Səfəvi ordusunun sayı və tərkibi

Şah İsmayılın qoşunları dövrün qoşunları ilə müqayisədə kütləviliyi ilə seçilmirdi. Doğrudur, bəzi tədqiqatçılar Şah İsmayıl dövrünün qızılbaş qoşunlarının sayının 60 min nəfər olduğunu göstərirlər.
Amma bu rəqəmi də birmənalı şəkildə qəbul etmək mümkün deyildir. Bütünlükdə, Səfəvi-qızılbaş qoşunlarının say tərkibinin müəyyənləşdirilməsi üçün ciddi bir statistika yoxdur.

Məlumdur ki, Səfəvi qoşunlarının tərkibində qoşunnevislər (qoşun mirzələri) mövcud idi və onların vəzifəsi də qoşunların tərkibində xidmət edənlərin və qoşuna yazılanların siyahılarının tutulması idi. Bununla belə, dövriyyədə olan mənbələrdə Şah İsmayıl dövrünün qoşunlarının sayı barəsində düzgün təsəvvür yaradacaq məlumat mövcud deyil.
Hər tayfa rəhbəri toplaya biləcəyi sayda qoşun dəstəsi toplayırdı. Onların sayı isə elə də çox olmurdu.
Şah İsmayılın vəfatından 6 il sonra Şah Təhmasibin hakimiyyəti illərinə aid olan bir məlumatda Səfəvi qoşunlarının ümumi sayı 100 min nəfərdən artıq göstərilmişdir.

Bu məlumatın nə dərəcədə doğru olmasına toxunmadan qeyd edilməlidir ki, Səfəvi qoşunlarının tərkibinə daxil olan türk tayfa qoşun dəstələrindən ən böyüyünün sayı 15-16 min nəfər göstərilmişdir. Şah İsmayıl isə bir qayda olaraq, böyük sayda qoşunların toplanmasına meylli deyildi. Onun həyat yolundan da göründüyü kimi, Şah İsmayıl keçirdiyi böyük döyüşlərin heç birində qüvvə üstünlüyünə malik olmamışdı.
Şah İsmayıl döyüşlərdə qüvvə üstünlüyünə deyil, hərb məharətinə xüsusi diqqət yetirirdi və uğurlarının çoxunu da məhz bu yolla əldə edirdi. Hətta Çaldıran döyüşü kimi ciddi bir döyüşə də Şah İsmayıl 25-27 min nəfərlik bir qüvvə ilə yollanmışdı. Əvvəlki fəsillərdən məlumdur ki, türkdilli mənbə və elmi-tarixi ədəbiyyatda Çaldıran döyüşü zamanı Şah İsmayılın sərəncamında 40 min nəfərlik qoşun dəstəsinin olduğu göstərilmişdir. Bu rəqəm ciddi mənbə bazasına malik deyil və etibar doğurmur.

Bununla belə, bu dəqiqləşdirilməmiş say Şah İsmayılın qoşunlarının sayı haqqında ən böyük rəqəmdir. Yəni, Şah İsmayıl qoşunlarının sayı Osmanlı qoşunları ilə müqayisədə elə də çox deyildi. Əgər vilayət hakimlərinin yanında təşkil edilmiş qoşun dəstələri ilə mərkəzi hakimiyyətin tabeçiliyində olan qoşunlar bir yerə toplansaydı, onda yuxarıda göstərilən 60 min rəqəmini əldə etmək mümkün ola bilərdi.

Vilayət qoşunlarının mərkəzi hakimiyyətə tabe olan qoşunlara qoşulması üçün Şah İsmayıl (İsmayıl Mirzə) tərəfindən xüsusi göstərişlər yazılır və həmin göstərişlər yerlərə göndərilirdi. Məsələn, Şah İsmayıl ərəb İraqında olarkən Ağqoyunlu Əlvənd Mirzə tərəfindən Səfəvi qoşunlarına qarşı yeni planlar həyata keçirməyə çalışması haqqında məlumat aldı.
Şah İsmayıl bu təhlükənin qarşısının alınması üçün əlavə qoşun dəstələrinin toplanmasına ehtiyac duydu və bununla əlaqədar, Ustaclı və Şamlı oymaqlarına, habelə Gəncə, Qarabağ və Şirvan hakimlərinə göstəriş yazıb göndərdi. Az sonra həmin vilayət və oymaqlardan toplanmış 15 min nəfərlik qoşun dəstəsi Şah İsmayılın sərəncamına yetişirdi.

Mehman Süleymanov, “Şah İsmayıl Səfəvi”, “Elm və təhsil”, Bakı – 2018, 633-cü səhifə.


Write A Comment