Qacarın əsas məqsədi – Azərbaycanı yenidən birləşdirmək!

Ağa Məhəmməd xanın ilk fəaliyyəti hakimiyyəti qəsb etmiş Kərim xan Zəndə qarşı mübarizə olur.
1759-cu ildən 1761-ci ilə qədər Ağa Məhəmməd xan Kərim xan Zəndlə dəfələrlə toqquşub. Bir neçə dəfə çox az saylı dəstə ilə, təxminən 500 atlı ilə Mazandaran ətrafında Kərim xan Zəndin 4 minlik qoşunu ilə döyüşür və mühasirəni yarmağa nail olur.

Lakin sonradan Mazandaran hakimi onu xəyanət yolu ilə əsir tutaraq Kərim xan Zəndə verir.
Əsirlikdə olduğu dövrdə Ağa Məhəmməd xan Qacar fiziki təmrinlərlə məşğul idi.
Eyni zamanda Tərcimi deyilən ilahiyyat aliminin mühazirələrinə qulaq asırdı, XII əsrdə Əndəlusda yaşamış məşhur İbn Tüfeylin əsərləri ilə tanış idi, astronomiya, riyaziyyat ilə məşğul olurdu. Lakin əsirlik əsirlik idi.
Və Ağa Məhəmməd xan sanki fürsət gözləyirdi. Bu fürsət onun əlinə 1782-ci ildə düşdü. Əslində, Kərim xan Zəndin Ağa Məhəmməd xan Qacara qarşı münasibətinin dəyişməsinə təbii ki, Qacarın bibisinin Kərim xan Zəndin həyat yoldaşı olması məsələsi də mühüm rol oynayırdı.

Kərim xan Zənddən qaçan Ağa Məhəmməd xan Qacar artıq 1785-ci ildə Azərbaycanı birləşdirmək fəaliyyətinə başlayır. Mən çəkinmədən deyə bilərəm ki, bu, Azərbaycanın birləşdirilməsi idi. Çünki o zaman Azərbaycan deyəndə indiki kimi İran deyə səslənmirdi.
Dövlətin adı da İran dövləti şəklində işlənmir – Məmləkəti Məhrusi Qacar, yəni Qacarlar məmləkəti deyə səslənirdi. Paytaxtı da Ağa Məhəmməd xan Qacar düşünərək seçib.

Tehran şəhəri fars dilində heç bir məna ifadə etmir, bu türk dilində dik aran, yəni yüksək ovalıqda yerləşən aran deməkdir. Şəhər orada salınmışdı. Çünki birbaşa Azərbaycan sərhədlərində idi.
Kərim xan Zənd ora fikir versə də, oranı paytaxt kimi seçmədi. Fars ənənəsinə sadiq qalaraq, Şirazı paytaxt elan etmişdi. Lakin Ağa Məhəmməd şah Qacar Tehranı seçdi və oranı paytaxt elan etdi.

BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, Kərəm Məmmədli

Write A Comment