İlkin sivilizasiyaların formalaşdığı ərazilərdən biri [1, 72-93]  kimi qəbul edilən İkiçayarasının qonşuluğunda yerləşən Azərbaycan qədim dövlətçilik və mədəniyyət tarixinə malikdir. Ən qədim yazılı mənbələr hesab edilən Şumer-Akkad mənbələrində Azərbaycan ərazisi və burada yaşayan tayfalar haqqında xeyli məlumatlar verilmişdir. Prof. Solmaz Qaşqay [2] həmin mənbələrin böyük bir hissəsini Azərbaycan dilinə tərcümə edərək, nəşr edilməsinə nail olmuşdur. Bununla yanaşı, Azərbaycan tədqiqatçıları tərəfindən  hələ tədqiqata cəlb edilməmiş yüzlərlə Qədim Şərq mənbələri də mövcuddur.

Yazılı mənbələrlə yanaşı, tarixi Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar da Azərbaycanın qədim dövlətçilik və mədəniyyət tarixinin olduğunu sübut etmişdir. Müxtəlif dövrlərdə Şərqin ən böyük imperiyalarının tərkibində olmuş Azərbaycan, daima arxeoloji tədqiqat məkanı kimi maraqlı ərazi olmuşdur. Bu ərazidə böyük orta əsr imperiyalarının yadigarları olan çoxlu tarixi-memarlıq abidələri ilə yanaşı, bəzi tədqiqatçıların “tarixin qaranlıq dövrü” kimi təsvir etdikləri ən qədim dövrlərə aid arxeoloji abidələr də vardır.

Tarixi Azərbaycan ərazisində yerləşən arxeoloji abidələrə maraq təxminən XIX əsrin ortalarından, qədim İkiçayarası abidələrinə marağın artıdığı dövrdə yaranmışdır. Əsasən Qərbi Avropa dövlətlərinin təmsilçiləri olan arxeoloqlar, mənbələrdə adı çəkilən qədim şəhər yerlərini axtarırdılar. Bu baxımdan Azərbaycanda tədqiqata cəlb edilmiş ilk abidələrdən biri Atropatena hökmdarlarının paytaxt şəhərlərindən biri olmuş Qazaka şəhərinin qalıqları olmuşdur. [3]

1819-cu ildə Ser Robert Ker Porter Qacar imperiyasına səfəri zamanı bu qədim şəhəri kəşf edir. [4] 1937-ci ildə Artur U. Pop və Donald N. Vilber tərəfindən abidə ərazisində qısa tədqiqat aparılır, Erix F. Şmit isə abidənin fotolarını çəkir. 1958-ci ildə abidə İsveç arxeoloqları tərəfindən tədqiq edilir. Lakin abidədə ilk sistemli tədqiqatlar 1970-ci illərdə R. Nyumann və D. Huffun rəhbərliyi ilə Almaniya Arxeologiya İnstitutu tərəfindən aparılıb. [5]

Müasir dövrdə “Təxti-Süleyman” adı ilə tanınan Qazaka şəhər xarabalıqları 2003-cü ilin iyulundan UNESCO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil edilmişdir. Bu abidədə aparılan arxeoloji tədqiqatlar Azərbaycanın qədim memarlıq ənənələri və incəsənəti ilə bağlı dəyərli məlumatlar verməklə yanaşı, ən qədim dövrdə Azərbaycanda şəhər mədəniyyətinin və müdafiə sistemlərinin xüsusiyyətlərinin öyrənilməsi baxımından da dəyərli olmuşdur. D.A.Axundova 1986-cı ildə nəşr etdirdiyi “Qədim və erkən orta əsrlərdə Azərbaycan memarlığı” adlı monoqrafiyasında Qazaka şəhərində aparılmış arxeoloji tədqiqatların yekunlarını təhlil etmiş [6, 41-48], prof.  C. Qiyasi isə Qazaka qalasının bərpa layihəsini hazırlamışdır. [7, 27-29]

Qazakadan sonra Cənubi Azərbaycan ərazisində yerləşən digər arxeoloji abidələrə də diqqət göstərilməyə başlanmışdır. Manna dövlətinin Gilzan vilayətinin lokalizə edildiyi [8] ərazidə yerləşən Göytəpə abidəsi də bu baxımdan ciddi marağa səbəb olmuşdur. Göytəpədə ilk arxeoloji qazıntılar T.Berton Braunun rəhbərliyi ilə Britaniya arxeoloji cəmiyyəti tərəfindən aparılmışdır. Lakin, təpənin heç də bütün təbəqələri açılmamışdır. Burada bir neçə şurf qazılmış və e.ə. III minillikdən başlayaraq İslam dövrünə kimi uzun bir dövrü əhatə edən səkkiz ardıcıl təbəqə aşkar olunmuşdur. [9]

Manna dövlətçiliyinin və mədəni tarixinin öyrənilməsi, həmçinin skif incəsənətinin [10, 30-35]  qədim Azərbaycan incəsənətinə təsirinin tədqiqi üçün ən dəyərli materiallar Həsənlu yaşayış yerində aparılmış arxeoloji tədqiqatlar zamanı əldə edilmişdir. Həsənluda arxeoloji tədqiqatlara 1956-cı ildən etibarən R.Daysonun rəhbərliyi altında Amerika arxeoloji cəmiyyəti İran arxeoloji idarəsi tərəfindən başlanmışdır. [11] Həsənlu ərazisi e.ə. IX əsrin ortalarından III Salmanasarın (e.ə. 859-824) kitabələrində adı çəkilən Manna dövləti yerləşən əraziyə daxil idi. Həsənluda aşkar edilmiş qədim yaşayış məskəni mixi yazılı mənbələrdə adı çəkilən heç bir şəhərlə dəqiq şəkildə eyniləşdirilməmişdir. [12, 548-552] E.A.Qrantsovski güman edir ki, e.ə. IX əsrə aid assur mənbələrində də təsadüf edilən İdi adı Həsənlunun qədim adıdır. [13] Salvini, Urartu hökmdarları İşpuini və onun oğlu Menuanın Meişta şəhəri və Manna ölkəsi əleyhinə yürüşlərindən bəhs edən Taştəpədəki (Həsənludan 40 km Şərqdə) qayaüstü kitabələrini şərh edərkən belə nəticəyə gəlir ki, Meişta Həsənlu təpəsindəki qədim qalanım Urartu dilində adıdır və Həsənlu IV təbəqə Urartu yürüşləri zamanı dağıdılmışdır. [14] Bundan başqa, Cənubi Azərbaycan ərazisində Manna, Midiya və Atropatena dövrlərinə aid zəngin maddi təbəqələrə malik Dinhatəpə [15]  (Urmiya gölü yaxınlığında, Həsənludan 25 km qərbdə yerləşir) O.V. Muskarella, Həftəvantəpə [16] (Urmiya gölü yaxınlığında, Şapur şəhərindən cənubda yerləşir) C. Barney, Marlıqtəpə [17]  (Qızılüzən (Səfidrud) çayının aşağı vadisində yerləşir) Ə.O.Negahban tərəfindən tədqiq edilmiş və bu qədim yaşayıış yerlərindən aşkarlanan maddi-mədəniyyət nümunələri bir daha Azərbaycanın qədim tarixə malik olduğunu sübut etmişdir.

Azərbaycan Respublikasının arxeoloji cəhətdən öyrənilməsi bu ərazinin Çar Rusiyasının tərkibinə keçməsindən sonra başlasa da, XX əsrin əvvəllərinə kimi Azərbaycanda arxeoloji tədqiqat aparan mütəxəssislər sayca çox az olmuşdur. Sovet Azərbaycanının qurulmasından sonra ölkənin sistemləşdirilmiş tarixinin yazılmasına başlandığı dövrdə arxeoloji abidələrə olan maraq da artmış, qədim yaşayış yerləri, şəhərlər və qalalar tədqiq olunmağa başlamışdır. Bir çox orta əsr yaşayış yerləri dağınıq və ya yarıdağınıq şəkildə dövrümüzə çatsa da, qədim və antik dövr abidələri haqqında bunu demək çətin idi.

Lakin mənbələrdə Azərbaycan ərazisində mövcud olmuş xeyli qədim yaşayış yerinin adı çəkilirdi ki, bu yaşayış yerlərinin koordinatlarının dəqiqləşdirilməsi tələb edilirdi. Əsas diqqət mərkəzində olan isə alban hökmdarlarının paytaxtı qədim Kabalaka şəhərinin yerinin müəyyənləşdirilməsi idi. Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. [18]

Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km Şərqdə, Qaraçay (Qəbələ çayı) ilə Covurlu çay (Qala çayı) arasındakı yüksəklikdə yerləşir. [19] 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır. Yerli əhali xəndəkdən Şimal tərəfdəki hissəni “Səlbir”, xəndəkdən Cənub tərəfdəki hissəni isə “Qala” adlandırır. Hər iki hissə bəzən “Səlbir”, “Govur-qala”, bəzən də şəhərin təkcə “Qala” hissəsi “Govur-qala” adlandırılır. 1959-cu ildən Qəbələ şəhər xarabalığından 3-4 km şərqdə, yerli əhali tərəfindən Güllü qoruq və ya Çaqqallı talası adlandırılan yerdə qədim Qəbələnin məbəd yeri və bazar meydanının yerləşdiyi güman edilən üçüncü bir sahəsi, daha sonralar Kamaltəpə və Bayır şəhər hissələri aşkar edilmişdir. Ümumiyyətlə Qəbələ şəhər xarabalığı öz tarixi coğrafiyasına görə hələlik Səlbir, Güllü qoruq (Çaqqallı talası), Kamaltəpə və Bayır şəhər adlı arxeoloji abidələr kompleksindən ibarətdir. [20]

Albaniyanın, həmçinin antik və erkən orta əsrlər dövründə bütün Qafqazın ən mühüm yaşayış məntəqələrindən biri olmuş Paytakaran (Beyləqan) şəhərinin qədim qalıqlarının tədqiqinə də XX əsrin I yarısında başlanmışdır. Tədqiqatçılar müasir Beyləqan şəhəri yaxınlığında yerləşən qədim şəhərin qalıqlarını Örənqala adlandırmışlar. Mil düzündə yerləşən qədim Örnəqala yaşayış yerinin tədqiqinə hələ 1933-cü ildə AMEA-nın elmi əməkdaşları İ.İ.Meşşaninovun rəhbərliyi altında başlamışlar. Bu ekspedisiya Örənqala yaşayış yerini tədqiq edən ilk elmi ekspedisiya idi. İkinci dəfə Örənqalada arxeoloji qazıntı işləri Ə.Ələkbərovun rəhbərliyi altında 1936-cı ildə aparılmışdır. Qazıntıların nəticəsi olaraq şəhərin təxmini planını cızmaq və bəzi yerlərdə mədəni təbəqələrin xarakteristikasını vermək mümkün olmuşdu. [21, 64-70]

Örənqalada üçüncü arxeoloji qazıntı İ.M.Cəfərzadənin rəhbərliyi ilə 1951-ci ilin yanvar ayında AMEA-nın Tarix İnstitutunun təşkil etdiyi ekspedisiya aparmışdır. 1953-1957-ci il qazıntıları SSR EA-nın Arxeologiya İnstitutunun Leninqrad bölməsi ilə Azərbaycan SSR EA Tarix İnstitutunun 1953-cü ildə təşkil olunmuş birgə ekspedisiyası tərəfindən aparılmışdır. A.A.İessenin rəhbərlik etdiyi bu ekspedisiya Örənqalada üç yerdə qazıntı aparmışdır. Bu qazıntı işləri nəticəsində əldə edilmiş materiallar şəhərin müxtəlif inkişaf dövrləri haqqında müəyyən fikir yürütməyə imkan vermişdi [22]. 1957-ci ilin yazından Örənqalada qazıntı işləri A.L.Yakobson və N.V.Minkeviç-Mustafayeva tərəfindən aparılmışdır. Qazıntı sahəsi 15 m-lik ərazini əhatə edirdi. Ekspedisiya əldə edilən keramika məmulatının öyrənilməsini davam etdirərək qazıntı zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrinin bizim eranın V-VI əsrlərinə aid olduğunu müəyyən etmişdi. [23]

Naxçıvan ərazisi, bütün dövrlərə aid arxeoloji abidələrin zənginliyi baxımından Azərbaycanın digər əraziləri ilə müqayisədə daha zəngin olması ilə əlahiddə əhəmiyyətə malikdir. Belə ki, bu kiçik ərazidə yüzlərlə əhəmiyyətli arxeoloji abidə, yaşayış yerləri və şəhər qalıqları aşkarlanmış və tədqiqata cəlb edilmişdir. Lakin Naxçıvanda hələ də qeydiyyata alınmasına baxmayaraq, ətraflı tədqiq edilməmiş onlarla yaşayış yeri və qala xarabalıqları mövcuddur. Qədim Naxçıvan şəhərinin içqalası (səlbir) dövrümüzə kifayət qədər yaxşı vəziyyətdə çatmışdır. Müasir şəhər ərazisində yerləşən bu qala hazırda Köhnəqala və ya Yezidabad qalası adlandırılır.

Naxçıvanda diqqət çəkən əsas qədim yaşayış yerlərindən biri isə Culfa rayonunun Gülüstan kəndindən şimal–qərbdə yerləşən, orta əsrlərə aid Cuğa şəhərinin xarabalıqlarıdır. Tarixi mənbələrədə adı Böyük İpək Yolu üzərində olan mühüm ticarət qovşaqlarından biri kimi çəkilən Cuğa şəhərinin əhalisinin əksəriyyətini xristian albanların təşkil etdiyi güman edilir. Şəhərin qəbirsanlığındakı qəbirlər bunu deməyə əsas verir. Cuğa nekropolundakı xaç daşlar alban xaç daşlarının xüsusi qrupunu təşkil etməklə böyük tarixi əhəmiyyətə malikdir. [24] Şəhər şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbirsanlıqla məhdudlaşır. Şəhərin ərazisi Araz çayının sol sahilində ensiz zolaq şəklində qərbdən şərqə doğru uzanır. Şəhərin əksər yaşayış binaları və tarixi–memarlıq abidələri tamamilə dağılmış, tikinti qalıqları (xüsusilə bişmiş kərpic) ətrafa səpələnmişdir.

Buradan müxtəlif kompozisiyalı ornamentlərlə naxışlanmış çəhrayı rəngli şirli və şirsiz saxsı məmulatı (fayansdan hazırlanmış kasalar xüsusilə diqqəti cəlb edir), mis sikkələr və külli miqdarda digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapıntılara əsasən Cuğada şəhər həyatının aktiv dövrünün XI–XVII əsrlərə təsadüf etməsi fikri söylənmişdir. Lakin bu dəyərli tarix və memarlıq abidəsi bu günə kimi heç də dərindən öyrənilməmiş, tədqiqata cəlb edilməmiş və şəhər ərazisində arxeoloji tədqiqatlar aparılmamışdır. Bu isə onlarla memarlıq abidəsinin və Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq tuta biləcək yüzlərlə dəyərli artefaktın hələ də torpaq altında qalması deməkdir.

Cuğa abidələri arasında yalnız, şəhərdə yerləşən Gülüstan türbəsi ciddi tədqiq edilmiş, Cuğa karvansaraları, Cuğa körpüsü və Cuğa qala divarlarının isə yalnız adı bəsit elmi əsərlər və ensiklopedik nəşrlərdə xatırlanmışdır. Şəhər ərazisində yerləşən qədim nekropol isə yalnız tədqiqatçı-memar A.D.Axundovun diqqətini çəkmişdir. Bununla belə Cuğa ərazisində yerləşən monastır və kilsələr bu günə kimi tədqiq olunmamış qalmaqdadır.

Ordubad şəhəri yaxınlığında yerləşən qədim Gilan (Kiran) şəhərinin xarabalıqları hazırda xarabagilan adı ilə tanınmaqdadır. Böyük Azərbaycan alimləri Hinduşah Naxçıvani və Məhəmməd Naxçıvani bu şəhərdə doğulmuş, böyümüş və yaşamışlar. Xarabagilan ərazisində ilk tədqiqatlar 1926–1929–cu illərdə aparılmışdır. 1976–cı ildən şəhər ərazisində başlanılmış arxeoloji tədqiqatlar isə fasilələrlə hələ də davam etdirilməkdədir. Şəhərin ərazisi 100 hektardan çoxdur. Abidənin qərb tərəfində e.ə. II–I minilliklərə aid yaşayış məskəni və nekropol aşkar edilmişdir. Xarabagilanın Narınqalası və məhəllələri qala divarları ilə əhatə olunmuşdur. Xarabagilan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin qala divarının cənub–şərqində, divarın xarici tərəfində II–III əsrlərə aid edilən bir qəbirdən qədim arami yazısı ilə yazılmış mətn aşkarlanmışdır. [25, 157-159]

Azərbaycan Respublikası ərazisində tədqiqata cəlb edilmiş əsas şəhər yerlərindən biri də Şabran rayonunun Şahnəzərli kəndinin yaxınlığında yerləşən Şabran şəhəridir. Şəhər yerinin arxeoloji tədqiqi bu qədim şəhərin erkən dövr həyatı haqqında bir söz deməyə imkan verməmişdir. V.Minorskinin fkrincə, Şabran şəhəri erkən orta əsrlərdə Şərvan vilayətinin mərkəzi və Massaget Arşakilərinin siyasi mərkəzi olmuşdur. [26, 520]   Şəhər ərazisində aparılmış tədqiqatlar zamanı şəhər qalasının qalıqları, sənətkarlar məhəlləsi və çoxsaylı məişət binaları aşkarlanmışdır.

Müasir dövrdə Azərbaycan ərazisində arxeoloji tədqiqatlar davam etdirilməkdədir. Son dövrlərdə, orta əsrlər Ağsu şəhər yerində aparılmış tədqiqatlar maraqlı artefaktların aşkarlanması ilə nəticələnmişdir. [27]

Şərur rayonu ərazisində yerləşən və e.ə. II–I minilliklərə aid olan Oğlanqala yaşayış yerinin tədqiq olunması üçün 2006-cı ildən AMEA və Pensilvaniya Universitetinin mütəxəssisləri tərəfindən, Naxçıvan Arxeoloji Layihəsi (The Naxçıvan Archaeological Project) həyata keçirilməkdədir. Oğlanqala yaşayış yeri uzun qala divarları ilə əhatə olunmuşdur. Tikinti üslubuna görə Oğlanqala, assurların dağ qalalarına oxşayır. [28] Oğlanqalanın mərkəzindəki, sahəsi 70×100 m olan meydançada aşkar edilmiş daş sütun qalıqları vaxtilə burada saray və məbəd tipli möhtəşəm binaların olduğunu göstərmişdir. Meydança bəzi yerlərdə divarlarla əhatə olunmuşdur. Oğlanqala şəhər yerinin tədqiqi Manna yaşayış yerlərinin özünəməxsus xüsusiyyətlərinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyətə malikdir. [29]

Aparılan tədqiqatlar birmənalı olaraq Azərbaycanın qədim tarixə malik olduğunu, bu ərazidə yaşayan xalqların daşıdığı mədəniyyətin özüllərinin çox qədim dövrlərə gedib çıxdığını sübut edir. Lakin Azərbaycan tarixinin vahid konsepsiya əsasında öyrənilməməsi bu abidələr zamanı əldə edilmiş artefaktların da müxtəlif cür şərh edilməsinə səbəb olmaqdadır. Bununla belə, tədqiqatçıların üzləşdikləri problemlərə, həmçinin Azərbaycan tarixində hələ aydınlaşdırılmamış bir çox məqamların olmasına baxmayaraq, bu vaxta kimi əldə edilmiş maddi-mədəniyyət nümunələri Azərbaycanın ən qədim insan məskənlərindən biri olduğunu və qədim dövlətçilik ənənələrinin varlığını sübut edir.

­­­­­­­

İstifadə olunmuş ədəbiyyat:

  1. Finkelstein, J.J. (1962), “Mesopotamia”, Journal of Near Eastern Studies 21 (2)
  2. S. Qaşqay (2006), Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə, Bakı, Təhsil.
  3. A. Fazili (1993), Atropatena, Bakı, Təhsil.
  4. R. Ker Porter (1822), Travels in Georgia, Persia, Armenia and Ancient Babylonia, II, London
  5. R. und E. Naumann (1976), Takht-i Suleiman, München.
  6. Д. А. Ахундов (1986) Архитектура древнего и раннесредневекового Азербайджана, Баку, Азербайджанское государственное издательство.
  7. C. Qiyasi (1994), Azərbaycan. Qalalar, qəsrlər. Moskva.
  8. S. Qaşqay (1993), Manna dövləti, Bakı, Elm.
  9. T.Burton Brown (1951) Excavations in Azerbaijan,London.
  10. М.И. Артамонов (1962) К вопросу о происхождении скифского искусства, Сообщения Государственного Эрмитажа. Вып. XXII.
  11. R.H.Dyson (1962),  The Architeture of Hasanli.
  12. Robert H. Dyson Jr. (1977), The Architecture of Hasanlu: Periods I to IV, American Journal of Archaeology, vol. 81, no. 4.
  13. E. A. Грантовски (1970), Ранняя история иранских племен Передней Азии , Moskva, 1970.
  14. S. Qaşqay (1993), Manna dövləti, Bakı, Elm.
  15. O.W.Muscarella (1977), The Iron Age at Dinkhatepe.
  16. C.A.Burney (1968),  Excavation at Haftavantepe.
  17. E.O.Negahban (1964), A.Preliminary report of Marlik Excavations,Tehran.
  18. Казиев С.М (1948),  Археологические раскопки в Мингечауре. ВДИ, № 2
  19. Иесссн А.А. Азербайджанская археологическая экспедиция в 1956-1960 гг . Труды Азербайджанской археологической экспедиции, 1965, № 125
  20. Ионе Г.Н.( 1946),  Археологические раскопки в Мингечауре.//ДАН АзССР, II, № 9
  21. Алекперов А.К. (1960)  Раскопки Оренкалы. Исследования по археологии и этнографии Азербайджана. Баку.
  22. Иесссн А.А. Азербайджанская археологическая экспедиция в 1956-1960 гг . Труды Азербайджанской археологической экспедиции, 1965, № 125
  23. Минкевич-Мустафаева Н.В. Раскопки ремесленного квартала на юго-западной окраине Байлакана в 1956-1958 гг
  24. Ə. V. Salamzadə, K. M. Məmmədzadə (1979),  Arazboyu abidələr, Bakı.
  25. Ə. V. Salamzadə, K. M. Məmmədzadə (1985) Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri, Bakı.
  26. V. Minorsky. (1953),  Caucasia IV. Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 15, No. 3
  27. Q. Cəbiyev, F. Xəlili, (2010) Ağsu şəhəri orta əsrlərdə (tarixi-arxeoloji araşdırma), Bakı.
  28. В. Керимов (1998) Оборонительные сооружение Азербайджана (историко – архитектурный очерк), Баку
  29. Lauren Ristvet, Hilary Gopnik, Veli Bakhshaliyev, Hannah Lau, Safar Ashurov, and Robert Bryant – On the Edge of Empire: 2008 and 2009 Excavations at Oğlanqala, Azerbaijan, American Journal of Archeology.

Müəllif: Milli Kimlik Araşdırmaları qrupunun üzvü, Səfər İbrahim

Write A Comment