XV əsr xalqımızın tarixində cox mü­rək­kəb, siyasi hadisələrlə zəngin bir dövr olmuşdur. Məhz həmin əsrin başlanğıcında Azər­­baycan torpaqları ya­delli əsarətindən azad edildi və Oğuz-türk ənənə­lə­rinə söykənən milli dövlətçiliyimiz bər­pa olundu. Qeyd olunan dövrdə Azərbaycan Qa­raqo­yunlu və Ağqoyunlu dövlətlərinin yaran­ma­sı və möhkəmlən­məsin­də böyük rolu olan, döv­rün tanınmış dövlət xadim­ləri və sərkərdələri Qara Yusif və Uzun Həsən kimi tarixi şəxsiyyətlərin rolu danılmazdır.

XV əsrdə ya­şa­­mış görkəmli dövlət xadimi Uzun Həsən dövlətçilik tariximizdə mühüm yer tutan nadir şəxsiyyətlərdəndir. Tədbirli siyasi xadim, Azərbaycanın və bütün Şərqin zəngin dövlət­çi­lik ənənələrinə, ya­şa­dığı dövrün beynəlxalq vəziyyətinə, o cüm­lə­dən xris­tian dünyasında baş verən ha­di­sələrə yaxından bələd olan Uzun Həsən həm də milli mənəviyyata böyük qiymət vermiş, daima onun qayğısına qalmışdır.

1423-cü ildə Ağqoyunlu Əli bəyin və Saray Xatunun ailəsində dünyaya gələn, qardaşları arasında hərbi istedadı və siyasi uzaqgö­rənliyi ilə seçilən Uzun Həsən 1453-cü ilə Ağqoyunlu tax­tına çıxdı. Onun hakimiyyəti dövründə (1453-1478) kiçik Ağqoyunlu dövləti (Dövlət-i Bayanduriyyə) nəinki öz siyasi rəqiblərini aradan qaldıra bildi, hətta XV əsrin 60-70-ci illərində döv­rün ən qüdrətli imperiyalarından birinə çev­ril­di.

Hakimiyyətinin ilk günlərindən daxili çəkişmələrə son qoymağa çalışan Uzun Həsən mərkəzi Diyarbəkr şəhəri olan Ağqoyunlu bəyliyini daha da möhkəmləndirmək və bu dövlətin ərazisini Azərbaycanın mər­kəzi əraziləri hesabına genişləndirmək üçün Qaraqoyunlulara qarşı mübarizəyə başladı.

1457-ci ilin iyununda Uzun Həsən Diyarbəkr yaxınlığında Rüstəm bəyin rəhbərliyi altında Qaraqoyunlu ordusunu ağır məğlubiyyətə uğratdı. Bu qələbə Uzun Həsənin mövqeyini daha da möhkəmləndirdi və ona böyük hökmdarlarla eyni sırada durmağa imkan verdi [43, 21]. XV əsrin 60-cı illərinin ortalarında İspirdən Urfaya, Şərqi Qara­hisardan Siirtə qədər uzanan bölgələr Uzun Həsənin hakimiyyəti altına düşdü [43, 22].

1467-ci ilin 11 noyabr gecəsi cüzi qüvvə ilə Çapaqcur yaxınlığında Səncək adlı yerdə gecələyən Cahanşah Uzun Həsənin 6 minlik qoşununun hücumuna məruz qaldı, qaraqoyunlular məğlub oldu və Cahanşah öldürüldü. Cahanşahın oğlu Həsənəli ordunu öz ətrafında birləşdirməyə nail olsa da, 1468-ci ilin av­qustunda Mərənd yaxınlığında ağqoyunlularla döyüşdə məğlu­b oldu. Bələliklə, 1468-ci ildə Azərbaycan Qaraqoyunlu dövləti süqut etdi və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Ağqoyunlu dövləti yarandı [1, 91]. Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlu dövlətinin tərkibinə Azərbay­canın Kür çayına qədərki bütün cənub torpaqları, Şərqi Anadolu, Diyarbəkr, Əcəm İraqı, Ərəb İraqı, Fars və Xorasan sərhədlərinə qədər olan torpaqlar daxil idi [38, 171; 14, 105].

1469-cu ilin başlanğıcında Uzun Həsən başlıca rəqibi olan Əbu Səidi məğ­lub edərək Teymurilərin Azərbaycan torpaqlarında yenidən möh­kəm­lənmək cəhdinin qarşısını aldı. Bu parlaq qələbə Uzun Həsənə Qaraqoyunlu imperatorluğunun bütün torpaqlarını qazandırdı. Bununla da, o, Xorasandan Sivasa qədər uzanan daha geniş bir imperatorluğun sahibi oldu. Bundan sonra mənbələrdə bu böyük hökmdar “Sultanül – adil Həsən xan”, “Sultanül – Qalib Həsən Padşah” adları ilə qeyd olunmağa başladı [45, 19].

Uzun Həsən hərbi-tayfa əyanlarının separatizmini zəiflətmək, ərazisi geniş olan imperiyanı gücləndirmək üçün bəzi maliyyə və inzibati islahatlar həyata keçirməyə təşəbbüs göstərdi. Onun “Qanunları” bu sahədə atılan ən önəmli addımlardan biri oldu [45, 118; 13, 241].

Uzun Həsənin hakimiyyət başına gəldiyi illərdə şəhərlilər və kəndlilər üzərinə qoyulan vergi və mükəlləfiyyətlər çox ağır idi. Burada toplanan müxtəlif vergilərin miqdarı getdikcə artırdı [8, 131].Bu, nəinki geniş xalq kütlələrinin vəziyyətini ağırlaşdırır, hətta ölkənin gəlirlərinin azalmasına səbəb olur, onun iqtisadi əsasını zəiflədirdi. Uzun Həsən vergi və mükəl­ləfiy­yətlərin miqdarını müəyyənləşdirmək, zorakılığın qarşısını almaq, vergi toplayan məmurların xəyanətlərinə son qoymaq məqsədilə vergi işlərini nizama salan “Qanunnamə” tərtib etdirdi [38, 171]. Uzun Həsənin “Qanunnamə”si kəndlilərdən, sənətkarlardan və tacirlərdən alınan vergiləri qaydaya salmağı nəzərdə tuturdu. O, hətta bütün hərbi vergiləri ləğv etməyə çalışırdı, lakin mülki və hərbi əyanların etirazları ilə qarşılaşmışdı [43, 36; 45, 19].

Uzun Həsən uzaqgörən dövlət xadimi kimi yaxşı başa düşürdü ki, onun uğurlu hərbi qələbələri nəticəsində yaradılmış və tərkibinə müxtəlif xalqların, ölkələrin daxil olduğu Ağqo­yunlu dövləti geniş əraziyə malik olsa da, daxilən möhkəm deyildi və buna görə də, Osmanlı imperiyası kimi qüdrətli dövlətə qarşı dura bilməzdi. Qüdrətli xarici təhlükəni dəf etmək üçün, hər şeydən əvvəl, güclü mərkəzləşdirilmiş dövlət yaratmaq lazımdır. Odur ki, Uzun Həsən bu məqsədlə bir sıra islahatlar keçirdi. O, köçəri hərbçi əyanlara deyil, oturaq əhaliyə arxalanmaq xətti götürdü. Cəmiyyəti yaşadan əsas istehsalçılar olan kəndlilərin, habelə sənətkarların vəziyyətini nisbətən yaxşılaşdırmaq məqsədilə xüsusi “Qanunnamə” hazırlatdı [25, 117].

“O, ölkədəki əxlaqsızlıq yuva­la­rını, buraya bağlı olan meyxanələri və qumarxanaları bağlat­dırdı, ölkəsində toplanmaqda olan torpaq vergisini azaldaraq məhsulun həcminin 1/6-i qədər müəyyən etdi, xalq arasında ortaya çıxan şikayətləri və düşmənçilikləri nizama salmaq üçün “Qanunnamə” hazırlatdı. O, günahkarları sərt şəkildə cəzalan­dır­­maq üçün töhmət və cərimə (pul cəzası) müəyyən etdi və cina­yətkarların cəzalandırılmasını tələb etdi. Gücü çatdıqca ədalət prinsipindən heç zaman uzaqlaşmadı” [13, 241-242; 5, 118; 32, 65].

Bu qanunlar təkcə Azərbaycanda deyil, Fars və İraqda da həyata keçirildi. “Həsən Padşah “Qanunlar”ı türk hüquq və maliyyə tarixi ilə maraqla­nanlar üçün önəmli bir qaynaq olduğu kimi, türkcənin öyrənilməsi mərhələsində də mühüm əhəmiyyət kəsb edir” [13, 242]. Uzun Həsənin “Qanunnamə”si Osmanlılar tərəfindən bir müddət, Səfəvilər tərəfindən isə uzun zaman istifadə edilmişdir [40, 36; 43, 19]. F.Sümer bu sənədi Ağqoyunlu dövlətinin İslam aləminin maliyyə tarixinə mühüm bir töhfəsi kimi qiymətləndirir [43, 36; 45, 19]. Bu “Qanunnamə” XVI əsrin I yarısına kimi, daha doğrusu 1557-ci ildə Şah Təhmasibin yeni “Qanunnamə” elan etməsinə qədər Azərbaycan Səfəvi dövlətində istifadə olunmuşdur.

Uzun Həsənin yaratmış olduğu Azərbaycan Ağqoyunlu dövləti bölgənin ən böyük güc­lərindən biri­nə çevrilmişdi. Şübhəsizdir ki, bu, bölgənin digər iki böyük dövləti olan Os­man­lılar və Məm­­lüklərlə növbəti münaqişələrin yaranmasına gətirib çıxarırdı. Belə ki, Uzun Hə­sə­nin Qərb müttəfiqlərindən, xüsusilə də Vene­siyadan göndərilən hərbi yardımı almaq üçün Ara­lıq də­nizinə açılan bir dəhlizə eh­tiyacının olması Məmlüklərlə yeni münaqişəyə yol açdı. Bu məqsədinə çatmaq üçün Uzun Həsən Məmlük va­lilərini və vas­sallarını təhdid etməyə başladı [13, 79; 49, 130; 34, 53]. Digər tərəfdən, Uzun Həsənin İslamın mü­qəddəs yer­ləri olan Məkkə və Mədinə şə­hər­ləri üzə­rin­də hakimiyyətə id­dialı olduğunu bəyan etməsi Məm­lüklərlə münasibətlərdə yeni an­la­şılmazlığa yol açdı. Ağqoyunlu hökm­darı bu ad­dımı ilə İslam dünyasının ən böyük güclə­rin­dən biri olduğunu elan etmiş oldu [13, 79; 34, 53].

Bu zaman Şərqi Anadoluda öz nüfuzunu möhkəmləndirmək üçün Osmanlı döv­ləti ilə mübarizəni daha da gücləndirən Ağ­qo­yun­lu hökmdarı, yaxın müttə­fiqi olan Venesiyadan gön­də­ri­lən hər­bi silah və sursatı əldə etmək üçün Qarama­na hərbi yürüş təş­kil etdi. Lakin, 1472-ci ilin avqustunda Yusif Mirzənin başçılığı altında Ağqoyunlu ordusu Beyşehir yaxın­lığında Os­manlılarla döyüşdə məğlu­b oldu və Yusif Mirzə əsir alındı [23, 128].

Aralıq dənizinin Şərqində möhkəmlənmək uğrunda Venesiya ilə müharibəyə başlayan II Mehmed Avropa-Şərq ticarətində inhisar mövqeyə malik olmaq istəyirdi. Osmanlılar nəinki Anadoludan keçən ticarət yollarına, həm də Şərq ilə Qərb arasındakı bütün ticarət yollarına hakim olmağa çalışırdılar [30, 115]. Buna görə də, II Mehmed müxtəlif üsullarla avropalıların Şərqlə ticarətinə mane olurdu. O, Osmanlı Türkiyəsi hüdudlarında toxuculuğun inkişafına ciddi fikir verirdi. Sultan Türkiyəni Şərqdən alınan ipəyi toxuyaraq avropalılara hazır məhsul şəklində satan bir ölkəyə çevirməyə çalışırdı. O, bu məqsədlə, cürbəcür məhdudlaşdırıcı tədbirlərlə Azərbaycandan gətirilən xam ipəyin Osmanlı Türkiyəsindən xaricə aparılmasına maneçilik törədirdi. Azərbaycandan gətirilən xam ipək əlverişli olmayan şərtlərlə Osmanlı tacirlərinə satılmalı idi. Ağqoyun­luların Osmanlı ərazisi vasitəsilə Qərblə ticarət etməyə məcbur olduqlarını yaxşı anlayan II Mehmed Azərbaycan tacirlərindən çoxlu gömrük haqqı alırdı. Azərbaycandan Bursaya gedən ipək karvanlarından iki yerdə (Toqatda və Bursada) gömrük haqqı alınırdı [3, 41; 17, 52; 30, 115].

Azərbaycan tacirləri Toqatda ikinci gömrük vergisindən çox şikayət edirdilər. Uzun Həsən isə bunu Fatehin çıxardığı haqsız bir bidət hesab edir və pisləyirdi [17, 52]. Beləliklə, Ağqoyunlu dövləti ilə Osmanlı Türkiyəsi arasında dərin ticarət ziddiyyətləri vardı. Təbii ki, Ağqoyunlu-Osmanlı qarşıdurmasının siyasi mahiyyətini hər iki tərəfin mühüm beynəlxalq ticarət yollarının keçdiyi Anadolu torpaqlarını öz hakimiyyəti altında birləşdirmək məqsədi təşkil edirdi. Mübarizə bu prosesin sadəcə hansı istiqamətdən və hansı dövlət tərəfindən həyata keçiriləcəyi uğrunda gedirdi [29, 231].

II Mehmed Şərqdə ticarətdə üstünlüyü ələ almağa, imperiya ərazisində inkişaf edən ipəkçilik istehsalını daimi xammalla təmin etmək üçün «Osmanlı iqtisadiyyatının şah damarı olan Təbriz-Toqat-Bursa ipək yolu»nu ələ keçirməyə çalışırdı [18, 515]. Digər tərəfdən iqtisadi cəhətdən böyük əhəmiyyəti olan Şərqi Anado­lunun fəth olunması ilə Osmanlılar Təbriz-Hələb, Təbriz-Bursa ipək yolunun tam nəzarətini ələ keçirmiş olurdular. Şübhəsiz ki, bu iki yol Osmanlı xəzinəsinin böyük gəlir mənbəyi olacaqdı [19, 300]. II Mehmedin Təbriz-Bursa tranzit yolu üzərində hakim olmaq təşəbbüsü Ağqoyunlu dövləti ilə Osmanlı dövləti arasında uzunmüddətli və ağır bir mübarizəyə gətirib çıxaracaqdı [18, 515-516; 30, 116].

XV əsrin 70-ci illə­rin əvvəllərində «Qara­man böhranı» Ağqoyunlu və Osmanlı döv­lətləri arasın­dakı müna­si­bətləri gərginləş­di­rərək mü­ha­ribə vəziyyətinə çat­dırdı.

Ağqoyunlu sultanının Osmanlılara qarşı hərbi əməliyyata başlamağa qərar vermə­sində Qərbi Avropa xristian dövlətlərinin rolu az olmamışdı. 1463-cü ildən Osmanlı döv­lə­ti ilə müharibə aparan Venesiya bütün diplomatik vasitələrdən istifadə edərək Ağ­qoyunlu dövlə­tinin iqtisadi və siyasi maraq­larını nəzərə alaraq Uzun Həsəni Sultan II Mehmedə qarşı mü­haribəyə cəlb etməyə çalışırdı. Qərb dövlətlərinin məqsədi, Ağqoyunlu sultanının hərbi qüv­vələri vasitəsilə osmanlılara şərqdən sarsıdıcı zərbə vurmaq və Fateh II Mehme­din nəzər diqqətini Avropadan şərqə yönəltməklə onunla müharibədə düşmüş olduqları çətin vəziyyətdən xilas olmaq idi. Beləliklə, başda Venesiya olmaqla Avropa dövlətlərinin dü­şün­müş olduğu plan baş tutdu. Şərqi Anadoluda hegemonluq uğrunda Sultan II Mehmedlə siyasi və iqti­sa­di mənafeləri kəsişən Uzun Həsəni Venesiyanın hərbi sahədəki müəyyən vədləri ilə Os­man­lı dövlətinə qaşı müharibəyə cəlb etmək mümkün oldu [31, 55].

Bayandurlu dövlətinin bayraği

Uzun Həsənin apardığı aramsız müharibələr, onun Yaxın və Orta Şərqdə, Avropada istedadlı bir sərkərdə kimi məşhurlaşması da II Mehmedi təşvişə salırdı. Ağqoyunlu hökmdarının hərbi uğurları (Azərbaycan Qaraqoyunlu dövlətini aradan qaldırması, Teymuri Əbu Səidin qoşunlarının darmadağın edil­məsi, Misirlə, gürcü knyazları ilə müharibələrdəki qələbələr) Osmanlı sultanını narahat etməyə bilməzdi. S.Tansel qeyd edir ki, dövrünün böyük sərkərdələrindən biri olan Fateh ləqəbi qazanmış Sultan II Mehmed Ağqoyunlu hökmdarı ilə üz-üzə gəlməkdən çəkinirdi [46, 21].

Topqapı Sarayı arxivində saxlanılan bir məktubda müəllif dəfələrlə (9 bənddə) Uzun Həsəni Teymurla müqayisə edir və Ağqo­yunlu hökmdarının Teymurdan da üstün olduğunu göstərir [46, 302]. Uzun Həsən Avropa mənbələrində də Əmir Teymura bənzədilir, bəzən isə ikinci Teymur adlandırılır [17, 31].

Ağqoyunlu dövlətinin Qərb ölkələri ilə əlaqələrinin genişlən­məsinə Osmanlı imperiyası ilə ziddiyyətlər öz təsirini göstərirdi. XV əsrin 50-60-cı illərində Uzun Həsən Trabzon yu­nan dövləti, Papalıq və Venesiya Respublikası və onların vasitəçiliyi ilə həmçinin, Kipr, Rodos, Macarıstan, Albaniya və b. dövlətlərlə diplomatik əlaqələr yaratmışdı.

Qeyd etmək lazımdır ki, bu dövrdə görkəmli sərkərdə və diplomat olan Uzun Həsən bütün diqqətini Qaraqoyunlu Cahanşaha və Teymuri hökmdarı Əbu Səidə qarşı yönəltmişdi. Bu çətin mübarizədə arxadan – qərbdən təhlükəsizliyini təmin etmək üçün Avropa dövlətləri ilə, xüsusən də bu zaman Osmanlı dövləti ilə müharibə vəziyyətində olan Venesiya ilə geniş əlaqə saxlayır, diplomatik və hərbi xarakterli vədlərlə Qərb dövlətlərini Osmanlı imperiyasına qarşı müharibəyə təhrik edirdi. Bunun nəti­cə­sidir ki, XV əsrin 60-cı illərinin sonuna yaxın həm Qərbdə, həm də Şərqdə Osmanlı imperiyasına qarşı beynəlxalq münasibətlərdə əsaslı dəyişiklik əmələ gəlmədi [27, 110].

Ağqoyunlu hərbi qüvvələri müqaviləyə əməl edərək 1472-ci ilin yayında Qaramanı ələ keçirib Aralıq dənizi sahilinə çıxdılar. Lakin Venesiya vəd etdiyi odlu silahları və artilleriya mütəxəssislərini vaxtında göndərmədi. Əksinə, Ağqoyunlu – Osmanlı müharibəsinin (1472-1473) qızğın çağında Türkiyə ilə gizli – separat danışıq­lara girib, müttəfiqinin qələbələrindən istifadə edərək, Osmanlı sultanından dinc yolla ticarət imtiyazları qoparmağa çalışdı. Nəticədə Osmanlı sultanı özünün bütün hərbi qüvvə­lərini Uzun Həsənə qarşı səfərbər edə bildi və Otluqbelidə mühüm qələbə qazandı [27, 149-150].

Uzun Həsənin hakimiyyəti dövründə Azərbaycan Ağqoyunlu dövləti ilə Avropa dövlətləri, xüsusən də Venesiya arasındakı iqtisadi və siyasi əlaqələr Təbriz şəhəri­nin daxili və xarici ticarətinin inkişafına böyük təsir göstərdi.

XV əsrdə Azərbaycanın xarici ticarətinin əsasını xam ipək təşkil edirdi. X.İnalcığın verdiyi məlumata görə, məhz bu dövr­də Azərbaycandan Bursaya gələn ipək tacirləri arasında azərbaycanlılar üstünlük təşkil edirdilər. Əksəriyyəti Təbriz, Şamaxı, Çuxursəd, Gilan və Şirvandan olan tacirlərlə yanaşı, onlar arasında Yəzd, Şiraz, Qəzvin, Kazerun, İsfahan və Səbzəvardan da tacirlər olurdu. Onların bəziləri Bursada yerləşirdilər. Təbriz kimi Bursa da Azərbaycanda və İrandakı ortaqlarının agenti ki­mi fəaliyyət göstərən azərbaycanlı tacirlərin və sərrafların qərargahına çevrilmişdi. Bunlar ya italyanlar ilə Bursada əlaqə yaradaraq iş qurur, ya da öz təmsilçilərini Balkan ölkələrinə və İtaliyaya yollayırdılar. [20, 279]. Uzun Həsən Avropanın əksər ölkələri ilə sıx ticarət əlaqələri yaratmışdı. Bu əlaqələr heç şübhə yoxdur ki, Şərq ölkələri ilə də qurulmuşdur. Ağqoyunluların ticarət əlaqə­lərinin genişlənməsi Hindistanda fəaliyyət göstərən Bəhməni xanədanlığı ilə əlaqələrin yaranmasına gətirib çıxarmışdır. Bu əlaqələr, XV əsrin II yarısında hindlilərin mal mübadiləsi ehtiyacını təmin etmək məqsədilə Ağqoyunlu və Bəhmən sarayları arasın­da əldə olunan razılıq nəticəsində mümkün olmuşdur. Mahmud Gavanın Uzun Həsənə göndərdiyi məktublarda ticarət əlaqələ­rinin inkişaf etdirilməsi ilə bağlı müəyyən təkliflər öz əksini tapmışdır [4, 12; 36, 219].

Qeyd etmək lazımdır ki, Uzun Həsənin xarici ticarətə xüsusi önəm verməsi, onun ölkənin iqtisadi inkişafı üçün mühüm əmək sərf etdiyini göstərir. Lakin onun Otluqbeli döyüşündə Osmanlı Sultanı II Mehmedə məğlub olması iri feodalların, xüsusən də köçəri hərbi əyanların mərkəzi hakimiyyətə qa­rşı mübarizəsinə səbəb oldu. İri əmirlərin mərkəzi hakimiyyətə tabe olmaması, Ağqoyunlu dövləti üçün ciddi təhlükə yaratmağa başladı. Yerli tayfalara məxsus soyğunçu dəstələr ticarət karvanlarını soyurdular. Buna görə də, Uzun Həsən Qaraqoyunlu Cahanşah və Teymuri Əbu Səid üzərindəki qələbədən sonra bir müddət mərkəzi hakimiyyətə tabe olmayan bu tayfaların müqavimətini qırmağa çalışaraq ticarət yollarının əmin-amanlığını təmin etməyə çalışmışdır. [8, 428-430; 39, 492; 36, 219].

Ağqoyunlu dövlətinin tanınmış üləmalarından Cəlaləddin Dəvvani Uzun Həsənin uzaq yerlərdən gələn tacirləri himayə etməsini yüksək qiymətləndirir. K.Paydaşın fikrincə, hökmdar bu hərəkəti ilə insanların sevgisini qazanacaq, tacirlərin himayəçisinə çevriləcək, nəticədə ölkəsinin rifahı yüksələcəkdir [36, 215]. Uzun Həsənin gömrük qanunlarında tez-tez firəngi atlaslarının, qumaşlarının adları çəkilir ki, bu da Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə geniş ticarət əlaqələri olduğunu sübut edir [9, 264-265; 25, 8].

Tarixi mənbələrdə Azərbaycan Ağqo­yunlu hökmdarı Uzun Həsənin şəxsiyyəti ilə bağlı mühüm fikir­lər öz əksini tapmışdır. Uzun Həsən türk tarixində önəmli yer tutan böyük sərkər­dələrdən biri idi. O, düşmənə vaxtında hücum etmək taktika­sın­dan istifadə edərək qələbəni öz xeyrinə təmin etməyi bacarırdı. O, böyük əmək sərf etməsinə baxmayaraq, odlu silahları əldə etməsə də, seçmə süvari ordusu ilə Qaraqoyunlu və Teymuri qoşununu ağır məğlubiyyətə uğrada bildi. Uzun Həsən məhz bu hərbi uğurları ilə Cingiz və Əmir Teymur kimi cahangirlər arasında yer almışdır [13, 109].

Böyük hökmdar cümə axşamları tanınmış elm adam­larını sarayına toplayaraq xüsusi elmi müzakirələr keçirərdi. Tanınmış riyaziyatçı və astronom Əli Quşçuya böyük iltifat göstərmiş, hətta onu elçi kimi Osmanlı sultanı Fateh II Mehme­din yanına göndərmişdi. Ağqoyunlu tarixini qələmə alan Əbu­bəkr Tehrani hadisələrin çoxunu məhz ondan dinləyərək yaz­mışdır [43, 24; 45, 20; 12, 843; 13, 110].

Uzun Həsən xalqa qarşı mərhəmətli olmasına görə dövrü­nün bütün mənbələrində adil Sultan adı ilə tanınmışdır. F.Sü­merin qeyd etdiyi kimi, o, döyüşlərdə və həyata keçirdiyi hərbi yürüşlər zamanı ələ keçirilən əsirləri sərbəst buraxardı. O, Qaraqoyunlu Cahanşahın hərbi düşərgəsinə hücumu zamanı ələ keçirilən Qaraqoyunlu əsgərlərini dərhal azad etmişdi [43, 24; 45, 19].

Uzun Həsən yüksək milli şüura sahib olan bir hökmdar idi. Bir insanın xalqını sev­məsi, onun dilinə, tarixi ənənələrinə dəyər verməsi, onun xalqına bağlı olmasından və güclü şəxsiyyət olmasından irəli gəlir. Xalqını sevmək, onun mədəniyyətinə dəyər vermək fəzilətlərin ən yüksəyi hesab edilir. Uzun Həsən Oğuz elinə və onun Bayandur boyuna mənsub olmasından qürur duyurdu. Onun müasiri olan Osmanlı sultanlarında babaları olan Oğuzlara qarşı bir sevgi mövcud olsa da, onlardan heç biri türk soyundan olduğunu açıq şəkildə söyləməmişdir [43, 24-2545, 19; 13, 110].

Uzun Həsən Ba­yandur boyunun tamğasını dövlətin rəsmi tamğası kimi qəbul etmiş və zərb etdiyi pullarına, rəsmi məktublarına, bayraqlarına onu vurdurmuşdur. Onda milli duyğuların yüksək olduğunu türk dilinə xüsusi önəm verməsi də bir daha göstərir. Onun kitab­xanasında Mövlananın “Məsnəvisi”nin, Aşıq Paşazadənin “Qə­rib­naməsi”nin olması və Quranı türkcəyə tərcümə etdirməsi bu­nu təsdiq edir [43, 24-25; 45, 20].

Dövrün qaynaqları Uzun Həsənin Quranı türkcəyə çevirtdirərək hüzurunda oxutdurması barədə məlumat verir. F.Sümer Uzun Həsənin Quranı ibadət zamanı oxunmaq üçün türkcəyə çevirt­diyini və o zaman din xadimləri və üləmanın buna qarşı çıx­masına görə onun təşəbbüsünün baş tutmadığını yazır [42, 159-160]. Z.V.Toğan isə tarixçi Lariyə istinadən yazır ki, Uzun Həsən Quranı türkcəyə tərcümə etdirərək oxutdurmuşdur [47, 381]. Son illərdə aparılan araşdırmalar Z.V.Toğanın haqlı olduğunu göstərir. M.R.İsmayıl­zadə digər araşdırmalar və mətnə istinadən Uzun Həsənin əmri ilə tərcümə edilərək yazılmış Quranı müəyyənləşdirmiş və onu araşdırmaya cəlb etmişdir. Bu Quranın bir nüsxəsi İranın Məşhəd şəhərində İmam Rza adına muzeydə saxlanılır. Onun mətni tərcümə zamanı bir neçə türk ləhcələrinin sözlərindən müqayisəli şəkildə istifadə olunduğunu göstərir [bax: 21, 449-451].

Misir əmiri Yaşbəyin xüsusi tapşırığı ilə Təbrizə Ağqo­yunlu sarayına səfir olaraq gəlmiş Məhəmməd əl-Hələbi isə şəxsən Uzun Həsən tərəfindən qəbul edilmişdi. Müəllifin yazdı­ğına görə, Ağqoyunlu hökmdarı hər cümə axşamı Təbrizin ülə­ma­larını toplayırdı və bu məclislərdə İmam əl-Buxarinin “əl-Camiüs-səhih” əsərindən hədislər oxunurdu. Misir elçisinin iştirak etdiyi toplantıya Təbriz, Şiraz, Bağdad və Səmərqənd üləmaları dəvət edilmişdi. Elçinin qeydinə görə, padşahın anla­ması üçün oxunan hədislər türkcəyə tərcümə edilirdi [Bax: 2, 51-53; 29, 285]. F.Sümer yazır ki, Uzun Həsənə görə müqəd­dəs kitabı türkcə oxumaq da bir ibadətdir və onunla da savab qazanmaq olar. Türk tarixində Uzun Həsən kimi eyni fikri bölüşən ikinci bir hökmdar yoxdur [43, 24].

Ağqoyunlu hökm­darı Uzun Həsənin Azərbaycana və daha sonra da İran və İraqa sahib olması mənəvi həyata yeni bir can vermişdi. Dövlətini qüvvətli əsaslara bağlamaq istəyən Uzun Həsən çox mükəmməl idarə və hərbi təşkilat yaratdığı kimi, ölkəsində elmin və mədəniyyətin inkişafına da böyük önəm verdiyindən, hər tərəfdə mədrəsə, imarət və sair müəssisələr yaratmışdı [50, 224; 11, 208]. Uzun Həsənin yaratmış olduğu Azərbaycan Ağqoyunlu dövləti türk siyasi, hərbi, maliyyə, sosial və mədəniyyət tarixində önəmli iz qoymuşdur. Onların yaratmış olduqları memarlıq və sənət əsərləri Anadoludan Azərbaycana, İraqdan Xorasana qədər geniş bir ərazidə günümüzə kimi gəlib çatmışdır [11, 212].

Ağqoyunlu hökmdarı Uzun Həsən elmi mübahisələrə qatılacaq qədər dərin elmi biliklərə malik olmuşdu. O, həmişə elm, din və sənət adamlarını himayə etmiş, onlara qayğı göstərmişdi. XV əsrdə İslam dünyasının mühüm mərkəzlərindən biri olan Təbriz şəhərində Uzun Həsənin açdırdığı Nəsriyyə mədrəsəsi onun elm və mədəniyyət mərkəzi kimi inkişaf etməsində mühüm rol oynamışdır [13, 227].

Məclislərində elmi mübahisələrə geniş yer verən, yüksək dünyagörüşə sahib olan Uzun Həsənin şəxsi kitabxanasında çalışan vəzifə sahiblərinin 58 nəfər olduğunu nəzərə alsaq, bu böyük Şərq hökmdarının elmə necə böyük hörmət bəslədiyinin şahidi oluruq. Uzun Həsən musiqiyə də böyük qayğı göstərirdi və hərbi səfərlərində “Əhli tarab” adını verdiyi və 98 nəfərdən ibarət olan saz heyətini həmişə yanında aparırdı [50, 225].

S.Ərşa­hin yazır ki, Uzun Həsən Təbrizdəki sarayında təşkil etdiyi elmi məclislərdə iştirak edən alimlərə hörmətlə yanaşır, hər kəsi dinləyərək fikirlərinə xüsusi önəm verən bir şəxs kimi diqqəti cəlb edir. Şübhəsiz ki, dövlətin ictimai-iqtisadi, siyasi və mədəni həyatında dərin iz qoyan Uzun Həsən XV əsr türk-islam dünyasının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir [13, 109].

Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsənin dövrünün tanınmış alimlərini, din xadimlərini, sənətkarlarını himayə etməsini dövrün mənbələri təsdiq edir. 1471-ci il iyunun 20-də Uzun Həsənin Təbrizə daxil olduğu zaman gördüyü işləri təsvir edən Əbubəkr Tehrani yazır: “Sahibqran… uğurlu bir saatda Təbriz şəhərinə daxil oldu və Azərbaycan diyarını öz qədəmləri ilə şərəfləndirdi. O diyarın fəqir və miskinlərinin üzünə xeyrat və ehsan qapılarını açdı. Bir neçə gün ardıcıl şəkildə etibarlı adamlara böyük məbləğdə vəsait verdi ki, ölkənin alimlərindən, möminlərindən, dərvişlərindən kimin nə qədər ehtiyacı varsa, onlara paylasın. Hər gün ariflərin başçısı Baba Əbdürrəhmanın dərvişləri üçün təşkil olunmuş yerdə halal süfrələr açıldı və dərvişlər tam asudəliyə çıxdılar. Hər cümə günü axşamlar ətraf yerlərdən öz ehtiyaclarını bildirmək üçün gələn alim və əyanlar Sahibqranın məclisinə dəvət olunurdu. Sahibqran öz söhbətləri ilə hamını feyzyab edir, təam və ənam verirdi” [47, 296].

Uzun Həsən təsəvvüfi zümrələrə xüsusi diqqət yetirmişdi. O, təsəvvüfü bir zövq və tərbiyə metodu kimi qəbul edərək hakimiyyətlərini xalqın gözündə yüksəltməyin əsas vasitəsi hesab edirdi [13, 162]. Ağqoyunlu sarayının təsəvvüf zümrələri və təriqət­lərlə əlaqələri Uzun Həsən dövründə başlamışdır. Onun təsəvvüfə olan yaxınlığını ölkədə 4 min təkkə və zaviyəni tikdirdiyi və ya açdırdığı təsdiq edir [15, 104; 13, 162]. Uzun Həsən bütün həyatı boyu fərq qoymadan hər məsləkdən və məzhəbdən olan təriqət rəhbərlərinə hörmət göstərmişdir. Bunlar arasında Səfəviyyə, Xəlvətiyyə, Gülşəniyyə, Nəqşbəndiyyə, Nurbəxşiyyə və Bayramiyyə təriqətləri önəmli yer tuturdu.

Uzun Həsəni böyük hörmət bəsləyidi təsəvvüf rəhbərlərindən biri Baba Əbdürrəhman Şami idi. O, Uzun Həsənə ilahi yardım vəd etməklə, gələcəkdə qazanacağı qələbələr barədə xəbər verməklə mühüm şöhrət qazanmışdır. Baba Əbdürrəhman Uzun Həsənin Teymuri hökmdarı Əbu Səidə qarşı apardığı mübarizədə qalib gələcəyini öncədən söyləyərək “İran və Turan sənindir” demişdir [47, 254; 13, 164].

Uzun Həsənin xüsusi hörmət bəslədiyi təriqət şeyxləri arasında Dədə Ömər Rövşəni və xəlifəsi İbrahim Gülşəni önəmli yer tutur. Ömər Rövşəni on ilə yaxın Qarabağda yaşamışdı. Qarabağda olduğu zaman Uzun Həsənin qardaşı Üveys, İbrahim Gülşəni və Şah Qubad Şirvani kimi mühüm davamçıları Ömər Rövşəni ilə burada görüşüb ona bağlanmışdılar. Ömər Rövşəninin Qarabağdakı səmərəli fəaliyyəti onun Ağqoyunlular tərəfindən tanınmasını təmin etmiş, nəticədə Təbrizə dəvət olunmuşdur [39, 160; 13, 170-171]. Mühyi Gülşəni Uzun Həsənin qardaşı və Ömər Rövşəninin müridi olan Üveysin dərviş qiyafəsi ilə Təbrizə gəldiyini, sultanın qardaşından başındakı tacın hansı təriqətə aid olduğunu soruşanda: “Ömər Rövşəninindir”- deyib bu şeyxi tərifləyərək ondan bəhs etdiyini, Uzun Həsənin onu görmək istədiyini və onu dəvət etmək üçün İbrahim Gülşənini Qarabağa göndərdiyini bildirir. Qarabağa gedib Ömər Rövşəni ilə görüşən İbrahim Gülşəni bu zaman şeyxdən təsirlənərək ona bağlanmışdır. 1475-ci ildə o, Uzun Həsənin də­vəti ilə Təbrizə gəlmişdir [24, 108-109; 39, 160; 13, 172].

Uzun Həsənin qazıəsgəri Molla Həsənin yardımı ilə Təb­rizdə mədrəsə təhsili alan İbrahim Gülşəni burada Molla İbrahim adı ilə tanınmışdır [16, 25; 13, 171; 39, 160-161].

Təbrizdə olduğu illərdə getdikcə etibarı artan İbrahim Gülşəni Təbriz qazısı Şərafəddin ilə aralarında olan bir hadisəyə görə Uzun Həsənlə tanış olma imkanı tapdı. Qazi Əli üləma və əmirlərin yığıncağında üzərində Uzun Həsə­nin möhürü olan və Təbriz qazısı Şərafəddin tərəfindən divanda hazırlanmış, xalqa zülm edilməsini nəzərdə tutan bir fərmanı nümayiş etdirmişdi. İbrahim Gülşəni fərmanı alaraq toplantıda oxumuş və “Belə bir zülmə Sultan Həsən razı olarmı?” deyə soruşmuşdur. Təbii ki, hamı ədalətli olan Uzun Həsənin belə bir zülmə razı olmayacağını bildirmişdir. Bu zaman İbrahim Gülşəni: “Mənim tanrıdan başqa heç kimdən qorxum yoxdur. Sultanın möhürünün belə bir zülmnamədə olması uyğun deyildir” deyərək onun möhür qismini qoparıb öpərək çalmasına taxmışdır. Cırılmış fərmanı alan Şərafəddin sultana şikayət etmişdi. Şikayətə baxmaq üçün toplanan divan üzvləri İbrahimdən sultanın fərmanını deşməsinin səbəbini soruşduqda, o, bu cavabı ver­mişdi: “Mən sultanın fərmanını cırmadım, əksinə onun mö­hü­­rü zülm hökmünün üzərinə vurulmuşdu, onu ayırdım. Sulta­nın adı budur” deyərək onu çıxarıb vermişdi. Buna görə, Uzun Həsən ona “tərxan” adını vermişdir [16, 26-28; 13, 171-172]. O, bir müddət sonra Ağqoyunlu hökmdarı tərəfindən Hüseyn Bayqara ilə əldə edilən sülh danı­şıqlarında iştirak etmək üçün Herata göndərildi. Bundan əlavə, Uzun Həsən Şiraza vali təyin etdiyi oğlu Xəlil Mirzənin xalqa etdiyi zülmün qarşısını almaq üçün onu Şiraza da göndərmişdi [16, 30; 13, 172; 39, 161].

Kiçik yaşlarından başlayaraq həyatı daim mübarizə meydanında keçməsinə baxmayaraq, böyük hökm­dar – Uzun Həsən milli mənəviyyata, elmə böyük qiymət vermiş, dövrünün alimlərini, elm və din xadim­lərini himayə etmişdir.

                     İstifadə olunmuş ədəbiyyat

1. Aka I. Timur ve devleti. TTK Basımevi, Ankara, 1991, 172 s.

2. Aл-Халаби Мухаммед. Поход Эмира Йашбека. Перевод с арабского языка акад. З.М. Бу­ни­ятова и Т.Га­са­но­ва. Баку, Элм, 1985.

3. Anhegger R. Mehmed b. Halilül Kunevinin «Tevarihi Alı Osmani». //Tarih dergisi. c.II, sayı 3-4. İstanbul. 1950.

4. Aubin J. Les Relations Diplomatiques entre les Aq-qoyunlu et les Bahmanides. //İran and Islam. ed. C.E.Bosworths. Edinburgh University Press, 1971.

5. Azərbaycan tarixi. Yeddi cilddə, c.3, Bakı, Elm, 1999, 584 s.

6. Baykal B.S. Uzun Hasanın Osmanlılara karşı kati mücadileye hazırlıkları və Osmanlı-Akkoyunlu harbinin başlanması. //TTK. Belleten, c. XXI, sayı 82. Ankara, 1957, s. 261-296.

7. Barkan Ö.L. Osmanlı devrinde akkoyunlu hükümdarı Uzun Hasan Bege ait kanunlar. //Tarih vesikaları. I/2, 91-106, I/3,184-197, Ankara, 1941.

8. Бидлиси Ш.Ш. Шараф-наме. т. I. Пер., предисл., примеч., прил. Е.И. Василевой, М., Наука, 1967, 619 с.

9. Dalsar F. Türk sanayi və ticaret tarihində Bursada ipekçilik. İstanbul, 1960.

10. Эфендиев О.А. Институт суюргаль и централис­ти­ческая политика прави­телей Ак-коюнлу и первых Сефевидов. //В кн. Формы феодальной земельной собственности и владения на Ближнем и Среднем Востока. М., 1979.

11. Erdem İ., Paydaş K., Akkoyunlu devleti tarihi. Siyaset-Teşkilat-Kültür. Birleşik Yayınevi, Ankara, 2007, 204 s.

12. Erdem İ., Uyar M. Akkoyunlular. Akkoyunluların tarih sah­nesine çıkışı. //Türkler. c.VI. Yeni Türkiye Yayınları. Ankara, 2002, s. 873-881.

13. Erşahin S. Akkoyunlular. Siyasal, kültürel, ekonomik ve sosyal tarih. Ankara, 2002, 317 s.

14. Fərzəliyev Ş.F. Azərbaycan XV-XVI əsrlərdə. Bakı, Elm, 1983, 152 s.

15. Hinz V. Uzun Hasan ve Şeyh Cüneyd. Ceviren T. Biyiglioğlu. TTK Basımevi, Ankara, 1992, 169 s.

16. Gülşeni M. Menakib-i İbrahim-i Gülşeni. Neşr. Tahsin yazıcı. Ankara, 1982.

17. İnalcık H. Burca: XV asırda sanayi ve tarihine dair vesikalar. //TTK, Belleten. c. XXIV, sayı 93. Ankara, 1960, s. 45-102.

18. İnalcık H. II Mehmed. //İslam Ansiklopedisi, c.VII. İstanbul, 1988, s. 506-535.

19. İnalcık H. Osmanlılar. //İslam Aksiklopedisi, c. 12/I. İstanbul, 1988.

20. İnalcık H. Osmanlı imperatorluğunun ekonomik ve sosial tarihi. Cilt 1, 1300-1600. İstanbul, 2004.

21. İsmayılzade R.M. Uzun Hasan devrinde toplanmış Kurani-Kerimin türk dillerine tercümesi. //“I Uluslararası Oğuzlardan Osmanlıya” Diyarbakır sempoziumu. 20-22 mayıs 2004. Belirtiler. Diyarbakır, 2004, s. 449-451.

22. Konukçu E. Hindistandakı türk devletleri. //Doğuşundan günümüze böyük islam tarihi, c. IX, Konya, 1994.

23. Konukçu E. Otluqbeli paneli. Otlukbeli Belediyesi Yayın­ları, Ankara, 1997, 160 s.

24. Konur H. İbrahim Gülşeni. İstanbul, 2000.

25. Mahmudov Y.M. Azərbaycanın Avropa ölkələri ilə əlaqə­ləri. Bakı, Azərbaycan Dövlət Universiteti, 1986, 96 s.

26. Mahmudov Y.M. Sara Xatun. //Azərbaycan diplomatiyası. Bakı, 1993.

27. Mahmudov Y.M. Azərbaycan diplomatiyası. Bakı, Təhsil, 2006, 416 s.

28. Мустафаев Ш. Восточная Анатолия от Ак-коюнлу к Османской империи. М., Восточная литература РАН, 1994, 224 s.

29. Mustafayev Ş.M. Səlcuqilərdən Osmanlılara: XI-XV yüzilliklərdə Anadolunun türk mühihitində etnosiyasi proseslər. Bakı, Elm, 2010, 332 s.

30. Nəcəfli T.H. Ağqoyunlu – Osmanlı münasibətləri məsələsi müasir türk tarixşünaslığında. // Azərb. EA Xə­bərləri. Tarix, fəlsəfə və hüqüq seriyası, 1994, №1-4, s. 114-119.

31. Nəcəfli T.H. Türkiyə tarixşünaslığında Ağqoyunlu – Osmanlı müharibəsi­nin tədqiqinə dair. // AMEA Fəl­­­səfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda keçirilən «Şah İsmayıl Xətainin ədəbi ir­sin­də bədii-fəlsəfi, ictimai-siyasi görüşlər» adlı elmi praktik konfransın materialları. // Re­nes­­sans, Bakı, 2006, №3-4, s. 54-60.

32. Nəcəfli T.H. Seyfəddin Ərşahinin «Ağqoyunlular. Siyasi, mədəni, iqtisadi və sosial tarix» monoq­­ra­fi­yası haqqında bəzi qeydlər. // Azərbaycan tarixi muzeyi – 2005. Bakı, 2005, s. 60-68. (O.Əfən­diyevlə birgə).

33. Nəcəfli T.H. Saray Khatun. //«Азербайджан и азербайджанцы», Baku, 2006, №1-4, p. 87-91.

34. Nəcəfli T.H. XV əsrin II yarısında Ağqoyunlu-Məmlük münasibətlərinin müasir Türkiyə tarixşünaslığında tədqi­qinə dair. //Azərbaycan EA Xəbərləri, Ta­rix, fəlsəfə və hü­quq seriyası, 2010, №12, s. 45-60.

35. Nəcəfli T.H. Azərbaycan Qaraqoyunlu və Ağqoyunli dövlətləri. Bakı, Çaşıoğlu, 2012, 604 s.

36. Onullahi S.M. XIII-XVIII əsrlərdə Təbriz şəhəri (Sosial-iqtisadi tarixi). Bakı, Elm, 1982, 280 s.

37. Paydaş K. Ak-Koyunlular döneminde ticaret. //Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya fakultesi Tarih Araştırmaları Dergisi, sayı 36, Ankara, 2004, s.213-223.

38. Петрушевский И.П. Государства Азербайджана в XV века. //Сборник статьей по истории Азербайджана. Выпуск I. Баку, 1949, с. 144-213.

39. Rıhtım M. Seyid Yəhya Bakuvi və xəlvətilik, Bakı, 2005.

40. Rumlu H. Ahsenüt-tevarih. Çeviren: Mürsel Öztürk. TTK Yayınları, Ankara, 2006, s. 648.

41. Sümer F. Anadoluda Moğollar. //Selçuk Araştırmaları dergisi. c. I. Ankara, 1970, s 1-147.

42. Sümer F. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolu. Güven matbaası, Ankara, 1992, 232 s.

43. Sümer F. Ak-koyunlular. //Türk Dünyası Araştırmaları, sayı 40. İstanbul, 1986, s. 1-38.

44. Sümer F. Ahmed Akkoyunlu hökmdarlarından. //Türk Dün­yası Araştır­malan. sayı 47. İstanbul, 1987, s. 9-12.

45. Sümer F. Aztanınmış bir türk hökmdarı Uzun Hasan. //Türk Dünyası Tarih dergisi, sayı 19. İstanbul, 1988, s. 14-20.

46. Tansel S. Osmanlı kaynaklarına görə Fateh Sultan Mehmetin siyasi və aşkeri faaliyyeti. TTK Ba­sımevi, Ankara, 1953, 356 s.

47. Tehrani Ə. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz, şərhlər və göstəricilər Rəhilə Şükürovanındır. Bakı, 1998.

48. Toğan Z.V. Ümumi Türk tarihine giriş. c. I. En eski devirden 16. Asra kadar. Enderun kitabevi, İstanbul, 1970, 539 s.

49. Uzun Hasan-Fateh Mucadilesi Döneminde Doğuda Venedik Elçileri. Caterino Zeno ve Ambrogio Con­­tarininin Seyahatnameleri. Çeviri ve notlar: Tufan Gündüz. Yeditepe Yayın­ları, İstanbul, 2006.

50. Uzunçarşılı İ.H. Anadolu Beylikeri ve Akkoyunlu, Karakoyunlu devlet­leri. TTK Bаsımevi, Аnkаrа, 1969, 297 s.

51. Заходер В.Н. История восточного Средневековия (Халифать и Ближний Восток) М., 1944.


Müəllif: Milli Kimlik Araşdırmaları qrupunun üzvü, Güntəkin Nəcəfova

Write A Comment