Akademik Mirzə İbrahimov dahi Azərbaycan şairi Məhəmməd Füzuli haqqında yazır:

[Səfəvilərin qoyduğu] Belə bir bünövrə üzərində Füzuli yetişdi. Füzuli Azərbaycan dilində “nəzmi-nazik” yaratmağı, ölməz şairlərin sənətilə yanaşı dura biləcək sənət əsərləri meydana gətirməyi özünə bir məqsəd sayırdı.
Yəni artıq Azərbaycan təfəkkürü və dili elə bir inkişaf mərhələsinə gəlib çatmışdı ki, qarşısına sənət aləmində hakim mövqe tutmaq kimi bir vəzifə qoyurdu. Füzuli bu böyük vəzifəni həll etdi. O özü bu vəzifəni belə anlayırdı:

Qəzəl de ki, məşhuri – dövran ola,
Oxumaq da, yazmaq da asan ola…


Füzuli Azərbaycan dilini Şərq xalqlarının heç birində olmayan misilsiz bir qəzəl dilinə çevirdi. Azərbaycan dilində ölməz “Leyli və Məcnun”u yaratdı. O, dil və təfəkkür aləmində bir dəyişiklik əmələ gətirdi. Artıq Füzulinin dili hər cür incə mətləbləri, incə duyğuları ifadə edəcək bir dil idi.
Ancaq Füzuli dilində hələ də fars dilinin təsiri görünür, müəyyən bir bəlağət duyulur. Xüsusilə, farsca tərkiblərə onun bütün şeirlərində, hətta misralarında təsadüf etmək mümkündür. “Şəbi-hicran”, “memari-saracei ibarət”, “şeiri-Məcnun”, “nəşəyi-eşq”, “mahi-mehr”, “müjdeyi-kam” və sair fars tərkiblərinə Füzulidə tez-tez rast gəlmək olur.

Füzulinin dili və təfəkkürü dünya klassik ədəbiyyatının səviyyəsinə qalxacaq qədər qüdrətli və kamil olduğundan, onun gətirdiyi ənənələr də ədəbiyyatımızda uzun müddət yaşayır və XX əsrə qədər özünü hiss etdirən “Füzuli məktəbi” adı altında davam edir. Uzun müddət şeir aləmi onun geniş duhasının qanadları altından kənara çıxa bilmir. Şairlər ona təqlidən qəzəllər yazır, onun fikirləri, ifadələri, təşbehləri ən qüdrətli şairlərdə belə təkrar edilir.
Füzulini anlamayaraq zahirən onu təqlid edənlərin və şeirin gözəlliyini dəbdəbəli, təntənəli sözlərdə görənlərin səyi nəticəsində ərəb və fars tərkibləri, bəlağət və fəsahətdə, ədəbiyyat aləmində getdikcə dərin kök atır. Hətta dil məsələsinin çox şiddətli bir siyasi mübarizə məsələsinə çevrildiyi, saf Azərbaycan dili uğrunda mübarizənin alovlandığı zamanda yetişən böyük inqilabçı şair Sabirə belə bu təsirlər özünü göstərirdi.

Buna baxmayaraq, Azərbaycan dilini dünya miqyasına çıxacaq klassik ədəbiyyat dilinə çevirməkdə Füzulinin rolu olduqca böyükdür”.

Qaynaq: “Azərbaycan Dili Antologiyası”, Filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun tərtibat və təqdimatında. / Ramil Əkbərov

Write A Comment