları digər ərazilərdə rast gəlirik:

Quşçu – Göygöl, Yevlax, Laçın və Şamaxı rayonlarında dörd kənd;

Quşçu Dağı (1421 metr), Quşçular Dağı – Şamaxı və Xocavənd rayonlarında dağ adları;

Quşçu kəndi, Quşçu məbədi, Quşçu Dağı – Daşkəsən rayonunda;

Quşçu-Ayrım, Dondar Quşçu, Aşağı Quşçu – Qazax və Tovuz rayonlarında üç kənd;

Dəli Quşçu, Dağ Quşçu, Çöl Quşçu – Zərdab, Siyəzən və Şabran rayonlarında üç kənd;

Quşlar (Quşilər) – Qəbələ və Kürdəmir rayonlarında iki kənd;

Quşçular – Goranboy, Cəbrayil və Xocavənd rayonlarında üç kənd;

Aşağı Quşçular, Yuxarı Quşcular – Şuşa rayonunda iki kənd;

Quşlar kəndinin xarabalıqları – Oğuz rayonunda;

Quşar adlı nəsil – Qax rayonunun İlisu kəndində;

Quşçu, Quşçu qalası – Gürcüstanın Marneuli rayonunda kənd və tarixi abidə;

Quşi, Quşçu – İrəvan xanlığında üç kənd;

Quşi, Quşidərəsi – İrəvan quberniyasında iki kənd;

Quşçuqaya – Gəncə quberniyasının Qazax qəzasında mahal;

Quşçu – Ermənistanın Abaran və Dərələyəz rayonlarında iki kənd;

Quşçu – Ermənistanın Qafan rayonunda keçmiş kənd;

Quşçu – İranın Qərbi Azərbaycan ostanında şəhər;

Quşçu – İranın Şərqi Azərbaycan və Qəzvin ostanlarında iki kənd.

Nəticə. Azərbaycanın Urmu (Urumiyə) şəhəri ilə Uyğurustanın Urumçi şəhərini əski zamanlarda qüdrətli quşçi (yueci, kuşan, toxar, tüger, döger) tayfası salmışdır.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

1-ci hissəyə keçid linki: https://millikimlik.az/2022/5376/

Write A Comment