General Sisianovun Bakını mühasirəyə alıb şəhəri ələ keçirməsi uzandığı üçün vəliəhd Abbas Mirzə Əhməd Xan Bəylərbəyi və sonradan İrəvanın müdafiəsinə göndərilən Hüseyn Xan Qacarı Abşerona göndərdi.

Məqsəd rusların başını qatıb əsas qüvvələrin, yəni Abbas Mirzənin özünün Bakıya gəlib çatmasına vaxt qazanmaq idi.
Əhərdən yola çıxan Abbas Mirzə Ərdəbildə düşərgə salır. Bu zaman artıq Sisianovun ordusu Bakının mühasirəsini tamamlayır.

Soyuq fevral günlərinin birində Sisianov və Bakı xanı Hüseynqulu Xan arasında görüş təyin olunur. Hüseynqulu xanla yanaşı əmisi oğlu İbrahim xan və daha iki başqa əsilzadə danışıqlara qoşulur.
Bakı qalasının dənizə tərəf olan qapısı yaxınlığında baş tutan görüşdə general Sisianovla yanaşı daha 3 silahlı zabit olub.
Görüş uzun sürmür və tezliklə tərəflər arasında səslər yüksəlir, mübahisə yaranır. Sisiyanovun Bakını təslim etmək tələbi və bağırmasından xan əsəbiləşir. Qəzəblənən xan əmisi oğluna atəş əmri verir.

Dərhal atəş açan İbrahim xan və yanındakılar Sisianovun yanındakı silahlı zabitləri və mühafizəçiləri öldürürlər.
Sisiyanov isə yaralı olaraq ələ keçir və onu Bakı qalasına gətirib burada başını kəsirlər. daha sonra isə kəsik başı Abbas Mirzəyə göndərirlər ki, o da Fətəli Şaha göndərsin.

Ancaq Abbas Mirzə Sisianovun başının kəsilməsindən narahat olur, müharibə qanunlarının pozulmasını pisləyir. Lakin qəddar çar generalı Sisianovun başının kəsilməsi Azərbaycan əhalisi arasında sevinclə qarşılanmışdı.
Sisianovun məhz danışıqlar zamanı öldürülməsi birmənalı qarşılanmayıb.


Bəzilərinə görə, (Abbas Mirzə də bu cür düşünürdü – K.R) bu, müharibə qanunlarına ziddi idi, elçini öldürmək qanunlara və müharibə əxlaqına ziddir. Bu nəzəriyyə ilk baxışdan doğrudur. Sisianov və onunla bərabər gələnlər silahlı olsalar da danışıqlarda iştirak edirdi və əvvəlcədən razılaşdırılmış bir görüş idi. Belə bir görüşdə elçiləri öldürmək qaydalara zidd idi.

Amma əksini düşünənlərin fikrincə, Sisianov bir elçi və diplomat deyil, işğal ordusunun komandanı, Azərbaycanda dinc insanlara divan tutmuş qəddar bir general idi. Üstəlik, Sisianov qala qapısı qarşısındakı danışıqlar zamanı diplomatik etika və müharibə qanunlarını pozaraq qarşısındakı insanları təhqir etməklə insanları zorakılığa təhrik edib.
Sadəcə Azərbaycandakı qələbələrindən beyni dumanlanan Çar Rusiyasının işğal qüvvələri generalı Bakı xanının ona silah çəkib öldürəcəyini ağlına gətirməyib.

Bir başqa versiyaya görə, Sisiyanovun qala qarşısında danışıqlara çəkib öldürmək əvvəlcədən planlaşdırılmış olub, 1804-cü ildə Gəncə xanı Cavad xanın qisasının alınması məqsədi daşıyıb. Cavad xan Qacar nəslindən idi.
Sisianovun ölümü ümumilikdə Bakının və Azərbaycanın işğalı prosesinin qarşısını almasa da, nəticə etibarı ilə bir qisas aksiyası idi. Qarabağ xanı İbrahim xanın qətli, Gəncədə Cavad xanı qətlə yetirən rus ordusu rəhbərliyi Sisianovun ölümü ilə ciddi dərs aldı.

Rusiya ordusu isə tarix göstərdi ki, Qafqazın işğalı zamanı Avropada olduğu kimi hər hansı müharibə qanunlarına hörmət etmirdi.

Əminə Pakrəvan “Abbas Mirzə və Azərbaycan” əsərindən hazırladı: Kənan Rövşənoğlu

Write A Comment