Yeni doğulmuş uşaqların belinin aşağı – büzdüm hissəsində olan tünd-göy rəngli ləkə tibbdə “moğol ləkəsi” adlanır. Bu adı ona alman antropoloqu Ervin Balz 1883-cü ildə vermişdir.
Sözügedən ləkə türk, moğol (95%), mancur (95%) və Amerika hindularının (90%) uşaqlarında daha çox müşahidə olur. Bununla yanaşı, Şərqi Afrikada yaşayan insanlar arasında da onun faizi kifayət qədər (95%) yüksəkdir. Slavyandilli bolqarlarda təxminən 1%-dir.

“Moğol ləkəsi” əsasən 3-5 yaşadək çəkilib getsə də, tək-tük hallarda qalır.
Bəzən bu ləkə körpənin büzdüm hissəsində deyil, alnında – iki qaşının arasında, çox vaxt qırmızı rəngdə olur.
“Moğol ləkəsi” həm ata, həm də ana xətti ilə ötürülə bilər. Lakin daha çox oğlanlarda özünü büruzə verir.
Ehtimala görə, qədim zamanlarda bu ləkə bir nəfər kişidə yaranmış və onun törəmələrinə keçmişdir. Moğollar ona «Çingiz xan ləkəsi» deyir və inanırlar ki, ləkənin tündlüyü körpənin xoşbəxt gələcəyindən xəbər verir. Buryatlar isə onu “menge” adlandırırlar.

Türkiyədə aparılmış araşdırmalar zamanı daha bir maraqlı cəhət aşkarlanmışdır: saçının rəngi açıq olan uşaqlarda “moğol ləkəsi”nin faizi çox aşağı olduğu halda, saçının rəngi tünd olan uşaqlarda bu ləkə 47%-dən artıqdır.
Qeyd etmək lazımdır ki, “moğol ləkəsi”nə azərbaycanlılar arasında da rast gəlinir. Digər tərəfdən isə maraqlıdır ki, o həm də talış (Lerikin Zuvand mahalında və s.), tat, ləzgi, avar uşaqlarında da müəyyən faizlərlə müşahidə edilir.
P.S. Bu kimi faktlar onu göstərir ki, heç bir xalq, millət sadə tərkibli – bir və ya iki komponentdən ibarət deyildir. Hər bir xalqı, milləti formalaşdıran amillər vardır: eyni məkanda uzun müddətli birgə yaşayış, ümumi maraqlar (iqtisadi və s.), vahid ideya və ünsiyyət vasitəsi olan dil.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment